Dünya

Əli Əhmədov: “Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm halqasıdır” – FOTO

Sharing is caring!


“Azərbaycan Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars və digər layihələr üzrə zəncirin mühüm halqasıdır”.

“Report” xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində VII Beynəlxalq “İssık-Kul 2023” iqtisadi forumunda deyib.

“Biz Azərbaycan ərazisindən keçməklə müxtəlif marşrutlar üzrə yükdaşımalarda illik artım müşahidə edirik. 2022-ci ilin yekunlarına görə, artım 75% təşkil edib. Biz yükdaşımalarda sürətli artım gözləyirik”,- deyə o bildirib.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan regional və qlobal miqyasda əməkdaşlığın, sülh və dialoqun təmin edilməsinə yönəlmiş strateji kurs həyata keçirir. Qeyd olunub ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan regionda olan tərəfdaşları ilə birlikdə nəqliyyat kommunikasiyalarının inkişafına, regional və kontinental ticarətin genişlənməsinə istiqamətlənmiş təşəbbüslər və layihələrdə iştirak edir.

Forum iştirakçılarına Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının gücünün artırılması və Azərbaycanda doqquzuncu beynəlxalq aeroport və işğaldan azad olunmuş ərazilərdə üçüncü hava limanı olacaq Laçın aeroportunun tikintisi barədə məlumat verilib.

“Bütün bu tədbirlər Azərbaycanın tranzit potensialının genişlənməsinə şərait yaradır ki, bu da daşımaların artması ilə bağlı problemlərin səmərəli həllinə kömək edəcək və beynəlxalq nəqliyyat dəhlizlərinin fasiləsiz işini təmin edəcək”, – Ə.Əhmədov vurğulayıb.

Forumda qeyd edilib ki, Azərbaycanın Böyük İpək Yolunun bərpası və Orta Dəhlizin inkişafı üzrə strategiyası yüksək səviyyədə Çinin “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına dair konsepsiya ilə üst-üstə düşür. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan Çinin təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub. Baş nazirin müavini, həmçinin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolundan bəhs edib.

Bu kontekstdə Xəzər regionunu Avropaya, qlobal energetika təhlükəsizliyi sisteminə birləşdirən Cənub Qaz Dəhlizinin qiymətli töhfəsi qeyd edilib. Təbii qazla yanaşı, Azərbaycanın alternativ enerjinin inkişafı üçün böyük potensiala malik olduğunu vurğulayan Ə.Əhmədov deyib ki, dövlət başçısı 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin ölkənin energetika sistemində payının 30%-ə çatdırılmasına dair hökumət qarşısında vəzifə qoyub. Artıq bu istiqamətdə dünyanın qabaqcıl şirkətləri ilə birgə iri layihələr həyata keçirilir.

Baş nazirin müavini, həmçinin, Qırğızıstanı sosial-iqtisadi sahədə əldə olunmuş uğurlar münasibətilə təbrik edib. Qeyd olunub ki, Qırğızıstanda mühüm dövlət proqramları səmərəli şəkildə həyata keçirilir, əhalinin rifah halı yaxşılaşır, ölkənin investisiya cəlbediciliyi artır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir