Cəmiyyət

Bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır

Sharing is caring!

        Mayın 19-da Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində  Prezident İlham Əliyevin çıxışında qeyd olunur ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Torpaqlarımızın təxminən 20 faizi zəbt edilmişdi, oradan Azərbaycan əhalisi çıxarılmışdı, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdı, bir milyon azərbaycanlı evsiz-eşiksiz qalmışdı. Uzun illər bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupu və onun həmsədrləri məsələni həll etmək üçün yox, məsələni dondurmaq üçün çalışırdılar. 28 il ərzində fəaliyyət göstərən, əslində, fəaliyyətsiz olan Minsk qrupunun tamamilə ləğv edilməsi Azərbaycanın haqlı tələbidir.                       

        Uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Azərbaycan Ermənistanla olan məsələni – öz ərazi bütövlüyünün bərpasını 2020-ci ildə hərbi-siyasi yollarla, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində həll edib və 2023-cü ildə öz dövlət suverenliyini tam bərpa edib. İndi isə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Bu prosesin ilkin müsbət nəticələrini görürük və sərhədimizin şimal hissəsində artıq delimitasiya və demarkasiya başlanmışdır.

         Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq. Əgər kimsə – buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Hesab edirəm ki, Ermənistan səhv addım atmamalıdır.

         Prezident İlham Əliyev vurğulayıb ki, regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır. Ermənistan uzun illər ərzində buradan uzaqlarda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlamışdır. Nəticə nə oldu? Nəticə onlar üçün o qədər də ürəkaçan olmamışdır. Yəni, növbəti səhv buraxmasın. Bölgədə yaşayan xalqlar burada tarixən yaşayıb. Bölgə dövlətləri güclü dövlətlərdir, müstəqil siyasət aparan dövlətlərdir. Heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir etməyib və etməyəcək. Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcəkdir.   

      Elçin Zeynalov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir