Hadisə manset

“Günəşli”dəki neftçilərin meyiti 4,5 ildən sonra tapıldı – Rəsmi

Xəzər dənizində boru kəmərlərinin monitorinqi həyata keçirilən zaman 190 metr dərinlikdə kəmərin alt hissəsində iki insan cəsədi aşkarlanıb. Tapılan cəsədlər 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı itkin düşmüş 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğluna və 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğluna məxsusdur.

Bu barədə Xəbəral.az -a açıqlamasında SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov deyib.

O bildirib ki, cəsədlərin üstündə mərhumların şəxsiyyət vəsiqələri olub və həmçinin ailə rəyləri də onların kimliyini təsdiqləyib:

“Boru kəmərinin inspeksiya işləri tam dayandırılıb, cəsədlər bir neçə gün ərzində 190 metr dərinlikdən müvafiq avadanlıqlarla çıxarılaraq, Su Nəqliyyatında Baş Polis İdarəsinə təhvil verilib. Ölüm faktı təsdiqlənən həmkarlarımıza və bütün Günəşli faciəsi qurbanlarına bir daha Allahdan rəhmət diləyirik”.

Meyitlərin çürüməməsi və tanınır halda olması isə təəccübə səbəb olub.

İddiaya görə, meyiti tapılan neftçilərdən biri Əyyub Xəlil oğlu Əliyev (42 yaş) və Əbdüləziz İsmayıl oğlu Əbdüləzizovdur (61 yaş).

Qeyd edək ki, “Günəşli” yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb.

Bu hadisə ilə əlaqədar olaraq 6 dekabr Azərbaycanda matəm günü elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir