Cəmiyyət

Zığ gölünün bərpası niyə yubanır? – FOTO

Sharing is caring!


Zığ gölünün bərpası, mühafizəsi və ondan istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyev 15 oktyabr 2014-cü il tarixdə sərəncam imzalayıb. Həmin sərəncamla bu məsələ ilə bağlı idarəetmə Ekologiya və Təbii Sərvətlər, keçmiş İqtisadiyyat və Sənaye nazirliklərinə həvalə edilib.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) gölün bərpası, onun mühafizə zonasının istehsalat və məişət tullantılarından təmizlənməsi, mühafizəsi, ekoloji vəziyyətinin yaxşılaşdırılması, gələcəkdə ondan səmərəli istifadəni təmin etməsi, habelə gölün qorunub saxlanılmasına nəzarəti həyata keçirmək tapşırılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə isə gölün mühafizə zonasına tullantı sularının təmizlənmədən axıdılmasının qarşısını almaq üçün zəruri tədbirlər görmək həvalə olunub. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, gölün mühafizə zonasına istehsalat və məişət tullantıları atılmasının, göl səthinin kiçilməsinə səbəb olan kənardan torpaq gətirilib yayılmasının qarşısını alsın. 

Bundan başqa, ölkə rəhbəri 15 oktyabr 2014-cü il tarixdə “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” ikinci bir sərəncam da imzalayıb. Mühəndislik və layihələndirmə işlərinin görülməsi, gölün mühafizəsinin təşkili və ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması məqsədi ilə Prezidentin Ehtiyat Fondundan İqtisadiyyat və Sənaye Nazirliyinə ilkin olaraq iki milyon manat vəsait ayrılıb. Dövlət başçısının 21 fevral 2021-ci il tarixdə imzaladığı fərmana uyğun olaraq, İqtisadiyyat Nazirliyi Zığ gölünə aid bütün sənədləri və məlumatları ETSN-ə təhvil verib. Bununla da, Zığ gölündən istifadə və onun mühafizəsi sahəsində idarəetmə sözügedən nazirliyə həvalə olunub.

Sərəncamların 2014-cü ildə imzalandığını nəzərə alsaq, Zığ gölünün bərpası layihəsi başa çatdırılmalı, ərazidə müasir park, oyun və əyləncə meydançaları, yaşıllıq zolaqları salınmalı idi. Lakin sərəncamın imzalanmasından 9 ilə yaxın vaxt keçsə də, ortada bir iş yoxdur. Səbəb nədir? Bu suala cavab tapmaq üçün sərəncamda adları qeyd olunan qurumlara sorğu ünvanladıq.

“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, sözügedən ərazidə layihə icra olunmayıb. Zığ gölünün ekoloji vəziyyətinin sabitləşdirilməsi ilə bağlı layihələrin tam yekunlaşmadığını xatırladan “Azərsu” sözçüsü vurğuladı ki, hələ də Zığ qəsəbəsinin bir hissəsinin tullantı suları təmizlənmədən gölə axıdılır. 

Bakı Şəhər İcra Hakimiyyətindən hər hansı məlumat öyrənə bilmədik.

ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov isə bildirdi ki, Prezidentin 25 fevral 2021-ci il tarixli fərmanından sonra nazir müavini Vüqar Kərimovun rəhbərliyi altında geniş tərkibli işçi qrup yaradılıb, Zığ gölündə monitorinq-tədqiqat işlərinin aparılması davam etdirilib.

Onun sözlərinə görə, işçi qrup tərəfindən gölün mövcud vəziyyəti, müdaxilələr, burada mövcud olan neft və digər bərk tullantıların yerləşməsi, miqdarı və sair məsələlər tam öyrənilib, təhlil olunub:

“Tədqiqat işlərinin ardınca gölün ilkin reabilitasiya ilə bağlı layihə sənədlərinin hazırlanmasına başladıq. Layihə hazırda yekunlaşmaq mərhələsindədir. Onun son tərtibatı Fövqəladə Hallar Nazirliyinin müvafiq idarəsinə ekspertiza üçün təqdim olunub. Eyni zamanda, bu layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də təqdim edilib. Hər iki dövlət qurumundan icazə alındıqdan sonra layihənin icrası ilə bağlı dəqiq tarix demək mümkün olacaq”.

İdarə rəisi söylədi ki, layihədə Zığ gölünün 120 hektarlıq su sahəsinin 40 hektar əraziyə qədər kiçildilməsi, ətrafda olan neftlə çirklənmiş ərazilərin reabilitasiya olunması, neft və bərk tullantılardan təmizlənməsi nəzərdə tutulub:

“Göl ətrafında təxminən 100 hektar ərazini əhatə edəcək yaşıllıq zolağı salınacaq, ağaclar əkiləcək. Perspektivdə bu ərazidə kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti üçün şərait də yaradılacaq. Gölün qərb tərəfində sosial evlərin tikilməsi üçün ərazinin ayrılması kimi planlar da var. Amma buna qədər ilk növbədə gölə olan müdaxilənin qarşısı alınmalıdır. Hazırda Zığ qəsəbəsindən iki müxtəlif istiqamətdən məişət və tullantı suları birbaşa gölə axıdılır. Layihədə bu axıntının qarşısının alınması və Hövsandakı sutəmizləyici qurğuya yönəldilməsi, burada təmizləndikdən sonra göl ətrafında salınacaq yaşıllıq zolaqlarının suvarılmasında, həmçinin göldə su balansının saxlanılmasında istifadə olunması nəzərdə tutulub. Layihəyə uyğun olaraq, Zığ gölünün Xəzər dənizi ilə də əlaqəsi olacaq. Göldə balansı qorumaq üçün su səviyyəsi gözlənilən həddi keçdiyi zaman suyun bir qismi Xəzər dənizinə bu əlaqə vasitəsilə axıdılacaq. Layihə təsdiqləndikdən və icrası üçün vəsait ayrıldıqdan sonra orada nəzərdə tutulan bütün bu işlər ardıcıllıqla həyata keçiriləcək”. 

Ekoloq Samir İsayev mövzu barədə açıqlamasında bildirdi ki, tədbirlər planında hədəflər açıq şəkildə qoyulub:

“2014-cü ildə neftin qiymətinin baha olmasından irəli gələrək, ölkəyə valyuta axını çox idi. Gəlirlərə uyğun olaraq ölkədə bir sıra iri layihələr həyata keçirilirdi. Lakin 2014-cü ilin sonundan başlayaraq dünya bazarında neftin qiyməti kəskin aşağı düşməyə başladı, büdcə gəlirləri azaldı. Belə olan halda bir sıra layihələr donduruldu. Bakının gölləri ilə bağlı layihələr də bu sıraya daxil edildi. Ola bilsin layihə hissə-hissə icra olunsun. Amma nəzərdə tutulan intensivlik müşahidə edilmir. Hazırda isə dövlətin, hökumətin qarşısında dayanan əsas həlli vacib məsələ işğaldan azad olunan rayonların bərpasıdır. Bu səbəbdən, perspektivdə Bakıda reallaşdırılacaq layihələr paytaxtın infrastruktur layihələri ilə əlaqələndiriləcək. Əgər əvvəllər göllərin bərpası sırf ekoloji layihə idisə, hazırda belə məsələlərə sırf infrastruktur layihəsi çərçivəsində yanaşılır. Yəni, sözügedən ərazinin inkişafı üçün hansısa layihə icra olunacaqsa, buradakı gölün bərpası, mühafizəsi, ətrafının abadlaşdırılması, parka, yaşıllıq zolağına çevrilməsinə də diqqət yetirilirəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir