Cəmiyyət

Qaçsaq da, çata bilmirik – “Kaspi”nin araşdırması + FOTO

Sharing is caring!


Mütəxəssislər deyirlər ki, ixtisas seçimində gələcəyi nəzərə alan gənclərin sayı artır. Ali təhsil müəssisələri isə gələcəyə yönəlik ixtisasların açılmasında hələ ki, yubanır.

“Gələcək üçün ən çox təhsil, rəqəmsal ticarət və kənd təsərrüfatı sahəsində iş yeri olacaq”.

Bu fikirləri iqtisadiyyat nazirinin müavini Elnur Əliyev səsləndirib. Bəli, bu istiqamətlərə yüksək tələb artıq hiss olunur. Ümumiyyətlə, ixtisas seçimi zamanı gələcəyin peşələrini nəzərə almaq, özümüzü o yöndə inkişaf etdirmək məsləhət görülür. Nəzərə alaq ki, “gələcək” dediyimiz artıq qapıdadır. Bəs gənclər, valideynləri ixtisas seçimi zamanı bu reallıqları nə dərəcədə nəzərə alırlar? Ümumiyyətlə, ölkəmizdə bu ixtisaslar üzrə yetərincə kadr hazırlaya bilirik?

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

“Universitetlər aktual ixtisasların açılmasında gecikir”

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov deyir ki, ümumilikdə dünyanın müxtəlif yerlərində universitetlərin bazarın tələbini qarşılamasında çətinliklər müşahidə edilir:

“Hazırda ölkəmizdə rəqəmsal ticarəti insanlar kurslarda, yaxud, elə işləyə-işləyə prosesin içində öyrənirlər. Tək Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində bənzər vəziyyət müşahidə olunur. Universitetlər bazarın tələbini qarşılamaqda çətinlik çəkirlər. Əslində, universitetlər bazarlara çox yaxın olmalıdır”.

Azərbaycan təcrübəsinə gəldikdə, Q.Məhərrəmov bildirib ki, ali təhsil müəssisələrimizdə yeni ixtisas açılması ləng gedən proses olduğu üçün bazarın tələbləri ilə ayaqlaşmaqda çətinlik çəkirik:

“Ali təhsil müəssisələrimizin yeni ixtisas açmaq, yeni məzmun yaratmaq, müəllim cəlb etmək məsələsi çox yavaş gedir. Yeni ixtisaslar açmaq üçün o sahə üzrə yaxşı müəllimlər olmalıdır. Müəllim problemi də var. Yeni kurikulumların, tədris proqramlarının hazırlanması məsələsi və bunun Nazirlər Kabineti tərəfindən təsdiq olunub yeni ixtisas şəklində tələbə qəbulunda təklif edilməsi uzun zaman alır. Dünya təcrübəsində bu, universitetlərin müstəqil qərarı olur. Universitet tədqiqat aparır, sənaye ilə əməkdaşlıq edilir. İlk olaraq pilot layihə kimi tətbiq olunur. Uğurlu alınırsa, geniş tətbiqinə başlanır. Çox sürətli getməsə də, universitet müstəqil qərar verə bilir. Azərbaycan universitetləri bu mənada gündəmin aktual ixtisaslarını açmaqda gecikirlər”.

Mütəxəssis bildirib ki, hazırda kənd təsərrüfatı üzrə kadrları belə xaricdən gətiririk:

“Kənd təsərrüfatı dövrün ən aktual ixtisaslarından biri olacaq. Bu ixtisasda yenilikləri izləyə bilmək üçün biz gərək Niderland, Norveç, Yeni Zelandiya, Avstraliyanın təcrübəsinə müraciət edək. Çünki kiçik resurslara rəğmən – xüsusilə Skandinaviya ölkələrində – kənd təsərrüfatından böyük gəlir əldə edə bilirlər. Azərbaycanda kənd təsərrüfatı böyük resursdur. Bu sahədə mütəxəssis bizdə az olduğu üçün xaricdən yüksək məbləğə kadrlar dəvət olunur. Yerli kadrlar olsa, onlar rahat iş tapa bilərlər. Biz o məsələdə də yubanırıq”.

Paytaxt sakinləri ixtisas seçimində daha diqqətlidirlər

Karyera məsləhətçisi Toğrul Ələkbər təhsil sistemimizdə gələcəyin peşələrinin hazırlamasına yönəlik addımlar müşahidə edildiyini bildirdi: “Misal üçün, son illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin modernləşməsini və müasir əmək bazarının tələblərinə uyğun təhsil sistemini tətbiq etdiyini deyə bilərik. Təhsil baxımından ADA Universitetinin qabaqcıl fəaliyyətini və Azərbaycan Dövlət Pedaqoji Universitetin modernləşməsini, orada dual proqramlar olmasını deyərdim. Tək Azərbaycan deyil, bir çox ölkələrdə əmək bazarındakı sürətli dəyişikliyə təhsil sistemi çox da uyğunlaşa bilmir, yaxud uyğunlaşması bir az vaxt aparır”.

T.Ələkbər ixtisas seçimi zamanı gələcəyi nəzərə alanların sayının artdığını da dedi: “İxtisas seçiminə daha ciddi yanaşan gənclərin və valideynlərin sayı artıb. İndi seçim zamanı həm də o ixtisasa gələcəkdə tələb olub-olmadığını araşdırırlar. Düzdür, paytaxtda yaşayanların bu məsələləri nəzərə alaraq qərarvermə faizi daha yüksəkdir. Çünki paytaxtda məlumatlılıq daha çoxdur. Sevindirici haldır ki, aparılan maarifləndirmə nəticəsində region gəncləri də bu prosesdə kifayət qədər aktivdirlər. Valideynlər, gənclər maarifləndikcə daha diqqətli yanaşırlar”.

Kadr problemi yaşanacaq

İnsan Resursları üzrə mütəxəssis Saleh Həsənovun sözlərinə görə, bəzi universitetlər gələcəyin peşələri üzrə kadrlar yetişdirilməsinə gedə bilməsələr belə, mövcud ixtisaslarda təhsil alan kadrlarının gələcəyə yönəlik olmaları üçün müəyyən addımlar atırlar: “Dünyada da təhsildə nəzəriyyə çoxdur, amma nəzəriyyənin arxasında praktika dayanır. Bizdə isə nəzəriyyəyə lap çox köklənmə var. Son vaxtlar bəzi təhsil müəssisələrində ixtisasla bağlı nəzəri biliklərlə yanaşı, yumşaq bacarıqlar, davranış bacarıqları (soft skills) ilə bağlı ciddi şəkildə təlimlər, dərslər keçirilir. Bu da imkan verir ki, tələbələr növbəti trendin nə olmasından asılı olmayaraq özlərini bir sonrakı mərhələyə hazırlasınlar, öz üzərlərində işləsinlər. Bu zaman müəyyən qədər gələcəklə bağlı inam, ümid yaranır. Bunların sayəsində özünü gələcəyə hazırlayan tələbələr ola bilər. Ümumən təhsil sistemi daha çox nəzəridir”.

S.Həsənov qeyd etdi ki, tələblər çox sürətlə dəyişdiyi üçün gələcəkdə şirkətlərin kadr tapmaq problemi istər-istəməz yaşanacaq: “Hazırda dünyada çox sürətli dəyişikliklər baş verir. Dünyada baş verənlər insanların ixtisas və iş seçiminə təsir göstərir. Şirkətlər hazırda və bir çox sonrakı mərhələlərdə əziyyət çəkəcəklər. Çünki dövrün trendini əvvəldən çox dəqiq tutmaq olmur. Dünya çox sürətlə dəyişir. Rəqəmsal mütəxəssislərlə bağlı problem artıq yaşanır. Gələcəkdə rəqəmsal ticarət belə qısa müddətdə trenddən düşə, ortaya tamam fərqli bir anlayış gələ bilər. Gələcəyimiz tam proqramlaşdırıla bilinmir deyə, gələcəkdə kadr problemi yaşama ehtimalımız çoxdur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir