Cəmiyyət

Hasar üçün abidə? – Naməlum türk şəhidin məzarlığında qəribə dəyişiklik – VİDEO

Sharing is caring!

Bakı-Şamaxı avtomobil yolunun kənarında kimsəsiz türk zabitinin xatirəsinə qoyulan abidə hasarlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə paylaşılıb. Teleaparıcı Kamran Həsənlinin paylaşdığı video Bakı-Şamaxı avtomobil yolunun kənarında, Acıdərə vadisində lentə alınıb.

K.Həsənli bununla bağlı Şamaxı İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara səslənərək abidə üzərində yazılanları hər kəsin oxuya bilməsi üçün istiqamətini dəyişmələri ilə bağlı müraciət ünvanlayıb:

“İnsanların bunu görməsi, oxuması və türk zabitinin abidəsi önündə dayanaraq ona hörmət əlamətini bildirmələri üçün abidə və üzərində yazılan məlumat yola tərəf qoyulsa, daha yaxşı olar”.

Qeyd edək ki, məzarın Nuru paşanın komandanlığı altında 1918-ci ildə Azərbaycan xalqına qardaşlıq köməyinə gəlmiş Qafqaz İslam Ordusunun (QİO) döyüşçüsü olan naməlum türk şəhidinə aid olduğu deyilir.

Bəzi mənbələrə görə, Şamaxının Təklə kəndinin Məlik Məmməd adlı sakini bu qəbri abadlaşdıraraq, üstünü götürüb. Qəbir 1964-cü ildə yenidən abadlaşdırılıb. Bu dəfə belə bir qayğını əslən şamaxılı olan Bakı sakini Babaxan Qara oğlu Rzaxanov öz üzərinə götürüb.

Türk əsgərinin qəbrinin üstü və ətrafı sonuncu dəfə 2000-ci ildə abadlaşdırılıb. Bu işin təşəbbüsçüsü Türkiyənin Azərbaycandakı hərbi attaşesi tuğgeneral Sadık Ercan olub. Qəbrin abadlaşdırılması və yaxınlıqdakı meydançada QİO-nun şəhid olmuş döyüşçülərinə qoyulmuş abidə türk mütəxəssisləri tərəfindən layihələndirilib. Abadlaşdırma işləri zamanı qəbrin ətrafı möhkəmləndirilib, kənarlarına daş döşənib və önündə Azərbaycanın və Türkiyənin bayraqları qaldırılıb.

Qəbrin üzərinə Bəxtiyar Vahabzadənin yazdığı şeir həkk olunub, lakin o, məzar daşının arxa hissəsinə düşdüyündən yoldan keçən şəxslər bunu görmürlər. Bundan əlavə, qəbrin ətrafına çəkilən dəmir hasar məzar daşının üzərinə yazılanların aydın oxunmasının da qarşısını alır.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir