Siyasət

Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb.

Sharing is caring!

Azərbaycanın Qarabağ Zəfərindən sonra Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da birlik amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Dövlət başçımız, eyni zamanda, bildirir ki, türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. 
     Türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri artıq davamlı xarakter alıb. Aprelin 24-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri də bir çox məqamlara aydınlıq gətirdi. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatında bildirib ki, qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Dövlətlərarası Şuranın ikinci iclası uğurla keçdi. İmzalanmış sənədlər qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək. Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir. Prezident İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi oldu. Səfər çərçivəsində ümumilikdə 18 sənəd imzalandı. Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək. İmzalanan sənədlər ikitərəfli münasibətlərin gələcək inkişafını müəyyən edəcək. Onlardan hər biri böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun imzaladıqları Dövlətlərarası Şurasının ikinci iclasının Qərarını və Birgə Bəyannaməni xüsusi qeyd etməliyik. Qırğızıstan Prezidenti Sadır Japarov Birgə Bəyannaməni xüsusi qeyd edərək bu mühüm sənədi praktikada müəyyən olunan Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterinin rəsmi şəkildə təsbit etdiyini diqqətə çatdırdı. İmzalanan sənədlər iki ölkənin ikitərəfli münasibətlərinin möhkəm qanunvericilik bazasını yaradır.

Hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir. Ticarət dövriyyəsi dəfələrlə artır. Dövlət başçımız bildirib ki, potensialın artması tendensiyası da mövcuddur. Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə – 25 milyon dollardan 100 milyon dollara qədər artıb. 100 milyon dollar da son hədd deyil. Müvafiq hökumət strukturları tərəfindən birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün tədbirlər görülür. İnvestisiya siyasəti üzrə digər formalara da müraciət olunacaqdır. Artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. 
     Ölkələrimiz arasında sıx münasibətlərin daha bir nümunəsi isə Milli Məclisdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, Qırğızıstan Joqorku Keneşində (Parlament) isə Qırğızıstan-Azərbaycan əməkdaşlıq üzrə dostluq qrupunun fəaliyyət göstərməsidir.
     Bütün bunlar onu göstərir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana yenidən səfər etməsi iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına şərait yaradacaq.

Tariel Atamalıyev, 
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir