Müsahibə

Roman Boçkala: “Moskva düşünürdü ki, Ukrayna hakimiyyəti dağılacaq”

Sharing is caring!

“Rusiya rəhbərliyi, Vladimir Putin artıq bu müharibəni uduzub”.

Bunu dünyanın bir çox qaynar nöqtələrində olmuş (yeri gəlmişkən, ötən il işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfər edən) ukraynalı hərbi jurnalist Roman Boçkala Oxu.Az-a müsahibəsində Rusiya ordusunun işğalın elə ilk günlərindən uğur qazanması üçün çatışmayanlardan danışarkən bildirib.

Onun fikrincə, qalib gəlmək üçün yeganə şans sürətdə idi: onlar Ukraynanı tez – üç günə, bir həftəyə tutmaq istəyirdi.

“Onlar parad paltarında gəlmişdilər. Ukrayna hərbçiləri rusiyalı əsgərləri Kiyevdən çıxartdıqda orada içərisində parad formaları olan anbarlar tapılmışdı, görünür Kiyevi tutandan sonra geyinməli idilər”, – deyə jurnalist əlavə edib.

Müsahib hesab etdiyini bildirdi ki, RF Prezidenti Vladimir Putin Ukraynaya genişmiqyaslı hücum qərarı verərkən Rusiyanın Krımı müqavimətsiz işğal etdiyi, kiçik qüvvələrlə Luqansk və Donetsk vilayətlərinin böyük hissəsini ələ keçirdiyi 2014-cü ilin xatirələrinə arxalanıb.

“Lakin bu, böyük bir səhv hesablama idi və əsasında yanlış kəşfiyyat məlumatları dayanırdı. Rusiya lideri öz aləmində yaşayır, informasiya əldə etmək üçün internetdən, alternativ kanallardan istifadə etmir. Xəyalındakı təsvir onun masasına qoyulan hesabatlardan formalaşır. Onları isə Putinin güvəndiyi FTX və digər xüsusi xidmət orqanları hazırlayır. Bu qeydlərdə yəqin ki, Ukrayna əhalisinin Rusiyanı məmnuniyyətlə qəbul edəcəyi deyilirdi. Ukraynanın müxtəlif hakimiyyət orqanlarında təxribat fəaliyyəti ilə məşğul olan rusiyalı emissarlar bildirdilər ki, hər şey qaydasındadır, əsas ödənişdir və biz hər şeyi edəcəyik. Deməli, Kremldə belə bir hiss yarandı ki, heç bir çətin müharibə olmayacaq, qarşıda yüngülvari yürüş var”.

Boçkala digər məqamlar kimi, Putinin özünün də dəfələrlə dediyi kimi Ukraynanı dövlət hesab etməməsini və Rusiyanın son səkkiz ildə Ukraynada dünyanın ən güclü ordularından birinin yarandığını nəzərə almamasını göstərib.

“Bu yaxşı təchiz olunmuş Əfqanıstan ordusu deyil, hansı ki, yeri gəlmişkən talibləri görəndə silahları yerə atırdı. Ukraynada isə kvazihökumət mövcud deyil, bizim hərbçilər əmrləri yerinə yetirir”, – deyə o, əlavə edib.

Ekspert Rusiya Federasiyasının Suriyada kifayət qədər uğurlu hərbi kampaniyasının da rusiyalılara təsir edən əsas amillərdən biri adlandırıb. Müsahibin fikrincə, bu bəlkə də Rusiyanın hamını məğlub edəcək bir növ super ordusu olduğu barədə yanlış hiss yaradıb.

“Başqa bir vacib məqam: Putin keçmiş yumorçu və aktyor Volodimir Zelenskini ciddi siyasətçi kimi görmürdü. Amma Ukrayna prezidenti qaçmadı, əmrlər verir. O, özünü əsl lider, ölkə başçısı kimi göstərdi. Moskva bunu gözləmirdi, onlar düşünürdülər ki, Ukrayna hakimiyyəti dağılacaq, bəziləri Lvova gedəcək, digərləri xaricə uçacaq”, – deyə Boçkala sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir