Siyasət

Türk Dövlətləri Könüllü Təşkilatları İttifaqlarının əlaqələndirmə görüşü keçirilib – FOTO

Sharing is caring!


Beş dekabr tarixindən etibarən başlayan və 10 mindən çox Azərbaycan könüllüsünü əhatə edən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində türk dövlətlərinin könüllü təşkilatlarının rəhbər və nümayəndələri ölkəmizə səfər ediblər.

Oxu.Az xəbər verir ki, nümayəndə heyəti ölkəmizdə vüsət alan könüllülük hərəkatının mexanizmi və bu hərəkatın inkişaf etdirilməsi istiqamətində atılan geniş addımlar ilə yaxından tanış olub, 13 dekabr tarixində Bakı Konqres Mərkəzində baş tutan “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu”nda da iştirak edərək ölkəmizdəki könüllülük təcrübəsinə əyani şahidlik ediblər.

“Azərbaycan Könüllülük Həftəsi 2023”ün davamı olaraq Quba rayonunda təşkil edilən “Dəmir Yumruq Könüllülərin Həmrəylik Düşərgəsi”ndə iştirak edən Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan Respublikalarının könüllü təşkilatlarının rəhbər və nümayəndələri ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı arasında 14 dekabr tarixində əlaqələndirmə görüşü həyata keçirilib.

Görüşdə ölkələr arasında təcrübələrin bölüşülməsi, könüllü fəaliyyəti haqqında beynəlxalq standartların hazırlanması, hər bir ölkə üzrə könüllülüyün istiqamətlərinin sənədlər üzrə bölünməsi haqqında müzakirələr aparılıb. İnteraktiv müzakirələrin nəticəsi olaraq türk dövlətləri arasında könüllü fəaliyyəti üzrə əməkdaşlıq ediləcək istiqamətlər müəyyənləşdirilib, hər ölkə özünəməxsus könüllülük təcrübəsinin digər tərəfdaş ölkələrdə təqdimatlarının keçirilməsinə və könüllü fəaliyyətləri haqqında standartların mübadiləsi razılığına gəlinib. Həmçinin, görüşün yekununda Türk Dövlətləri Könüllü Təşkilatları arasında əməkdaşlıq imkanlarını daha da gücləndirmək, inkişaf etdirmək və fəaliyyətlər üzrə növbəti addımların müəyyənləşdirilməsi məqsədilə əlaqələndirmə görüşlərinin 2024-cü il ərzində ardıcıl olaraq Qazaxıstan, Özbəkistan və Qırğızıstanda keçirilməsinə dair razılıq əldə edilib.

Eyni zamanda, türk dövlətlərinin könüllü təşkilatlarının rəhbər və nümayəndələri ölkəmizdə olmaqdan məmnunluq duyduqlarını bildiriblər. Belə ki, səfərdə olan qonaqlar ölkəmizin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti, adət-ənənələri haqqında dolğun məlumat əldə edib, son illərdə Azərbaycanın keçdiyi sürətli inkişaf yolu ilə daha yaxından tanış olublar. 

Qeyd edək ki, “Azərbaycan Könüllülük Həftəsi 2023” Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir