Cəmiyyət

Ölüm gətirən qızılca və valideynlərin buna qədər buraxdıqları səhvlər…

Sharing is caring!


Emilya Tağıyeva yazır…

Artıq hər gün qızılca xəstəliyi səbəbindən ölən uşaqlarla bağlı xəbərlər eşidirik. Bunun ən böyük səbəbi valideynlərin övladlarının (doğulduğu ilk gündən azı altı yaşına kimi) peyvənd olunmasından imtina etməsidir.

Ətrafımda olanlarla bu barədə söhbət elədim. Bəziləri tutarlı səbəblər gətirdilər. Filankəsin uşağı peyvənd olunandan sonra autizmə tutuldu, hələ də həkimlə məhkəmələri gedir; filankəsin övladının ayağı tutulub və sair.

Yəqin ki, bu xəbərləri eşidən hər bir valideyn övladını peyvənd etdirməkdən çəkinər.

Düşünürəm ki, məsələnin kökü daha dərindədir. Üç uşaq böyütmüş ana kimi deyə bilərəm ki, peyvəndlənmə prosesi bir az həngamədir: uşağı poliklinikaya aparırsan, terapevtdən tutmuş stomatoloqa, cərrahdan tutmuş otolarinqoloqa kimi haradasa 10-15 həkimdən keçirməlisən. Hələ bir də təhlillər var ki, bunun üçün bəzi məsələlər evdəykən həll edilməlidir, həmçinin uşaq tibb müəssisəsinə acqarına gətirilməlidir və s.

Adətən valideynlər həftənin iş günləri məşğul olur, uşaqlar isə bağçaya gedirlər. Ona görə də bu yoxlanışlar həftənin şənbə gününə salınır. Həmin günü poliklinikadakı ajiotajı təsəvvür edirsiniz? Bir həkimin növbəsinə düşmək üçün saatlarla gözləməli olursan. Bəzən də növbədə o qədər uzun müddət qalırsan ki, sonda həkimin iş vaxtı bitir və sənin işin növbəti iş gününə qalır (dəfələrlə başıma gəlib).

Bunların içində ən çətini uşağı ram eləməkdir. Balaca uşaqlar laboratoriya mərtəbəsinə çıxanda barmağının deşiləcəyini anlayıb ağlamağa başlayır, qulağı yoxlananda qorxur, dişlərinə baxmağa qoymur, boğazı müayinə ediləndə öyüyür… Sonra acır, susayır, yorulur, oynamaq istəyir, dəcəllik edir, başqa uşağın ağladığını eşidib ağlayır, sual verir və sair və ilaxır…

Bir də təsəvvür edin peyvənd üçün iki, ya üç uşaqla gəlirsən.

Buna görə, valideynlərin bəziləri bu prosesi tezləşdirmək üçün həkimin otağına girəndə həkim sual verməmiş “hə, yaxşıdır, heç bir şikayətim yoxdur” deyir.

7-8 saatlıq prosesi daha qısa “yollarla” bir saata həll edən, ya da müayinə zamanı həkim səhlənkarlığına məruz qalanlar da az deyil.

Nəticə eynidir: üzəri “müayinə edildi” möhürü ilə dolu arayış peyvənd vurdurmaq üçün həkimə təqdim edilir…

Bundan sonra həkimin peyvəndin yeri ilə bağlı verdiyi tövsiyələrə (iynə yerinə su dəyməməsi, müəyyən qədər pəhriz, qızartını nəzarətdə saxlamaq) nə dərəcədə riayət edilməsi məsələsi var.

Deməli, hamısında olmasa da, bəzi hallarda peyvənddən sonra uşağın orqanizmində yaranan problemlərin səbəbi vaksində deyil, yuxarıda sadaladığım prosesdən keçilən zaman atılan yanlış addımlardır. Bu isə öz növbəsində peyvənd əleyhinə kampaniyalara səbəb olur və sonu ağır nəticələrə gətirən zəncirvari proses başlayır… 

Sonda onu da deyim ki, peyvəndlənmə təkcə qızılcaya görə önəmli deyil. Bir yaşına qədər uşaq sarılıq, vərəm, göyöskürək, difteriya və s. təhlükəli xəstəliklərə qarşı haradasa 10-11 vaksinasiya prosedurandan keçir (bundan sonra 6 yaşına kimi səhv etmirəmsə iki vacib peyvənd var). Son vaxtlar uşaqlar arasında xəstəliyin bəzən aylarla çəkməsi, xroniki hal alması da bu “antipeyvənd aksiyasının” fəsadları ola bilər.

Yeri gəlmişkən onu da qeyd edim ki, pandemiya vaxtı yoluxma miqyasına baxmayaraq COVID-19-dan ən az ölüm postsovet ölkələrində idi. Araşdırma zamanı məlum oldu ki, səbəb uşaqlara doğulduğu ilk gündən müəyyən peyvəndlərin vurulmasıdır.

Bir şey haqqında qərar vermək olar, ancaq bunun üçün ətraflı araşdırma aparılmalıdır, yaxud mütəxəssislə söhbət edilməlidir. Hər halda söhbət övladının taleyindən gedir. “Heç nə olmaz” deyib üstündən keçirik, halbuki atalar demiş “bıyy” bir dəfə olur…”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir