Cəmiyyət

Azərbaycanlılar ən çox investisiyanı hansı ölkəyə yatırırlar? – AÇIQLAMA + FOTO

Sharing is caring!


“Son illər xaricdə əmlak almağa maraq göstərən Azərbaycan vətəndaşlarının sayında artım müşahidə olunur. Həmyerlilərimiz xarici ölkələrdə müxtəlif əmlaklara vəsait yatırmaqdadırlar. Əvvəlki illərlə müqayisədə əmlaka yatırım coğrafiyası və məqsədləri dəyişib”.

Bu sözləri Bizim.media-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, son illər Azərbaycan vətəndaşları daha çox qardaş Türkiyədən əmlak almağa üstünlük verirlər:

“Müharibədən əvvəl azərbaycanlılar Ukraynadan əmlak alırdılar. Amma müharibə bu statistikanı dəyişdi. Azərbaycanlıların ən çox investisiya qoyduqları istiqamətlərdən biri də Gürcüstandır. Gürcüstanda xüsusilə daşınmaz əmlakın qeydiyyatı istiqamətində aparılan islahatlar və s. buna təsir göstərir.

Gürcüstana daşınmaz əmlaka investisiya qoyuluşu baxımından azərbaycanlılar birinci yerdədirlər. Son iki ildə baş verən proseslər Rusiyaya mənfi təsir göstərib. İndi Rusiyada yaşayan azərbaycanlıların daha çox Azərbaycana axını tendensiyası müşahidə olunur. Bu səbəbdən Rusiyada vəziyyət bir qədər mənfiyə doğru dəyişib. Orta Asiya ölkələrində də əvvəlki illərlə müqayisədə nisbi artım var. Amma bu göstəricilər Türkiyə səviyyəsinə gəlib çatmayıb”.

Ekspert qeyd edib ki, azərbaycanlıların daşınmaz əmlaka tipik yanaşma tərzləri var:

“Bu, daha çox yaşayış məqsədlidir. İnvestisiya məqsədli daşınmaz əmlak alqı-satqısı o qədər də çox deyil. Türkiyədə əmlak alanların sayı ona görə artır ki, bu ölkədə yaşayanların sayı ilbəil artır”.

Qeyd edək ki, Türkiyə Statistika İdarəsinin məlumatına görə 2015-ci ildən etibarən azərbaycanlılar mütəmadi olaraq qardaş ölkədən ən çox əmlak alanlar sırasındadırlar. Son səkkiz ildə, yəni 2015 -2022-ci illərdə Azərbaycan vətəndaşları Türkiyədən doqquz minə yaxın əmlak alıblar. Azərbaycanlıların Türkiyədən ən çox əmlak aldığı dövr 2021-ci ilə təsadüf edir. Həmin il Azərbaycan vətəndaşları Türkiyədə 1517 daşınmaz əmlak alıblar.

Onu da bildirək ki, 2012-ci ildə Türkiyə hökuməti xaricilərin ölkədə əmlak alması ilə bağlı tarixi qərarlar qəbul edib. Bununla da Türkiyənin əmlak bazarı xarici vətəndaşların üzünə açılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir