Cəmiyyət

“Yeni ştammlar dünyada geniş yayılırsa, Azərbaycanda da ortaya çıxacaq” – FOTO

Sharing is caring!


Qlobal miqyasda koronavirus pandemiyasının demək olar ki, başa çatdığı hesab edilsə də, virus hələ də yer üzündə yayılaraq insanları öldürür.

İş orasındadır ki, COVID-19 mutasiya etməyə davam edərək yeni ştammlar yaradır. Hazırda dünyada koronavirusun iki növü yayılmaqdadır: EG.5 “Eris” və BA.2.86 “Pirola”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusun dediyi kimi, peyvəndləməyə, eləcə də sürətli diaqnostika və effektiv müalicə nəticəsində populyasiya immunitetinin formalaşmasına baxmayaraq, koronavirus dünyanın bütün ölkələrində sirkulyasiya etməyə davam edir. Bu virus hələ də insanları öldürür və daim mutasiyaya uğrayır.

ÜST COVID-19 ilə bağlı həftəlik epidemioloji məlumat dərc edib. Məlumatda son 28 gündə dünyada yoluxmaların sayının 38% artdığı qeyd olunub. Koronavirusla bağlı təcrübənin də göstərdiyi kimi, COVID-19-un yeni ştammları dünyada geniş yayılarsa, ölkəmizdə də yoluxma halları qeydə alınacaq. Bu, vaxt məsələsidir.

Bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı da danışıb.

“Bir müddətdir ki, COVID-19-a yoluxma hallarının sayında nisbi artım müşahidə edilir. İnsanlar özlərini qorumağa davam etməlidirlər. Azərbaycan qlobal dünyanın bir parçasıdır. Ona görə də qlobal miqyasda nə baş verirsə, bu, Azərbaycana da təsir edəcək. Yəni yeni ştammlar dünyada geniş yayılırsa, demək onlar Azərbaycanda da ortaya çıxacaq”, – deyə o, bildirib.

ÜST nümayəndəsinin sözlərinə görə, pandemiya dövründə Azərbaycanın səhiyyə sektorunu səfərbər etmək, tibb işçilərini birləşdirmək və bununla da mühüm işlər görmək mümkün olub.

“Yeni ştammlardan qorunma tədbirləri əvvəlki kimidir. Məsələn, gigiyena qaydalarına əməl etmək, özünüzü pis hiss etdikdə evdə qalmaq, maskalardan istifadə etmək”, – deyə təşkilatın nümayəndəsi bildirib.

ÜST hələ də COVID-19-u əhalinin sağlamlığı üçün qlobal təhlükə hesab edir. Bu başa düşüləndir, çünki bəzi hallarda, əvvəlki ştammlarda olduğu kimi, xroniki xəstəlikləri olan insanlarda və yaşlı adamlarda xəstəlik ağır, bəzən isə çox ağır keçir. Ona görə də bu gün xəstəliyin yayılmasının qarşısını almaq üçün ehtiyat tədbirlərinin görülməsi, hətta karantin rejiminin sərtləşdirilməsi, qısa müddətə bir növ yerli məhdudiyyətlərin tətbiqi son dərəcə vacibdir.

ÜST həmçinin ölkələri koronavirusun yeni ştammlarının yayılması ilə bağlı riski qiymətləndirmək üçün epidemioloji nəzarəti və məlumat mübadiləsini gücləndirməyə çağırır.

EG.5 adlı yeni mutasiya ilk dəfə 2023-cü ilin fevralında aşkar edilib və sentyabrın 1-nə olan məlumata görə, o, artıq 57 ölkədə müşahidə edilib. Ümumilikdə, ÜST hal-hazırda COVID-19-a səbəb olan koronavirusun yeddi variantını “nəzarət altında olan variantlar”, üçünu isə “marağa səbəb olan variantlar” siyahısına daxil edib.

Əvvəldən EG.5 ilk siyahıya daxil edilmişdi, lakin sürətlə yayılması səbəbindən ikinci siyahıya keçirilib. Təşkilat qeyd edir ki, qlobal miqyasda virusun digər variantları ilə müqayisədə EG.5 nisbətində davamlı artım müşahidə olunur.

Xarici KİV-in məlumatına görə, bu, EG.5-ə virusun və peyvəndin əvvəlki variantlarına cavab olaraq yaranan anticisimlərdən yayınmağa imkan verən mutasiya ilə izah oluna bilər. ÜST mütəxəssislərinin qeyd etdiyi kimi, yayılma və immunitetə qalib gəlmək qabiliyyətinə görə EG.5 yoluxma sayının artmasına səbəb ola və bəzi ölkələrdə və hətta bütün dünyada üstünlük təşkil edə bilər.

“Eris” ştammına yoluxmanın simptomları arasında boğaz ağrısı, ishal, qoxu və dadbilmənin itməsi, öskürək, əzələ və baş ağrıları, burun axması və nəfəs darlığı daxildir. Bundan əlavə, bu ştamm xroniki xəstəlikləri və zəif immun sistemi olan insanlarda aşağı tənəffüs yollarında funksional pozğunluqlara səbəb ola bilər.

“Pirola” adlandırılan yeni BA.2.86 variantı hazırda ÜST tərəfindən ilk dəfə “omicron” ştammı ortaya çıxdıqdan bəri COVID-19-un “ən çox narahatlıq doğuran yeni mutasiyası” kimi təsvir edilir. Onun simptomları sırasına boğaz ağrısı, burun axması, burun tutulması, asqırma, öskürək, bəlğəmli və ya quru öskürək, baş ağrısı, səsdə xırıltı, əzələ ağrısı və qoxu hissi azalması daxildir.

Mütəxəssislər həmçinin onu da qeyd edirlər ki, simptomların oxşarlığına görə COVID-19 mövsümi xəstəlik xüsusiyyətlərini qazanıb. Payız-qış mövsümünün başlaması səbəbindən bir qayda olaraq, kəskin respirator virus infeksiyaları ilə xəstələnənlərin sayı artır. Bu tam olaraq gözlənilən bir haldır.

Koronavirusun simptomlarının digər infeksiyaların simptomlarına bənzədiyini nəzərə alsaq, dəqiq diaqnozu yalnız laborator analizlərin nəticələrinə əsasən qoymaq olar.

Unutmayın ki, bu gün COVID-19-a qarşı əsas profilaktik tədbir peyvənddir. Bununla yanaşı, koronavirus və digər kəskin respirator virus infeksiyalarının profilaktikasının ənənəvi üsulları da var: əllərin müntəzəm olaraq yuyulması və ya onların antiseptiklərlə silinməsi.

Sağlam olun!

Mənbə: Media.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir