Dünya

Lazerlə raketi vura bilməzsən…

Sharing is caring!

Qan Turalı yazır…

Ötüb-keçən hər şey tarixdir, ancaq hər şey tarixi deyil. Bəzən aylar, illər hətta əsrlər keçsə də tarixin yaddaşında o illərdən heç nə qalmır. Əlbəttə ki, söhbət tarixin yaddaşından gedir, XVI Lüdoviqin yanaşmasından yox.  Bir şəhər əfsanəsinə görə, XVI Lüdoviq 1789-cu ilin 14 iyulunda gündəliyinə belə yazmışdı: “Bu gün əhəmiyyətli bir şey olmadı”. Halbuki həmin gündə təsiri indiyə qədər hiss edilən Fransa Burjua İnqilabı baş vermişdi…

2022-ci ilin əvvəlindən başlayaraq dünyada yeni bir “Soyuq müharibə”nin başladığını açıq şəkildə görmək mümkündür. Doğrudur, XXI əsrin “Soyuq müharibə”si XX əsrdəkindən bir çox cəhətləri ilə fərqlənir. Ancaq aktyorlar eyni, ssenarilər oxşar, hekayə isə çox başqadır. 

Keçən əsrin əhvalatların birindən bəhs etmək yerinə düşər. Bəlkə o əhvalat bu günə də bir işıq tutacaq, bəlkə də yox. Bunun elə bir fərqi də yoxdur. Çünki əhvalat özü-özlüyündə yaxşı əhvalatdır. 

Əhvalatın xalq arasında adı “Ulduz müharibəsi”dir, rəsmi adı isə Strateji Müdafiə İnsiativi (SDİ-Strategic Defense Initiative). Layihəni ABŞ prezidenti Ronald Reyqan 1983-cü ildə elan etmişdi. Müasir texnoloji inkişaf dövründə belə  SDİ insanda heyrət və təəccüb doğurur. Belə ki, SDİ kosmosda yerləşdirilən peyklərdən göndəriləcək lazer şüaları ilə SSRİ-nin ABŞ-a atacağı qitələrarası ballistik raketlər göyün yeddinci qatında, ABŞ-a çatmamış zərərsizləşdiriləcəkdi. Hər şey çox möhtəşəm görünsə də kiçik bir problem vardı: Elm belə bir lazer silahı hazırlayacaq qədər inkişaf etməmişdi. Amerika Fiziklər Dərnəyinin hazırladığı hesabata görə belə bir layihənin gerçəkləşməsi üçün bir neçə onillik lazım idi. Onlara çox da qulaq verən olmadı, çünki layihə nəhəng bir təbliğat vasitəsinə çevrilmişdi. 

İdeyanın arxasında isə bir rus dayanırdı: Oleq Qordiyevski. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) zabiti olan Qordiyevski Böyük Britaniya kəşfiyyatı ilə əməkdaşlıq edirdi. Bu əməkdaşlıq haqqında KQB-də şübhələr yarandıqda Qordiyevski İngiltərəyə qaçmışdı. Onun yazdığı raportlar Marqaret Tetçerə, daha vacibləri isə Ağ Evə ötürülürdü. “Ulduz müharibəsi” də onun beyninin məhsulu idi. ABŞ-ın həvəslə icra etdiyi planın məqsədi SSRİ-ni “Ulduz müharibəsi” adlı absurd plana cəlb edərək ölkənin hərbi xərclərini maksimum artırmaq və bununla da Sovet iqtisadiyyatını baltalamaq idi. Sonralar bunu ingilis bürokratlar da etiraf edəcəkdi. 

Kiçik bir arayış: 1971-ci ildən 1988-ci ilə qədər SSRİ dünyada ən yüksək hərbi büdcəsi olan birinci dövlət idi. 1980-ci illərdə Sovet büdcəsinin 15-17 faizi hərbi xərclərə ayrılırdı. Misal üçün, 1988-ci ildə hərbi xərclərə  69 milyard dollar sərf edilmişdi. Həmin dövrü gözəl xatırlayıram. Yağ, qənd talonla verilirdi. 

Bəs ABŞ proqramı elan etdikdə Moskvada nələr baş verdi? Sovet hökuməti məsələyə son dərəcə ciddi yanaşaraq mütəxəssislərdən komissiya təşkil etdi. Komissiyanın hazırladığı hesabatda ABŞ-ın belə bir layihəni həyata keçirəcək nə texniki, nə də maliyyə qüdrəti olmadığı vurğulanırdı. 

SSRİ layihədən daha həvəslə yapışıb raket sistemlərini inkişaf etdirməyə və bu yarışda ABŞ-ı keçmək üçün ciddi-cəhdlə hazırlaşmağa başladı. Çox böyük pullar layihəyə sərf edildi. ABŞ isə layihənin büdcəsini kəsmişdi…

Və 1991-ci il…

Hekayənin sonu hamıya bəllidir…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir