Cəmiyyət

İlqar Musayev: “İnformasiya təhlükəsizliyinin təmini üçün yeni nəsil texnologiyaların tətbiqi kifayət etmir”

Sharing is caring!


“Müasir dövrdə vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiya texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır”.

Oxu.Az xəbər verir ki, bu fikir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayevin 26-27 oktyabrda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbiri ilə bağlı brifinqin iştirakçılarına müraciətində yer alıb.

Qeyd olunub ki, informasiya texnologiyalarının qlobal miqyasda yüksək sürətlə yayılması cəmiyyətin informasiya ilə təminatı ilə yanaşı, kibercinayətkarlığın da meydana gəlməsinə və gündən-günə artmasına gətirib çıxarır:

“Məhz bu səbəbdən cəmiyyətin və dövlət qurumlarının informasiya təhlükəsizliyinin etibarlı təmin edilməsi ölkəmizin prioritet məsələlərindən biri hesab olunur. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumları üçün informasiya təhlükəsizliyi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi, mütəmadi olaraq dövlət qurumlarının informasiya sistemlərini audit və monitorinq etməklə onların informasiya təhlükəsizliyinin vəziyyətini operativ surətdə qiymətləndirir.

Kiberhücum vektorlarının analizi hakerlərin əsas hədəflərindən birinin məhz son istifadəçilər olması qənaətinə gəlməyə imkan verir. Bu da sahə üzrə maarifləndirmə işlərinin genişləndirilməsinə ciddi ehtiyacın olduğunu göstərir. Belə ki, günümüzdə bir çox kiberhücumların, eləcə də adi gündəlik dələduzluq hallarının məhz sadə insanları, son istifadəçiləri hədəf aldığını görürük. Sistemlərə edilən kiberhücumlar hakerlərdən daha böyük enerji, bilik və resurs tələb etdiyindən istifadəçiləri hədəf almaq onlar üçün daha asandır.

Bu baxımdan, informasiya təhlükəsizliyinin təmini məqsədi ilə yeni nəsil texnologiyaların tətbiqi kifayət etmir”.

İ.Musayev onu da əlavə edib ki, bu prosesdə son istifadəçilərin informasiya təhlükəsizliyi sahəsində biliklərinin artırılması və onların hazırlıq səviyyəsinin yüksəldilməsi də çox vacibdir:

“Bununla bağlı xidmətimiz tərəfindən dövlət qurumlarının əməkdaşları üçün kibergigiyena layihəsi, “İnformasiya təhlükəsizliyinin təmini üzrə Təlimat”ın tətbiqinin təşviq edilməsi, “İnformasiya Təhlükəsizliyi Təqvimi” layihəsi üzrə hər ay müxtəlif mövzular üzrə seminarlar və digər maarifləndirmə tədbirləri həyata keçirilir.

Xidmət informasiya təhlükəsizliyi sahəsində görülən işlər, təhlil edilən kibertəhdidlər və kiberinsidentlərlə bağlı dövlət qurumları ilə yanaşı, cəmiyyətin və vətəndaşların kibertəhlükələr barədə məlumatlandırılması istiqamətində tədbirlər keçirir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir