Cəmiyyət

Naxçıvanda Diaspor Gənclərinin IV Yay Düşərgəsinin açılışı olub – FOTO

Sharing is caring!


Naxçıvanda Diaspor Gənclərinin IV Yay Düşərgəsinin açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev-100” tədbirləri çərçivəsində keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri və əklil qoyublar.

Mərasimdə əvvəlcə dövlət himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca “Heydər Əliyev və diaspor quruculuğu” sənədli filmi nümayiş etdirilib.

Mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Heydər Əliyev Fondunun nümayəndəsi Aydan Ramazanova çıxış ediblər. Onlar müxtəlif ölkələrdən gələn gəncləri salamlayıb, düşərgənin işinə uğurlar arzulayıblar.

Çıxışlarda Ulu öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövrünə nəzər salınaraq qeyd edilib ki, təqib və təzyiqlərə məruz qaldığı, ölkəmizin uçuruma yuvarlandığı həmin dövrdə dahi rəhbərin uzaqgörənliklə atdığı ən böyük addımlardan biri də gənclər siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi idi. Məhz həmin illərdə formalaşan gənclər Ümummilli liderimizin siyasətini dəstəkləyərək ölkəmizi bugünkü inkişafa gətirən əsas hərəkətverici qüvvəyə çevrildilər.

Qeyd edilib ki, Ulu öndərimizin siyasi xətti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövlətinə sadiq, vətənpərvər gənclərimiz 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə müstəqil Azərbaycanın yeni tarixinə Şanlı Zəfərimizi yazdırdı. Bu gün gənclərimiz dünyanın hər yerində mənsub olduğu ölkəni və milləti layiqincə təmsil edir, əsl həmrəylik nümayiş etdirirlər.

Tədbirin davamında diaspor gənclərinin ötən illərdəki düşərgəsindən hazırlanmış videoçarx nümayiş etdirilib. Sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, avqustun 18-dək davam edəcək Diaspor Gənclərinin IV Yay Düşərgəsində 53 ölkədən gəlmiş 100-dən artıq gənc iştirak edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir