Cəmiyyət

Bakının hansı rayonunda kafe və restoranlarda ən yüksək dövriyyə olub?

Sharing is caring!


2023-cü ildə Bakıda kafe və restoranlarda ən yüksək dövriyyə Səbail rayonunda qeydə alınıb.

Bu barədə Oxu.Az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən il Səbaildə iaşə dövriyyəsinin illik dəyəri 471 milyon 919 min manat təşkil edib. Bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 12,1% çoxdur.

Bu siyahıda ikinci yerdə Nərimanov rayonu gəlir. Ötən il Nərimanovda iaşə dövriyyənin dəyəri 217 milyon 884 min manat təşkil edib ki, bu da daha əvvəlki ilin göstəricisi ilə müqayisədə 8,5% çoxdur.

İlk üçlüyü Yasamal rayonu qapadır. Ötən il bu rayonda iaşə dövriyyəsinin dəyəri 146 milyon 428,1 min manat olub ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 40,5% çoxdur.

İlk beşlikdə Xətai və Nəsimi rayonları da yer alıb. 2023-cü ildə Xətaidə 124 milyon 354,8 min manatlıq, Nəsimi rayonunda isə 122 milyon 276,3 min manatlıq iaşə dövriyyəsi olub ki, bu da 2022-ci illə müqayisədə müvafiq olaraq 26,2% və 16,6% çoxdur.

Bakı şəhərinin kafe və restoranlarında ən yüksək iaşə dövriyyəsi reytinqində 89 milyon 631 min manatla Nizami rayonu altıncı, 85 milyon 389,6 min manatla Binəqədi rayonu yeddinci yerdə qərarlaşıb. Bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 14,0% və 15,0% artım deməkdir.

Növbəti yerdə 25,3% artımla Xəzər rayonu olub. Ötən il bu rayonda 69 milyon 086,4 min manatlıq iaşə dövriyyəsi qeydə alınıb.

Bu siyahıda doqquzuncu yeri 43 milyon 545,2 min manatlıq dövriyyə ilə Qaradağ, onuncu yeri 43 milyon 357,3 min manatlıq dövriyyə ilə Sabunçu rayonları tutublar. Bu, 2022-ci illə müqayisədə 16,9% və 2,5 dəfə çoxdur.

Bakının 12 rayonu arasında 11-ci yerdə Suraxanı qərarlaşıb. Ötən il bu rayonda 30 milyon 108,9 min manatlıq iaşə dövriyyəsi qeydə alınıb ki, bu da 2022-ci illə müqayisədə 30,0% çoxdur.

Son pillədə isə Pirallahı rayonu qərarlaşıb. Ötən il ərzində Bakının bu adasında 7 milyon 598 min manatlıq iaşə dövriyyəsi qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 25,1% çoxdur.

Qeyd edək ki, 2023-cü ildə paytaxtın ictimai iaşə dövriyyəsi 2022-ci illə müqayisədə real ifadədə 18,7% artaraq 1 milyard 451,6 milyon manat təşkil edib.

Ötən il ərzində özəl sektorda ictimai iaşə dövriyyəsinin 53,9%-i hüquqi şəxslərin, 46,1%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci illə müqayisədə 14,1% artaraq 787,5 milyon manat olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir