Cəmiyyət

“Maska” şounun Azərbaycan versiyası haqqında TƏFƏRRÜAT: Layihənin icraçı prodüseri ilə MÜSAHİBƏ – VİDEO

Sharing is caring!


İctimai Televiziyada (İTV) yeni musiqi layihəsi uğurla start götürüb.

“Maska” Cənubi Koreyada nümayiş etdirilən və MBC kanalında yayımlanan dünyaca məşhur “King of Mask Singer” şousunun Azərbaycan versiyasıdır.

2019-cu ilin yanvar ayında proqram Amerika televiziyasında “The Masked Singer” adı ilə efirə gedib.

Bu format Almaniya, Fransa, Rusiya, Meksika, Avstraliya və Tayland da daxil olmaqla dünyanın onlarla ölkəsinə satılıb.

Layihə tez bir zamanda bütün dünyada televiziya tamaşaçıları arasında populyarlıq qazandı və indi bu əyləncə proqramı bizim yerli pərəstişkarlarının qəlbini fəth edir.

Müsabiqənin münsifləri xalq artisti Faiq Ağayev, əməkdar artist Coşqun Rəhimov, müğənnilər Nigar Camal və Murad Arif, aparıcısı isə Kamilya Babayevadır.

“Maska” layihəsinin icraçı prodüseri Anastasiya Karyakina Media.Az-a müsahibəsində şounun Azərbaycanda keçirilməsinin özəlliklərindən, sənətçilərdən, planlar və sair məsələlər barədə danışıb.

– Azərbaycanda bu layihənin yaradılması ideyası nə vaxt yaranıb?

– Əgər hər şeyi düzgün xatırlayıramsa, hələ 2019-cu ildə işgüzar səfərlərinin birində Balaş Qasımov (Azərbaycanda “Nə? Harada? Nə zaman?”  televiziya oyununun aparıcısı və baş prodüseri) Timur Vaynşteynlə görüşərkən (Rusiyalı televiziya və kino prodüseri, redaktor, rejissor) sonuncu ona yeni, lakin getdikcə populyarlaşan beynəlxalq layihə olan “The masked singer”i təklif edib.

O zaman “White Media” şirkəti (televiziya proqramlarının, həmçinin bədii filmlərin və serialların istehsalı ilə məşğul olur) franşiza hüquqlarını əldə etdi və “Maska” şousunun ilk mövsümünün çəkilişlərinə başladı.

Demək olar ki, eyni vaxtda franşizanın müəllif hüquqlarının sahibi olan “FremantleMedia” ilə danışıqlar aparılıb və bir müddət sonra İTV kanalı lisenziyanı alıb.

Təəssüf ki, pandemiya və maliyyə çətinlikləri səbəbindən bütün qrafiklər dəyişdirilməli oldu və biz yalnız bu il layihənin istehsalına başlaya bildik.

– Bu şou daha hansı ölkələrdə nümayiş olunur?

– Hazırda lisenziyalı şou 58 ölkədə – Antarktidadan başqa (gülümsəyir) bütün kontinentlərdə ya nümayiş olunub və ya nümayişi nəzərdə tutulur.

– Hazırlıq prosesləri çoxmu vaxt apardı? Ən çətin olan nə idi?

– Layihənin hazırlığına bu ilin may ayında başladıq – geyim üzrə rəssam ilk eskizləri təqdim etdi. Bundan əlavə, verilişdə görmək istədiyimiz məşhurlarla danışıqlara start verildi. İyul ayında layihənin musiqi prodüseri tərəfindən musiqi materialları üzərində işə başlandı.

Ən çətini isə təbii ki, intriqanı saxlamaq idi: elə etmək lazım idi ki, heç kim bu və ya digər maskanın altında hansı məşhurun gizləndiyini başa düşməsin (gülümsəyir). Mən təkcə bütün layihənin əsas və fundamental aspektini təşkil edən konfidensiallıq məsələlərini deyil, həm də bədii komponentləri nəzərdə tuturam – maskalar mahnı oxuduqları zaman öz “doğma” səslərini, intonasiyalarını, yerişlərini, jestlərini gizlətməlidir. İpuçlarını yazarkən redaktorlar qarşısında çətin bir vəzifə dayanırdı. İpucları çox açıq-aşkar olmamalı, hətta bəzi hallarda detektivləri və tamaşaçıları çaşdırmalı idi.

– Yerli sənətçilər bu layihəni necə qarşıladılar? İştirak etməkdən imtina edənlər oldumu?

– Sənətçilər dəvəti böyük həvəslə qarşıladılar! Danışıqlar apardığımız bütün məşhurlardan yalnız ikisi imtina etdi: bir nəfər klaustrofobiya səbəbindən – kostyumlarda nəfəs almaq, hərəkət etmək çox vaxt çətin olur və ətraf məkanı görmək çətindir. İkincisi, bizə elə gəlir ki, bunun necə bir layihə olduğunu və hansı miqyasda planlaşdırıldığını başa düşmədi.

Mütləq maskalar altında gizlənən və ya münsiflər heyətində oturan hər kəs özünü tam bu işə verir. İştirakçılardan çoxu səhnəyə çıxmazdan əvvəl, hətta səsvermə zamanı çox narahat olduqlarını bölüşürlər, çünki hər kəs layihədə mümkün qədər uzun müddət qalmaq istəyir. Münsiflər heyəti efirdə səsləndirilənlərdən başqa kimsənin ən azı bir neçə ipucu verəcəyi ümidi ilə maskalara suallar verirlər. Ümumiyyətlə, hazırlıq və çəkiliş prosesi pozitivlik və bir növ bayram şəraitində keçir.

– İlk veriliş bazar günü oldu, televiziya tamaşaçıları arasında uğurunu necə qiymətləndirirsiniz?

– Birinci bölüm televiziya tamaşaçıları, xüsusən də sosial şəbəkələrdə çox müsbət qarşılandı. Sosial şəbəkələrdə çoxlu sayda şərhlər və aktiv müzakirələr tamaşaçıların layihəyə yüksək marağından xəbər verir.

Bir çox televiziya tamaşaçısının maskanın altında kimin olması barədə təxminlər irəli sürərək, böyük maraq göstərdiyi nəzərə çarpır. Deməli, əslində kadrda gördüyümüz beş yox, minlərlə münsiflər heyətimiz var və tamaşaçının irəli sürdüyü hər bir fərziyyə “Maska” layihəsinin əsas sualına cavab verən zəncirin halqasıdır: “Kimsən sən?” (gülür).

– Tamaşaçılar üçün hansı xüsusi və maraqlı şeylər hazırlayırsız? Sürprizlər olacaqmı?

– Bunsuz olar? Sizə bir sürprizi qismən açıqlaya bilərəm: 31 dekabr Yeni il verilişində iki qonaq maskası olacaq – gedən ilin simvolu olaraq Dovşan və gələn ilin simvolu olaraq Əjdaha. Tamaşaçı onların altında kimin gizləndiyini tamaşadan dərhal sonra öyrənəcək, çünki onlar əsas marafonda iştirak etmirlər.

– Maskalarda hansı personalar var? Bütün ölkələr üçün eynidir, yoxsa dəyişikliklər edə bilərsiniz?

– İlk verilişdə artıq altı maska göstərilmişdi – Xarıbülbül, Cəngavər, Güzgü, Nar, Molla Nəsrəddin və Qurd. Bir o qədər də dekabrın 17-də ikinci verilişdə olacaq – Qorilla, Cırtdan, Xalça, Qəlyan, Od, Kəpənək. Bunlar layihədəki bütün maska kostyumlarıdır, daha sonra efirdə yalnız iki yeni maska olacaq, artıq qeyd etdiyim kimi – Əjdaha və Dovşan.

– Növbəti mövsümə çıxmaq planınız varmı, yoxsa bu haqda danışmaq hələ tezdir?

– Layihəni davam etdirmək qərarı diqqətlə düşünməyi tələb edir. Bu, müxtəlif amillərdən, ilk növbədə maliyyədən asılıdır. Veriliş tamamilə kanalın hesabına hazırlanır. Təəssüf ki, hazırda sponsorluq təkliflərinin heç biri xərclərin heç 1/20 hissəsini ödəmir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir