Cəmiyyət

İşığın zülmət üzərində qələbə rəqsi

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

44 günlük müharibədən 44 il də yazsaq, danışsaq sözümüz-söhbətimiz bitməz. Çünki hər dəfə Qarabağa doğru yol alanda yeni söhbətlər eşidirsən. Bu müharibənin o qədər gözə görünməyən qəhrəmanları oldu ki… 

Gecə səhərə kimi gözünü yummayan həkim və texniki heyət ordusu, yaralı əsgərləri odun-alovun içindən işıq sürəti ilə çıxaran “sanitarka” maşınlarının sürücüləri, raket atəşi altından qaçmayıb ordu üçün yemək, çörək bişirənlər, cehizlik yorğan-döşəyini hospitala, səngərə daşıyan gəlinlər, əsgərlər üçün maşın-maşın sovqat, siqaret daşıyan gənclər, hansılarını deyim?  

Ordu 30 illik dəhşəti sinəsiylə yara-yara gedəndə əmin idi ki, onun ardınca 10 milyonluq bir ordu da irəliləyir. 

Bir də ordunun arxasınca addım-addım irəliləyən daha bir ordu da var idi ki, hərbçilər əraziləri işğaldan azad edən kimi, bu ordu çiynində daşıdığı kabelləri, dirəkləri torpağa sancıb ərazini işıqla təmin edirdi. 

Mühəndisindən, rəisindən, fəhləsinə kimi 44 gün qarabaqara ordunu izləyən, ondan geri qalmayan, mina, raket, qəlpə demədən, intizamlı və qorxmaz “Azərişıq”ın energetiklər ordusu. Ordunun ehtiyacı olan texnikanı işıqla təmin edənlər. 

Yadınızda olar yəqin. Müharibədən sonra sosial şəbəkələrdə paylaşılan məşhur bir video var idi. 30 il sonra Kəlbəcərin işığını yandıran energetiklərin gecə saatlarında işıq dirəyinin altında etdikləri rəqs videosu. Fonda musiqi səslənir, yorğun olmalarına baxmayaraq qol qaldırıb dünyanın ən gözəl rəqsini edən zəhmətkeşlərin rəqsi. Bu rəqs bütün qaranlıqlara, bütün zülmətlərə işıq saçan bir rəqs idi. Bütün düşmənlər üzərində olan qalibiyyət rəqsi idi. İşığın zülmət üzərində qələbə rəqsi idi. Üstü-başı toz-torpaq, əli qabarlı, üzü və qəlbi işıqlı insanların rəqsi idi.  Bütün dəhşət və fəryadlara qalib gələn rəqs idi. 

“Fəryad” filmindəki erməni təcavüzkarının rəqsinə cavab idi bu rəqs. Bütün göz yaşlarının cavabı idi bu rəqs. 30 il əvvəl ocağı söndürülmüş Vətənin işığı idi bu rəqs. 

Bu gün işğaldan azad olunan ərazilərdən keçərkən, yol boyu səmaya ucalan işıq dirəklərini görəndə mənə elə gəlir ki, bu anker dayaqlar şəhidlərimiz ruhuna olan ən böyük hörmət və ehtiramın rəmzidir. Onlar canlarını bu torpağa fəda edərkən, bu anker dayaqlar, dəmir divlər də çiyinlərində daşıdığı kabellərlə onların işığını bütün azad olunmuş torpaqlara çatdırırlar. Ən çətin relyeflərin, daş-qayanın üstündə qısa müddətdə inşa olunan bu dirəklər həm də böyük mübarizənin rəmzidir. Gərgin zəhmətin, yuxusuz gecələrin, çovğun və soyuğun üzərində qətiyyət və peşəkarlığın rəmzidir. İsti ev-eşiyini Vətənin daşına dəyişən insanların, silahı bilik və bacarıq olan energetiklərin qəhrəmanlığıdır. 

Bəzən yanımızdan ötüb keçən, “işıqçı”, “mantyor” adlandırdığımız zəhmətkeşləri elə-belə bilməyin. Bu gözəgörünməyən qəhrəmanların Zəfər yolumuzun işıqlanmasında çox böyük əziyyət çəkiblər. 

Elə günü bu gün də dayanmadan çalışırlar. Hadrutda, Füzulidə, Şuşada yeni yarımstansiyalar qurur, Qarabağı işığa qərq edirlər. 
Əsgər balaların xidmət etdiyi torpaqlara işıq çəkən bu insanlar qar-çovğun, qurd-canavar, mina, erməni təxribatı demədən çiynində kabel, ürəyində işıq, böyük yola çıxdılar. Yolsuzluq demədən, çay, meşə demədən, gah əli yalın dağa dırmanıb dirəkləri bərkitdilər, gah dizə qədər qarın içində addımladılar, gah da suyun içindən kabel keçirib işığımızı Şuşaya qədər apardılar. Bu yolda saçları da ağardı, gücləri də tükəndi, amma işığı axıra qədər çatdırmağı bacardılar. 

30 ildən sonra 2021-ci il, yanvarın 7-də, gecə saat 01:30-da Şuşada öz işığımız yandı. 30 il qaranlıqda qalan Şuşaya 33 günə “Azərişıq” işıq çəkdi. O gecə bütün Azərbaycan işığa büründü. Şəhidlərimizin ruhu da şad oldu. 30 il bizi məhv edən zülmətdən qurtulduq. İşığımız əbədi, ocağımız daim yansın.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir