Cəmiyyət

Qarabağ və Şərqi Zəngəzura qayıdanların məşğulluğunun təmin olunması üçün görüləcək işlər açıqlanıb

Sharing is caring!


Qarabağ və Şərqi Zəngəzura qayıdanların məşğulluğunun təmin olunması üçün görüləcək işlər açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda keçirdiyi konfransda bildirilib.

Tədbir Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində gerçəkləşdirilən “Doğma yurdlarına qayıdacaq məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviq və cəlb edilməsi vasitəsilə dayanıqlı icmaların yaradılması üzrə təşəbbüslərin dəstəklənməsi” layihəsinin ilkin mərhələsinin yekunlarına həsr olunub.
Konfransın moderatoru, Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev layihə haqqında məlumat verib.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov konfransın mövzusuna dair çıxış edib. Bildirib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış – dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya Azərbaycanın 2030-cu ilə kimi icra edilməli olan sosial-iqtisadi inkişafının beş milli prioritetindən biridir. Böyük Qayıdışa dair birinci Dövlət Proqramında məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşması və iqtisadi fəaliyyətə reinteqrasiyası proqramın məqsədlərindən biri kimi müəyyənləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti və tapşırıqları əsasında bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlərin doğma yurda rahat, təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür. Artıq üç mindən çox məcburi köçkünün daimi məskunlaşmaq üçün geri qayıtdığı qeyd edilib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Dövlət Komitəsi bununla əlaqədar olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə layihələr həyata keçirir.

Konfransda Milli Məclisin deputatları Mahir Abbaszadə və Naqif Həmzəyev çıxış ediblər. Qeyd edilib ki, bu günlərdə Milli Məclisə hökumətin təqdim etdiyi 2024-cü ilin dövlət büdcəsi layihəsinin digər prioritetləri sırasında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri də var. Geri qayıdanların məşğulluğunun təmin edilməsi üçün istehsalın və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi işləri də uğurla icra olunur, yerli və xarici sərmayəçilər üçün əlverişli biznes mühiti formalaşdırmaq üçün sənaye parkları yaradılır və digər müvafiq işlər görülür.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Hikmət Məmmədov məcburi köçkün icmalarının biznes və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinin mühüm məsələ olduğunu bildirib, bu sahədə Dövlət Komitəsi ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova isə çıxışında qeyd edib ki, layihə çərçivəsində məcburi köçkünlərə biznes bacarıqlarını inkişaf etdirmək məqsədilə peşəkar biznes təlimlər keçirilib. Geri qayıtdıqdan sonra fəaliyyət göstərəcəkləri sahələr üzrə biznes planlar hazırlanıb və mikro sahibkar kimi fəaliyyət göstərmələri üçün müvafiq addımlar atıb.

Tədbirdə məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışını əks etdirən videoçarxlar nümayiş etdirilib.

Sonda “Doğma yurdlarına qayıdacaq məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviq və cəlb edilməsi vasitəsilə dayanıqlı icmaların yaradılması üzrə təşəbbüslərin dəstəklənməsi” layihəsinin iştirakçılarına sertifikatlar təqdim edilib. Layihənin iştirakçısı Laçın rayonunun Zabux kəndinin sakini Ziyadxan Məmmədov layihənin onlarda biznes bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib, məcburi köçkünlərin məşğulluğunun artırılmasına dövlət dəstəyinin göstərilməsinə görə ölkə rəhbərliyinə təşəkkür bildirib.

Konfrans iştirakçıları məcburi köçkünlərə gəlirgətirən fəaliyyətlə məşğul olmaq üçün təqdim edilən avadanlıqlarla tanış olublar.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir