Cəmiyyət

Parklarda qurulan nəhəng Yeni il ağacları nə qədər təhlükəsizdir? – AÇIQLAMA + FOTO/VİDEO

Sharing is caring!


Bir neçə gün öncə Gəncə şəhərində mərkəzi meydanda qurulan Yeni il üçün bəzədilən şam ağacı aşıb. Hadisəyə səbəb güclü küləklə müşahidə edilən hava şəraiti olub. 

Məlumatlara görə, şam ağacının aşması nəticəsində xəsarət alan olmayıb. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə Yeni il üçün qurulan şam ağacının ətrafında uşaqdan-böyüyə xeyli sayda insan olduğu görünür.

Bu kimi bədbəxt hadisələrdən heç kim sığortalanmayıb. Mövcud vəziyyəti nəzərə alaraq insanlar parklarda uşaqlarının Yeni il üçün qurulan şam ağaclarına yaxınlaşmasından narahatdırlar. 

Bəs meydanlarda, parklarda qurulan iri Yeni il ağacları nə qədər təhlükəsizdir?

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazi üzrə Yeni il üçün şam ağacı Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında qurulub:

“Əlbəttə ki, şam ağacı bəzədilərkən Bakının küləklər şəhəri olduğu nəzərə alınıb. Bu məqam hər zaman bizim diqqətimizdədir. Yeni il üçün şam ağacı qurulan zaman zəruri təhlükəsizlik tədbirlərinə ciddi şəkildə nəzarət olunub. Həm dayaqlar müvafiq qaydada bərkidilib, həm də dayaqların üzərinə xüsusi ağır yüklər qoyulub. Bundan başqa, aidiyyəti üzrə ərazidə Yeni il ağacına nəzarət edən məsul əməkdaşlar var. Son bir neçə gün ərzində müşahidə edilən küləkli hava şəraiti zamanı da heç bir ciddi fəsad qeydə alınmayıb”.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidə iki ədəd, hündürlükləri müvafiq olaraq dörd və beş metr olan Yeni il ağacları quraşdırılıb:

“Küləkli hava şəraitində Qız qalasının küləyin qarşısını almasına baxmayaraq, zəruri təhlükəsizlik tədbirləri nəzərə alınıb. Bu məqsədlə Yeni il üçün bəzədilən ağaclar troslar vasitəsilə dirəklərə, anker boltlarla isə yerə bərkidilib. Dəmir rekonstruksiyalıdır. Zəruri olan bütün təhlükəsizlik tədbirləri görülüb”.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev sorğumuza cavab olaraq bildirib ki, Yeni il üçün şam ağacları şəhərin bir neçə rayonunda quraşdırılıb:


(Sumqayıt Dram Teatrının qarşısındakı Yeni il ağacı)

“Belə ki, ən hündür Yeni il ağacı şəhərin Azərbaycan prospektində, Sumqayıt Dram Teatrının qarşısında qurulub. Yeni il ağacının hündürlüyü doqquz metrdir. Ümumilikdə şəhərin üç istiqamətində – Göyərçin abidəsinin qarşısında, Heydər Əliyev adına parkda, Nəsimi abidəsinin yaxınlığında və digər ərazilərdə Yeni il ağacları quraşdırılıb. Onlar qurularkən zəruri təhlükəsizlik tədbirləri görülüb, heç bir aşma təhlükəsi yoxdur. Quraşdırılma işləri hər il eyni qaydada həyata keçirilir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir