Cəmiyyət

Yaxşı maaşlı iş, kollecə çata bilməyən ali məktəblər: “Dua yazdırsınlar” – İT mütəxəssisi ilə MÜSAHİBƏ + FOTO

Sharing is caring!

“İT sahəsində Qubanın dağında oturub Kanadadakı şirkət üçün iş görmək mümkündür. Əgər sənin maaşın dollar olaraq gəlib sənə çatacaqsa və məsafədən işləyə bilirsənsə, təbii ki, bu daha sərfəlidir. Azərbaycanda, gərək, hansısa şirkətdə oturasan, maaşı manatla alırsan, üstəlik onun bir qismi vergilərə çıxılır, heç bir zəmanət də yoxdur ki, pensiya yaşına gəlib çatanda həmin pulun bir dəyəri olacaq, ya yox.

Yəni təkliyi seçənlər bunu sadəcə maddi mənfəət nöqteyi-nəzərdən fikirləşirlər. Çünki azad işləmək çox sərfəlidir. Bir layihəni özün gördüyün zaman onun icrası üçün istədiyin məbləği özün almış olursan, amma hansısa şirkətdə işlədikdə həmin məbləğ bölünür və sənə ən yaxşı halda 10 faizi çatır.

Azərbaycan əhalisi hər bir səviyyədə hələ də maddi olaraq doymayıb. Çox işləyən, yüksək səviyyəli mütəxəssislər belə, bu dəqiqə dünya səviyyəsində məvacib almırlar. Ona görə də hər kəsin gözü oynayır, hər kəs kənar gəlir mənbəyi üçün sağa-sola baxmaq məcburiyyətindədir”.

Bu sözləri tanınmış İT mütəxəssisi Vahid Qasımov Oxu.Az-a müsahibəsində deyib. O, İT-yə olan tələb, onun perspektivləri, bank hesablarının oğurlanması və digər kiberdələduzluqlar, kibermüharibə və bir sıra başqa məsələlərlə bağlı suallarımızı cavablandırıb:

– Bu gün, demək olar ki, bütün müəssisələrdə İT mütəxəssisinə tələb var. Bəs ölkədə tələbi ödəyəcək səviyyədə mütəxəssis mövcuddurmu?

– Əfsuslar olsun ki, xeyr. Ümumiyyətlə, biz İT-ni postsovet ölkələri, hətta qonşu ölkələrlə belə müqayisə etdikdə, Azərbaycanda vəziyyətin xoş olmadığını görürük. Çünki əhaliyə nisbətdə İT mütəxəssisləri yetərsizdir. Biz mütəxəssis cəlb etdiyimizdə belə, tələb qarşılanmır.

– İT geniş bir sahədir, müxtəlif qolları var, əsasən hansı istiqamətində böyük boşluqların olduğunu düşünürsünüz?

– Bəli, İT-nin 60-dan çox sahəsi var və bütün istiqamətlərdə boşluq hiss olunur. Hətta o istiqamətlərin bəziləri bizdə ümumiyyətlə inkişaf etməyib, həmin sahədə bir nəfər də mütəxəssis yoxdur. Bəzi sahələr də var ki, onlarla bağlı Azərbaycanda heç tələb formalaşmayıb. Şirkətlər bilmirlər ki, belə bir sahə var, oraya mütəxəssis cəlb etmək olar.

– Boşluğun universitetlərimizdəki təhsil səviyyəsindən qaynaqlandığını düşünürsünüzmü?

– Mütəxəssis boşluğu mütləq şəkildə təhsildən qaynaqlanır. Kompüter mühəndisi ixtisası bizdə ilk dəfə 1990-cı illərdə Qafqaz Universitetində mövcud olub, ondan sonra Xəzər Universitetində də açıldı. Bəzi digər ixtisaslar isə Qərb Universitetində yaradıldı. Amma bunların hamısı qeyri-qanuni idi. Çünki Azərbaycanda kompüter mühəndisliyi ixtisası abituriyent ixtisasları siyahısına sadəcə 2009-cu ildə əlavə olunub. Bu o deməkdir ki, Azərbaycanda 2009-cu ilə qədər kompüter mütəxəssisləri haqqında heç kim ali təhsil səviyyəsində fikirləşmirdi. Hazırda biz bunun təbii nəticəsini yaşayırıq. Belə ki, bizdə həm keyfiyyətli kadr hazırlayan müəllim çatışmır, həm də, demək olar ki, alimimiz yoxdur. İT ixtisasları üzrə elmlər doktoru, fəlsəfə doktoru olanlar bir əlin barmaqlarını keçmir.  

Ümumilikdə isə ali təhsil pilləsində İT mütəxəssislərinin yetişdirilməsini düzgün hesab etmirəm. Çünki İT tamamilə tətbiqi bir sahədir. Buna görə də mütəxəssislərin yetişdirilməsi ilə ali təhsil müəssisələri yox, peşə təhsili səviyyəsində məşğul olmaq lazımdır. Peşə təhsili isə bizdə bir-iki ildir ki, inkişaf etməyə başlayır. Ona görə də vəziyyət qəlizdir.

– Bizdə bu peşəni seçənlər onsuz da universitet təhsilindən daha çox, sahə üzrə yaradılan kurslara üz tuturlar. Sizcə, kurslarımız mütəxəssis yetişdirəcək potensiala sahibdir?

– Bəli, çox peşəkar, səviyyəli kurslarımız mövcuddur. Onlar yüksək səviyyədə peşə təhsili verirlər. Təhsil müddətləri isə uzunmüddətlidir, təxminən üç il çəkir. Həmin üç il ərzində keçirilən dərslərin sayı universitetlərdə dörd il keçirilən dərslərin sayından çoxdur. Ona görə də aydın məsələdir ki, onların İT sahəsində mütəxəssis yetişdirməsi universitetlərdən daha uğurludur.

– Ümumiyyətlə, ölkədə bu sahəyə olan tələbi ödəmək üçün hansı yeniliklər edilməlidir?

– Aydın məsələdir ki, təhsil, təhsil, təhsil… Biz bəzi məqamlarda çox gecikirik. Məsələn, informatika DİM-in suallarına ancaq bir ildir ki, salınıb. Bu, həqiqətən də, fəlakətdir. Belə çıxır ki, 2021-ci ilə qədər informatikanı bir elm sahəsi kimi heç kim ciddiyə almayıb. O, bədən tərbiyəsi, musiqi kimi “lazımsız” fənlər siyahısında olub.

– Xaricdən mütəxəssis cəlb edilməsinə ehtiyac görürsünüzmü?

– Xeyr, çünki bazarda mütəxəssis mövcuddur. Sadəcə onların təhsil sisteminə cəlbindən söhbət gedir. Bizdə peşə təhsilində müəllimlərin maaşları heç qənaətbəxş deyil. Ona görə də yaxşı mütəxəssislərin müəllimliyə cəlb olunması problem olaraq qalır. Bu bizi geriyə salır.

– İki nəfər danışır. Tərəflərdən biri deyir: “Azərbaycanda yaxşı İT-işnik yoxdur”. Digəri isə “Çünki yaxşı İT-işnik burada qalmır, çıxıb gedir”, – deyə cavab verir. Yaxşı niyə gedir?

– Çünki yaxşı mütəxəssis daha yüksək maaşa xarici ölkədə iş tapa bilir. İkinci bir məqam da odur ki, bizim ölkəmiz sakit həyat tərzi üçün uyğun deyil. Ona görə də rahat şəkildə yaxşı pul qazana biləcək insanlar ölkəni tərk edirlər. Yəni puldan daha çox, rahatlıq dalınca gedirlər.

– İT Azərbaycanda ən gəlirli sahələrdən biri hesab edilir. Bu halda belə, maddi tərəfinin qaneedici olmadığını düşünürsünüz?

– Digər sahələrlə müqayisədə, bəli, gəlirlidir, amma qonşu ölkələrlə müqayisədə bizdə vəziyyət heç də yaxşı deyil.

– Daha çox riyazi biliyi güclü və dil bilgisi yaxşı olan şəxslərin İT-də uğurlu olduqları deyilir. Bununla razısınız?

– Gəlin onları ayıraq. Təfəkkür prinsipcə lazımdır. Lakin dərin riyazi biliklər, ola bilsin ki, İT-nin bir çox sahəsində lazım deyil. Dil məsələsinə gəldikdə isə bildirməliyəm ki, İT sahəsində Azərbaycan dilində olan yazılı mənbələr yox səviyyəsindədir. Bizim öz alimlərimiz olmadığına görə ancaq tərcüməylə məşğuluq. İT isə olduqca sürətli inkişaf edən sahə olduğuna görə onu tərcümə etməyin mənası yoxdur. Çünki sən onu tərcümə edib çap edənə qədər o, aktuallığını itirir. Buna görə də biz məcburuq ki, xarici mənbələrdən yararlanaq.  Əsas olaraq ingilis dilində mənbələr istifadə olunur. Bir də çox təəccüblüdür ki, yazılı mənbələrin sayına görə internetdə ikinci yerdə rus dili gəlir. Buna görə də təsadüfi deyil ki, İT mütəxəssislərinin çoxu rusdillidir.

– Bildiyim qədərilə İT və proqramlaşdırma dilləri fərqli sahələrdir. Bunlardan hansı gələcək üçün daha perspektivlidir?

– Əvvəldə də qeyd etdiyim kimi, İT-nin 60-dan çox ixtisası var. Proqramlaşdırma isə bunlardan bir neçəsini əhatə edir. Proqramlaşdırmanın veb-proqramlaşdırma, mobil proqramlaşdırma, desktop proqramlaşdırma kimi növləri var.

– Bu sektorda ən ağıllı adamların hakerlər olduğu deyilir. İT-ni dərindən öyrənən hər kəs haker ola bilər?

– Hakerlik İT-nin müəyyən sahələrini əhatə edir. Hakerin yaxşı bir proqramçı, İT mütəxəssisi olmasının gərəkdiyi düzgündür. Amma reallıq onu göstərir ki, bu gün loru dildə desək, uşaq-muşaq da hazır proqramlardan istifadə edərək müəyyən hakerlik əməliyyatlarını icra edə bilir, lakin onlar daha çox ziyanverici əməllər törədirlər. Ona görə də indiki dövrdə yaxşı mütəxəssis olmadan da haker olmaq mümkündür.

– Vətən müharibəsi dövründə informasiya müharibəsi aparan bir çox saytımıza hücumlar təşkil edilmişdi. Ötən həftə Dövlət Xidməti elektron informasiya ehtiyatlarına hücumla bağlı xəbərdarlıq edib. Bu hücumların qarşısını almaq üçün nə etmək lazımdır? Ümumiyyətlə, bunun üçün hazırkı infrastruktur  uyğundurmu?

– İnfrastruktur heç vaxt mövcud olmur, onu yaratmaq lazımdır. İnformasiya resursu olaraq fəaliyyət göstərən bir qurumun mütləq şəkildə bir İT departamenti olmalıdır. Əgər bu, sadəcə bir adamdan ibarətdirsə, o, departament deyil. Aydın məsələdir ki, infrastruktur da yoxdur. Heç olmasa, iki-üç server administratoru olmalıdır ki, 7/24 serverin texniki dəstəyini versinlər. Bir də informasiya təhlükəsizliyi üzrə mütəxəssisin olması vacibdir. O, mütəmadi olaraq monitorinq aparmalı və lazım olan məsləhətləri verməlidir ki, informasiya resursunun təhlükəsizliyinə sahib olsunlar.

– Hazırda hansı növ kiberdələduzluqlar yayılıb?

– Pandemiyaya başlayandan kiberdələduzluq bir xeyli inkişaf edib. Təkcə Azərbaycanda yox, başqa ölkələrdə də vəziyyət dəyişib. Bu dəqiqə bir çox vətəndaşımız kiberdələduzların qurbanı olmalarından şikayət edirlər. Onları aldadıblar, sifariş etdikləri mallar gəlib çatmayıb, kartlarından pul oğurlanıb və s.

– Bank kartlarından pulların oğurlanması necə baş verir? Qarşısını necə almaq olar?

– Burada bəzi məqamlar istifadəçilərdən asılıdır, bəziləri isə konkret olaraq banklarımızın problemidir. Sadəlövh insan məxfi məlumatı qarşıdakı adama verəndə təbii olaraq kartından pul oğurlanır. Adamlar məxfi məlumatlarını başqalarına verməməyi öyrənməlidirlər. Əgər nömrələrinə təsdiq üçün SMS gəlirsə, həmin kodu istəyən şəxsə verməməlidirlər. Amma başqa bir problem də var. Bu, bilavasitə tanışımın başına gəlib, adamın kredit kartından müəyyən məbləğdə pul çəkilib və bununla bağlı təsdiqləyici SMS gəlməyib. Halbuki onun təhlükəsizlik xidməti aktiv idi. Bu, bankın proqram təminatının problemidir.

– Sosial şəbəkə hesablarının oğurlanması halları da sıxlıqla qarşımıza çıxır. İnsanlar bunu önləmək üçün nə etməlidirlər?

– Sosial şəbəkələrin özləri istifadəçilərə imkan tanıyır ki, çoxsəviyyəli təhlükəsizlik tədbirləri görsünlər, sosial şəbəkə hesabını bir neçə imeylə, real telefon nömrəsinə bağlasınlar. Bunu eləməyən adamlar qorunmamış olurlar, ona görə də ancaq və ancaq özlərinə dua yazdırmalıdırlar.

– “TikTok” Azərbaycanda həm ən qeyri-ciddi hesab olunan, həm də ən çox istifadə edilən sosial şəbəkədir. Bu təzadı nə ilə izah edə bilərik?

– Bu, təzad deyil, cəmiyyətimizin səviyyəsinin təbii bir nəticəsidir. Təhsil səviyyəsi mənfilərə düşdükdən sonra vəziyyət belə olur. Təhsilimiz illərdir ki, mənfilərdədir, sıfır belə deyil. Bizim gənclərin əksəriyyətini oxuma-yazma qabiliyyəti olmayan, ancaq vizuallara baxanlar təşkil edir. Bəli, belə bir nəsil yetişir, üç sətirdən artıq yazını gördükləri zaman onları dəhşət bürüyür. Ona görə də bizdə “Twitter” heç populyar deyil, çünki gənclər nə oxuduqlarını başa düşməyi, nə də qısa cümlələrlə fikirlərini izah etməyi bacarırlar.

Televiziyalarımızın yayım siyasətinə baxdıqda onların səviyyəsinin də camaatın təhsil səviyyəsinə uyğun olduğunu müşahidə edirik. “Bozbaş” müğənnilərdən tutmuş ümumi gündəmə qədər heç bir şey arzulanan səviyyədə deyil. Əslində, qəbullanmalıyıq ki, televiziya üçün reytinq önəmlidir. Onların maliyyələşməsi reklamdan asılıdır. Reytinq yüksək olanda reklamı baha sata bilirlər. Aşağı səviyyəli verilişlərdə izlənmə yüksək olduğuna görə televiziyalar yayım cədvəllərində onlara ağırlıq verirlər. Nəticədə gənclərin də marağı həmin müstəvidə inkişaf edir. Beləliklə, tələblərinə ən yaxşı cavab verən platforma “TikTok” olur. Videoya baxırsan, hər cür səviyyəsiz məzmun var və məzmun nə qədər səviyyəsizdirsə, izləyicisi bir o qədər çoxdur.

– Bu gün hər şey elektronlaşır. Dövlətlərin, hökumətlərin rəqəmsallaşmasının zərərli tərəfləri varmı, hansı təhlükələr yarada bilər?

– Elektron hökumətin faydadan başqa heç bir şeyi ola bilməz. Xidmətlər elektronlaşmalıdır. Vətəndaşlar evdən çıxmadan, idarəyə getmədən rahat şəkildə lazım olan sənədləri, məlumatları əldə edə bilməlidirlər. Amma həddən ziyadə digitallaşmanın başqa bir problemi var, bu, sosioloji və psixoloji problemdir. Yəni bu yolla insanlar normal ünsiyyətdən məhrum qalırlar. Bir-birləri ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər.

– Ümumiyyətlə, bizim hökumətin elektronlaşmasının hansı səviyyədə olduğunu düşünürsünüz?

– Elektron hökumət mövzusunda Azərbaycanın vəziyyəti heç də pis deyil. Hətta müqayisə etsək, bəzi Avropa ölkələrindən daha yaxşı səviyyədəyik. Biz bu trendə gec girişdiyimizə görə yeni texnologiyalar ala bilirik. Kim ki bizdən əvvəl bu sahəyə girişib və köhnə texnologiya tətbiq edib, ona həmin texnologiyanı yeniləməsi sərf etmir. Çünki artıq pulu ödənilib. Biz isə ən yenisini alırıq, ən müasiri bizdə olur.

Nəzərə alsaq ki, Azərbaycan neft ölkəsidir, deməli, bizim pul problemimiz də yoxdur. Ona görə də elektronlaşma mövzusunda bizim imkanlarımız normal səviyyədədir. Bizdə qənaətbəxş olmayan şey xidmətdir. Digital müraciət sadəcə yoldur, xidməti göstərən insanlardır. “Sizə cavab qırx və ya beş iş günü ərzində veriləcək” deyilməsi problemdir, müddətlər həddən artıq uzundur. Yəni xidmət aşağı, sistem yüksək səviyyədədir. Bu isə kadr problemindən qaynaqlanır. Kadr bizim ümummilli problemimizdir.

Sayad Həsənli
Daha çox şəkil burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir