Cəmiyyət

Geni dəyişdirilmiş məhsulların siyahısında qarpızın adı yoxdur: “Tum görmürsünüzsə, demək ki…” – FOTO

Sharing is caring!

Sosial şəbəkələrdə qarpızın “yeni növü” ilə bağlı paylaşım edilib. Naməlum mənşəli yeni növ tumsuz qarpız hər kəsin marağına səbəb olub. Satılan qarpızın insan sağlamlığı üçün hansı fəsadlar yarada biləcəyi ilə bağlı suallar ortaya çıxıb.

Bəs görəsən, qarpızın həqiqətənmi geni dəyişdirilib? Ümumiyyətlə, hansı bitkilərin geni dəyişdirilə bilər?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, GMO lobbiçiliyini aparan xüsusi insan qrupu var:

“Geni dəyişdirilmiş bitkilər barədə məhdudedici qərarlar var. Ölkədə GMO-nun lobbiçiliyini aparan insan qrupu var. Onlar GMO-dan istifadəyə aclıqdan xilasetmə arqumentini gətirirlər.

Təəssüf ki, ölkədə fəaliyyət göstərən laboratoriyalar susur. Səkkiz il bundan öncə Braziliyadan istehsalçının özünün üzərində GMO yazdığı mallarını gətirdim. İki laboratoriyaya verdim. Biri dedi, GMO yoxdur, digəri isə var dedi. Bu laboratoriya effektinin işləmədiyini göstərdi”.

E.Hüseynov qeyd edib ki, toxumu yoxdursa, demək ki, qarpızın geni dəyişdirilib:

“Qarpızdan toxum çıxmırsa, bu o deməkdir ki, bu, GMO-dur. Toxum olmayan qarpız bizim nöqteyi-nəzərimizdə belədir. Bəziləri GMO-nun tərəfdarıdırlar. Lobbiçiliyini aparan çox insanlar var”.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva əlavə edib ki, geni dəyişilmişlərin siyahısında qarpızın adı yoxdur:

“Ümumiyyətlə, dünyada qarpız – geninə müdaxilə olunan məhsullar siyahısında deyil. Dünyada cəmi 30 civarında GMO məhsulu var və bu məhsullar ABŞ, Yaponiya, Avropa Birliyi və bir sıra ölkələr tərəfindən istehsal edilir. GMO məhsulların təqribən 90%-i iqtisadi əhəmiyyətə malik olan yem və texniki bitkilərdir. Meyvə və tərəvəzlərdən əsasən pomidor, badımcan və almaya biotexnoloji metod tətbiq edilir. Bəzən qüsursuz görünüşünə, iri həcminə əsasən məhsulların geninin dəyişdirildiyi kimi əsassız fikirlər səsləndirilir. Lakin bu, genin dəyişdirilməsi yox, digər seleksiya yolları ilə əldə edilən məhsullar ola bilər. Məhsulun geninin dəyişdirilməsini isə yalnız laboratoriya şəraitində müəyyən etmək mümkündür”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir