Cəmiyyət

Zaqatalalı arıçılar çətin durumda: “Son 40 ildə belə az məhsuldarlıq olmayıb” – FOTO

Sharing is caring!


Zaqatalada arıçılıq peşəsinə maraq ildən ilə artmaqdadır. Təsadüfi deyil ki, hazırda rayonda arıçılıqla irili-xırdalı 1400 nəfərdən çox insan məşğul olur.

Bizim.media-nın yerli bürosu xəbər verir ki, arı ailələrinin sayı isə son beş ildə artaraq 40 minə çatıb. Builki mövsüm havaların qeyri-sabit keçməsi səbəbindən arıçılıq üçün çətin bir il olsa da, zaqatalalı arıçılar indidən qışa hazırlaşırlar.

Məqsəd arı ailələrini qarşıdan gələn sərt qışdan sağlam çıxarmaqdır. Qeyr-sabit hava arı təsərrüfatlarına da təsirini göstərib. Bu il havaların qeyri-sabit keçməsi arıçıların işini bir qədər çətinə salıb, daha doğrusu gecikdirib.

Digər tərəfdən son günlər temperaturun aşağı enməsi də arı ailələrini bir qədər də aqressivləşdirib. Zaqatala Arıçılar Assosiasiyasının sədri Mövləddin Qurbanəliyev bildirib ki, son illər bu sahəyə maraq xeyli artıb. İnsanlar həm öz qidalarını zənginləşdirir, həm də arı məhsullarını sataraq ailə gəlirlərini artırırlar.

Son beş ildə rayonda arıçıların səyi nəticəsində arı ailələrinin də sayının qırx mini ötdüyünü deyən Mövləddin Qurbanəliyev gənc arıçıların bir sıra təlimlərə cəlb olunduğunu bildirib. Zaqatalanın flora və faunası, dağlıq və aran ərazilər, bitki örtüyünün müxtəlifliyi, ən əsası isə iqlim şəraiti arıçılıq üçün ən münbit, ən optimal şərait hesab olunur.

Lakin bu il arıların nektar toplama dövrü qeyri-sabit hava şəraitinə təsadüf edib. Ağacların çiçəkləmə dövründə havaların yağmurlu keçməsi arıların məhsul toplamasına ciddi təsir göstərib.

Ömrünün 40 ildən çoxunu bu peşəyə həsr edən, bir sözlə arıçılıqla nəfəs alan Səməd Qurbanov ilk dəfədir belə halla qarşılaşdığını bildirib. Təcrübəli arıçı qeyd edib ki, elə arı ailələri olub ki, ondan heç məhsul götürə bilməyiblər. İndi isə qarşıdan qış fəsli gəlir və indidən arıları sərt qışa hazırlamaq lazımdır. Bunun üçün ilk növbədə arı ailələri xəstəliklərə qarşı gənələrdən təmizlənməli, eləcə də digər xəstəliklərdən qorunmalıdır.

Belə olmasa, gələn ilə nə arı ailəsi çıxar, nə də məhsul olar. Bu günlər arıçılar qışlamaq üçün arı ailələrini hazırlayır, yemlənməsini, onun müalicəsini aparır, gənə xəstəliyinə qarşı profilaktik tədbirlər görürlər.

Olduğumuz təsərrüfatda arıçılar arasında diqqətimizi rusəsilli soydaşımız Olqa Miloserdeva çəkir. İxtisasca mühasib olan Olqa xanım ilk arı ailəsini gəlin gəldiyi evdə görüb. Əvvəllər arılardan çəkinsə də, sonradan onlara bağlanıb və zaman gəlib ki, öz arıçılıq təsərrüfatını təşkil edib.

Hazırda oğlanları bu peşəni davam etdirirlər. Olqa Miloserdeva ilə söhbətdən bəlli olub ki, iki oğlu da bu maraqlı və halallıq sevən peşənin sahibidir. Builki qeyri-sabit hava şəraitinin arıçılar üçün əsl imtahan ili olduğunu deyən Olqa xanım arı ailələrini qışa hazırlamağın vacib olduğunu xüsusi qeyd edib. Məhsul az olsa da, ilk dəfə badam balı əldə ediblər.

Zaqatalada qadın arıçılar qrupuna bir neçə ildir rəhbərlik edən Lalə Qurbanəliyevanın təsərrüfatında da bu mövsüm çətin il hesab edilir. Ona görə indidən arıçılar bir araya gəlir, fikir mübadiləsi aparır, məsləhətləşir və qışa ciddi hazırlıq görürlər. Lalə xanım bizi həm də özünün təsərrüfatında yetişdirdiyi arı məhsulları ilə tanış edib.

Burada müxtəlif növ bal məhsulu ilə yanaşı, həm də arı məhsullarından hazırlanmış müalicəvi dərmanlara rast gəlmək olar. Lalə xanım bildirir ki, bu il bir tərəfdən sınaq ili olsa da digər tərəfdən onun təsərrüfatı üçün maraqlı il sayıla bilər.

Belə ki, ilk dəfə onun arıxanası badam bağlarında yerləşdirilib və olduqca orqanik badam balı əldə edilib. Həmin balın laborator müayinəsi aparılıb və keyfiyyətinin, müalicəvi əhəmiyyətinin olduqca böyük olduğu məlum olub.

Qışdan sağ çıxan arı ailələrinin məhsulu da bol olacaq. Zaqatala Arıçılar Assosiasiyasının sədri Mövləddin Qurbanəliyevin sözlərinə görə, hazırda rayonda 1400 nəfər hüquqi və fiziki şəxs məşğul olur.

Builki mövsümün nəticələri arıçıları qane etmədiyindən, baş verə biləcək xəstəlik və hadisələrə hazır olmaq üçün arıçılar vaxtaşırı təsərrüfatlarda olur, fikir mübadiləsi aparır, təcrübələrini bölüşürlər. Assosiasiya sədri onu da bildirib ki, indidən qarşıdan gələn qış mövsümünə hazırlıq, arı ailələrində aparılan profilaktik tədbirlər gələn mövsüm üçün ümidləri artırır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir