Dünya

Yevgeni Fyodorov: “Bundan belə Ermənistan ərazisi mübahisəli adlandırılacaq” – Rusiyadan RƏY

Sharing is caring!


Son günlər Cənubi Qafqazda sakitliyin pozulmasına yol açan Ermənistana qarşı sentyabrın 7-də Rusiya tərəfindən yenidən bəyanatlar səslənib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov son bir neçə gündə artıq ikinci dəfə qeyd edib ki, Ermənistan və ABŞ-nin birgə təlimləri regionda vəziyyətin sabitləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə vermir. Söhbət sentyabrın 11-20-də Ermənistanda keçiriləcək “Eagle Partner-2023” Ermənistan-ABŞ birgə təlimlərindən gedir.

Bundan başqa, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsini geri çağırıb, İrəvana NATO-ya üzv olmaq təklif olunur. Nə baş verir? Bu, İrəvanın Moskvanı “qısqandırmaq” oyunudur, yoxsa Ermənistanın real olaraq Qərbə yönlənməsidir? Oxu.Az-ın bu barədə sualını cavablandıran Rusiya Federasiyası Dövlət Dumasının deputatı Yevgeni Fyodorov qeyd edib ki, Nikol Paşinyan qanundankənar, faktiki olaraq çevrilişin köməyilə hakimiyyətə gəldiyi zaman bütün ekspertlər bunun Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) layihəsi olduğunu demişdilər.

– Təbii ki, amerikalılar bu yolla Ermənistanı KTMT və Avrasiya İqtisadi Birliyindən (AİB) kənarlaşdırırlar. Bu, sırf anti-Rusiya olayıdır, Ermənistan Qərbə lazım deyil. Rusiya və yaxud istəsəniz, belə deyək, SSRİ üzərində yekun qələbə zəruridir, bu, xalqların rəqabətidir. ABŞ-nin davranışı tamamilə təbiidir. Eynən bu şəkildə yüz illər əvvəl İngiltərə davranırdı.

Və biz deyirik ki, bu problemi tarixən, beynəlxalq hüquq normalarına uyğun formada həll etmək lazımdır. Çətinliklər (Ermənistanla bağlı – red.) artacaq. 1975-ci il Helsinki Aktından, Yalta və Potsdam konfranslarının nəticələrindən yola çıxmaq lazımdır. Ermənistan separatçı və qeyri-qanuni şəkildə Sovet İttifaqından ayrıldı. SSRİ-nin hüquqi varisi isə Rusiya Federasiyasıdır.

İlk ediləcək şey sualı hüquqi cəhətdən formalaşdırmaq, sonra isə Moskvada hüquq müstəvisində Ermənistanın SSRİ-dən ayrılmasını ləğv etməkdir. Bu qərar qəbul edildikdən sonra Ermənistan ərazisi beynəlxalq hüquq baxımından mübahisəli ərazi adlandırılacaq. Və sonra bu əraziyə nəzarət məsələsinin həlli ilə bağlı BMT-də və dünyada geosiyasi addım atmaq lazım gələcək.

Yəni Ermənistan BMT-nin tanımadığı Kosovo kimi bir şeyə çevriləcək. Kosovo qeyri-müəyyən, zərərə uğramış vəziyyətdədir, bu formalaşmanın beynəlxalq fəaliyyətlə məşğul olmaq, normal ticarət əlaqələri qurmaq və iqtisadiyyatını inkişaf etdirmək kimi imkanları yoxdur. Eyni hal Ermənistanla da təkrarlanacaq, üstəlik də beynəlxalq hüquq normalarına uyğun olaraq.

Və bundan sonra artıq hüquqi mövqedən çıxış etməklə Ermənistanla onun ərazi bütövlüyünün və müstəqilliyinin Rusiya tərəfindən hüquqi tanınması ilə bağlı danışıqlar aparmaq mümkün olacaq və yeri gəlmişkən, bu, Azərbaycanın maraqları nəzərə alınmaqla həyata keçiriləcək. Və bu danışıqlar zamanı Ermənistanın statusu dövlətlərarası müqavilə və SSRİ-nin 1409-cu qanununa uyğun olaraq müəyyən olunacaq ki, Ermənistan bu proseduru pozub (bu barədə keçən il danışmışdım).

Ermənistan beynəlxalq fəaliyyət və hərbi tikinti aparmaq hüququndan məhrum edilə bilər, lakin suverenlik və müstəqil iqtisadiyyata sahib ola bilər.

– Bu, çox güman ki, uzun prosedurdur. Rusiya hərbi bazası və Rusiya sərhədçilərinin yerləşdiyi Ermənistan Respublikası ərazisində erməni-amerikan birgə təlimləri isə artıq sentyabrın 11-dən başlayır. Axı amerikalılar getməyə də bilərlər…

– Bəli, bu, aydındır. Lakin qanunsuzluğun hökm sürdüyü vəziyyətin özü 30 ildir ki, davam edir. Bu təlimlərin ardınca digərləri də gələ bilər. Və siz düz qeyd etdiniz ki, amerikalılar qala da bilərlər. Yəni NATO və ABŞ-nin növbəti fəaliyyət mərhələləri başlayacaq ki, bu zaman da SSRİ və Rusiyanın imtina etdiyi bu ərazini nəzarətləri altına keçirəcəklər. Ona görə də qanuni yoldan başqa çarə yoxdur. Bu, cari, yaxud bir neçə günlük problem deyil və onun fundamental hüquqi yolla həll edilməsi lazımdır.

Yeri gəlmişkən, proses başlanan kimi Ermənistanda hərəkət vektoru dərhal dəyişəcək.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir