Cəmiyyət

10 ildir salınsa da, kanalizasiya sistemi olmayan yaşayış massivi xəstəlik zonasına çevrilib – FOTO

Sharing is caring!

Sumqayıt şəhərində yaşayan sakinlərin bir hissəsi kanalizasiya sisteminin olmamasından narazıdır.

Bu barədə sakinlər Oxu.Az-ın redaksiyasına müraciət ünvanlayıblar.

Onlar bildiriblər ki, “Sumqayıt Stansiyası” yaşayış massivi xəstəlik zonasına çevrilib:

“Yaşayış massivi 2013-cü ildə 60 hektarlıq ərazidə salınıb. İllərdir kanalizasiyanın olmaması barədə aidiyyəti qurumlara sözümüzü çatdırmaqdan təngə gəlmişik. Nə qədər Sumqayıt Şəhər İcra Hakimiyyətinə və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə müraciət etsək də, məsələ həllini tapmır. Ərazi xəstəlik zonasına çevrilib. Bu azmış kimi, yaşayış massivinin giriş hissəsində böyük bir ərazidə göl əmələ gəlib. Biz bilmirik ki, problemimizi kimə deyək”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazidə heç bir infrastruktur yoxdur:

“Kanalizasiya şəbəkəsinin qurulması üçün də yaşayış massivində heç bir infrastruktur mövcud deyil. Çünki əsas daşıyıcı kollektorlar olmalıdır ki, ərazidə şəbəkə qurulsun. Bu gün orada kanalizasiya sisteminin qurulması gündəmdə deyil”.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Proqramı çərçivəsində şəhərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə tədbirlərin görülməsi nəzərdə tutulub:

“Qeyd olunan, eləcə də digər ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin qurulması ilə bağlı tədbirlər planı hazırlanıb, mərhələli şəkildə bu işlərin reallaşdırılması gözlənilir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir