Cəmiyyət

Dərman şirkətlərinin yeni oyunu: Adi qızdırma əleyhinə olan həblər niyə yoxa çıxıb?

Sharing is caring!

Qızdırma salan dərmanlar apteklərdən yoxa çıxıb. Məsələn, “Parasetamol”, “Panadol”, “Nurofen” və digər bu kimi tez-tez istifadə olunan dərmanların yoxa çıxması xeyli təəccüb doğurur. Halbuki, valideynlərin bir çoxu həkimə müraciət etmədən bu dərman vasitələri ilə uşaqlardakı qızdırmaya özü əlac edirdi. Soyuqdəymə, infeksion xəstəliklərin yayıldığı bir dönəmdə bu halın yaşanması əhalini əlacsız qoyub.

Problemlə bağlı tanınmış həkim Vaqif Qarayev də Bizim.Media-ya narahatlığını ifadə edib:
 
“İndiki vəziyyətdə həm həkimlər, həm də valideynlər çaş-baş qalıblar. “Tempanal” deyilən preparat var. Qızdırma üçün apteklərdə yalnız onu tapmaq olur. Bu dərmanı da körpə uşaqlara vermək bir az risklidir. Seçim olmadığı üçün valideyn də, həkim də məcbur qalır”.

Həkim onu da əlavə edib ki, dərmanların yoxa çıxması səbəbilə bir neçə tanış apteklə əlaqə saxlayıb:

“Hamısı səbəb kimi Rusiya-Ukrayna müharibəsini göstərir. Bu dərmanlar, əsasən, həmin dövlətlərdən gəlir. Amma bu, səbəb olsa da, bəhanəyə əsas vermir. Biz bütün ekstremal vəziyyətlərə hazır olmalıyıq”.

Ekspertlərin fikrincə, bu təkcə bizdə deyil, qonşu dövlətlərdə də yaşanan bir haldır. Amma onların çoxu vəziyyətdən çıxış yolu tapıb. Əldə etdiyimiz məlumata görə, adını çəkdiyimiz qızdırma salan dərmanların analoqu üçün qonşu Gürcüstan Türkiyə şirkətləri ilə müqavilələr bağlayıb. 

Bəs biz nəyi gözləyirik?

Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov Bizim.Media-ya açıqlamasında dərman bazarında kartel sövdələşmələrin olduğunu söyləyib:

“Bazar bir neçə şirkətin əlindədir. Ona görə də dərman qıtlığı çox zaman süni şəkildə yaradılır. Çünki qıtlıq bahalığa yol açır. Üstəlik, inhisarçılar yerli dərman istehsalını da boğurlar. Azərbaycanda dərman istehsalı üçün ideal şərait var. Hətta dövlət Pirallahıda Sənaye Parkı da yaradıb. Çox təəssüf ki, dərman biznesi ilə məşğul olan bəzi məmurlar yerli istehsalda maraqlı deyillər. Ona görə də Sənaye Parkı 10 ilə yaxın müddətdə fəaliyyət göstərsə də, cəmi bir istehsalçı var. Yerli istehsal olmadığı üçün biz hər gün dərman qıtlığı və qiymət artımı ilə üzləşəcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir