Dünya

Toğrul İsmayıl: “Mən fəxr edirəm ki, ilk reaksiyanı Azərbaycan göstərdi və yardım göndərildi” – MÜSAHİBƏ

Sharing is caring!

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin zəlzələdən zərər çəkmiş on vilayətində üç ay müddətinə fövqəladə vəziyyətin elan olunduğunu açıqlayıb.

Söhbət ümumilikdə 13 milyona yaxın insanın yaşadığı Kahramanmaraş, Hatay, Osmaniye, Qaziantep, Diyarbəkir, Şanlıurfa, Adıyaman, Kilis, Malatya, Adana bölgələrindən gedir.

Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Türkiyə və Suriyada baş verən zəlzələlər nəticəsində 1,4 milyonu uşaq olmaqla 23 milyona yaxın insan bu və ya digər formada zərər çəkib.

ÜST bölgədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayının 20 min nəfəri keçə biləcəyi barədə xəbərdarlıq edib.

Zəlzələ zamanı Ankarada olmuş türkiyəli politoloq, Kahramanmaraşda Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl Oxu.Az-a müsahibəsində Türkiyədə zəlzələdən sonrakı vəziyyətdən və ölkədəki siyasi durumdan danışıb:

– İnsanları bir araya gətirən böyük bir faciə yaşandı. Hamı kömək edir, isti paltar yığır. Zərər çəkmiş bölgələrdə hava çox soyuqdur, yollar dağılıb. Bu səbəbdən oraya yetişmək çətinləşir. Mən Kahramanmaraşda işləyirəm, bu bölgəni yaxşı tanıyıram. Zəlzələ günü mən Ankarada idim, amma dostlarım və iş yoldaşlarım zəlzələnin episentrində idilər. Allaha şükürlər olsun ki, onların arasında itki olmayıb.

Sütçü İmam Universitetində 140-a yaxın azərbaycanlı tələbə təhsil alır. Bundan başqa, Azərbaycandan müəllimlər, qarışıq ailələr var. 200-dən 300-ə qədər Azərbaycan vətəndaşı var. Onların heç biri, bildiyim qədərilə, zərər görməyib. Amma işçilərimdən birinin, azərbaycanlı gənc mütəxəssisin evi ikinci təkandan uçub. Bundan əlavə, qeyd etmək istəyirəm ki, bir tələbə ilə əlaqə yoxdur. Amma hələlik onun itkin düşdüyünü söyləmək olmaz. Çoxları ərazini tərk ediblər, kimsə zəlzələ zamanı telefonu evdə qoyaraq mənzili tərk edib. Odur ki, ümidimizi itirməyə dəyməz.

– Aldığımız məlumatlardan, baxdığımız videolardan gəldiyimiz qənaət ondan ibarətdir ki, dağıntıların miqyası böyükdür. Dəyən iqtisadi ziyanla bağlı təxmini rəqəmlər mövcuddurmu?

– Xeyr, indi rəqəm demək çox çətindir.

– Ankaranın, İstanbulun və digər şəhərlərin hava limanlarına zərər çəkmiş bölgələrə getmək istəyən minlərlə könüllü toplanır…

– Kömək etmək istəyənlərin sayı çoxdur. Ancaq hər kəsə icazə verilmir. Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasetmə dəstələrinə daxil olan könüllülərə üstünlük verilir. Xilasetmə işlərini aparmaq üçün nizam-intizamlı və təcrübəli könüllülər tələb olunur. Biz dünyanın müxtəlif ölkələrindən çox ciddi dəstək almışıq və buna görə də minnətdarıq. Mən fəxr edirəm ki, Azərbaycan ilk reaksiya verən dövlət oldu, zəlzələ bölgəsinə yüzlərlə xilasedici, həmçinin humanitar yardım göndərdi. Rusiya öz qruplarını, Ukrayna xilasediciləri göndərdi, baxmayaraq ki, bu ölkədə müharibə gedir. Onlarla ölkə və beynəlxalq təşkilat dəstək verir. Əhalinin təxliyəsi və yerləşdirilməsi həyata keçirilir və bunlar iki fərqli məsələlərdir. Artıq 300 minə yaxın insanın yerləşdirilməsi prosesi həyata keçirilib, bunlar böyük rəqəmlərdir.

– Yeri gəlmişkən, bir çox mənbələrdə konspiralogiya nəzəriyyələri ortaya çıxdı. Belə ki, Türkiyədəki zəlzələlərin süni şəkildə törədildiyi iddia edilir. Bu cür fərziyyələrə münasibətiniz necədir?

– Təbii ki, mən buna inanmıram. Bu, zəlzələlərin tez-tez baş verdiyi seysmik zonadır. Amma Türkiyədə 100 ildən, bu bölgədə isə (Kahramanmaraş və digər vilayətlərdə) 500 ildən artıqdır ki, belə güclü zəlzələ qeydə alınmayıb. Mən və ailəm bir neçə dəfə zəlzələ həyəcanını yaşamışıq. Allaha şükürlər olsun ki, o zaman belə qurbanlar və dağıntılar olmamışdı. İndi isə vəziyyət başqadır. Bütün köhnə tikililər dağılıb.

– Bəs ölkədə siyasi vəziyyət necədir? Qarşıdan seçkilər gəlir, amma artıq bu seçkilərin təxirə salına biləcəyi barədə versiyalar ortaya çıxıb. Bundan əlavə, on əyalətdə üç ay müddətinə, yəni mayın əvvəlinə qədər fövqəladə vəziyyət elan edilib. Prezident və parlament seçkiləri isə mayın 14-nə təyin edilib. Bəs müxalifət özünü necə aparır, vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışırmı?

– Xeyr, hamı faciə qarşısında birləşdi. Türkiyə cəmiyyəti elə qurulub ki, bəla üzərindən qurulan spekulyasiyanı heç vaxt qəbul etməyəcək. Seçkilərə gəlincə, onlar keçirilə də bilər, təxirə salına da bilər. Sizi inandırıram, indi heç kim bu barədə düşünmür. Hazırda əsas vəzifə insanları xilas etmək və zərərçəkənlərə kömək etməkdir.

– ÜST dəhşətli rəqəmlər açıqlayaraq, ölənlərin sayının 20 min nəfəri keçə biləcəyi ehtimalını irəli sürüb…

– Bəli, bu, ÜST-ün həm Türkiyə, həm də Suriya üçün səsləndirdiyi rəqəmdir. Dağıntının miqyasını nəzərə alsaq, qurbanların sayı çox ola bilər. Biz böyük şəhərlər haqqında nələrisə bilirik, bəs kəndlərdə, ucqarlarda nə baş verib? İndi bu barədə heç kim heç nə deməyəcək. 7,8 və 7,6 bal gücündə iki yeraltı təkan baş verib. Birinci zəlzələdən sonra 6,6 və 6,5 bal gücündə daha üç zəlzələ baş verib. Ümumilikdə, Rixter şkalası üzrə 5 baldan yuxarı 900-dən çox yeraltı təkan olub. Bütün bunlar axtarış işlərini də çətinləşdirir, evlər uçmaqda davam edir, uçub-dağılan evlərin sayı altı mindən çoxdur və bu say artır.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir