Cəmiyyət

Laçında seçki sevinci: “Hər birimiz tarixi ana şahidlik etməyi səbirsizliklə gözləyirik” – SORĞU + FOTO

Sharing is caring!


Bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Bu kampaniya ilk dəfə olaraq azad edilmiş ərazilərdə də baş tutacaq.

“Report”un əməkdaşı seçkiqabağı azad edilmiş ərazilərə ezam olunub, Laçın şəhəri və Zabux kəndində sakinlər arasında sorğu keçirib.

Laçın şəhər sakini Sürəyya Əliyeva doğma şəhərdə prezident seçkisinə şahidlik edəcəklərinin sevincini yaşadıqlarını bildirib: “Bu qürurlu günü bizə yaşadan Ali Baş Komandanımıza dərin minnətdarlığımı bildirirəm. Onun güclü iradəsi sayəsində bu gün Azərbaycan bütövdür, tamdır. Mənim bu dünyadan bir diləyim olub, o da yenidən Laçına qayıda bilmək idi. Bu gün Laçındayam və fevralın 7-si məhz bu şəhərdə ən layiqli namizədə səs verəcəyəm”.

Allahverdi Əliyev deyib ki, 1991-ci ilin sentyabr referendumundan sonra ilk dəfə Zabuxda seçkilər keçiriləcək: “Düz 33 illik fasilədən sonra bu hissləri doğma yurdda yenidən yaşamaq hər birimizi qürurlandırır. Torpaqlarımızın işğaldan azad olunmasının və kəndimizin abadlaşdırılaraq yenidən burada bizə yaşamağa şərait yaradılmasının səbəbkarı məhz Prezident İlham Əliyevdir. Allah şəhidlərimizə rəhmət eləsin, ordumuzu qorusun. Kəndimizdə hər kəs keçiriləcək seçkilərlə əlaqədar bir-biri ilə müzakirələr aparır və layiqli namizədə səs vermək üçün fevralın 7-ni gözləyir”.

Vidadi Salmanov isə qeyd edib ki, ehtiyatda olan polkovnik-leytenant kimi Ali Baş Komandan və ordu ilə fəxr edir: “Bütün həmvətənlərimi seçkilərdə iştirak etməyə və ən layiqli namizədə səs verməyə dəvət edirəm”.

Zabux kəndinin sakini Gülbəniz Abbasova uzun illərdən sonra azad olunmuş Zabuxda seçkilərdə iştirak etməyin inanılmaz hiss olduğunu deyib: “Allah şəhidlərimizə rəhmət eləsin, dövlətimizi, ordumuzu qorusun. Bir neçə gün əvvəl Zabuxda seçkilərlə əlaqədar tədbir keçirilirdi və bütün kənd əhli, demək olar, həmin tədbirə getmişdi. Hər kəs tarixi günlərə şahidlik etmək həvəsindədir”.

Vüqar Həsənov da uzun illərdən sonra yenidən öz doğma torpağında səsvermə hüququndan istifadə edəcəyinin sevincini yaşadığını söyləyib: “Hər birimiz fevralın 7-də fəxrlə səs verməyə hazırıq və seçkilər gününü səbirsizliklə gözləyirik”.

Kifayət Həsənova isə vurğulayıb ki, Azərbaycan 200 ildən sonra ilk dəfə torpaqlarını işğaldan azad edə bilib: “Biz 30 illik işğalı daha çox vurğulasaq da, bu işğalların tarixi daha qədimdir. Bunu isə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bacarıb. Bu gün vətənimiz bütövdür, biz isə öz torpağımızda prezident seçkisinə hazırlaşırıq. İnanıram ki, həmin günü ən layiqli namizəd qələbə qazanacaq”.

Fuad Nəsibzadə də hisslərini sözlə ifadə etməkdə çətinlik çəkdiyini bildirib: “Bu günlərdə də prezident seçkisi günü ilə əlaqədar sevincli və qürurluyuq. Düşünürəm ki, hər birimiz vətəndaşlıq borcumuzu yerinə yetirməli və ən layiqli namizədə səs verməliyik”.

Qeyd edək ki, Azərbaycanda fevralın 7-ə növbədənkənar prezident seçkisi təyin olunub. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir