Tədbirlər

İctimai Şuranın iclası keçirilib: Sədr, müavin və katib seçilib

Sharing is caring!

Daxili İşlər Nazirliyi yanında İctimai Şura yeni tərkibdə ilk iclasını keçirib.

İclasda Daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev, Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Elçin Məmmədli və yeni seçilmiş İctimai Şura üzvləri iştirak edib. 

İclası giriş sözü ilə açan Daxili İşlər nazirinin müavini İsmət Əliyev İctimai Şuraya seçkilərdə qalib gələn üzvləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Nazir müavini İctimai Şuranın keçmiş tərkibi ilə bağlı fikirlərini bildirib.

O bildirib ki, nazirliklə İctimai Şura arasında əməkdaşlıq yüksək səviyyədə olub, fəaliyyət müddətində İctimai Şura “İctimai iştirakçılıq haqqında” Qanundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirib. 

İctimai Şura adından çıxış edən Əliməmməd Nuriyev də Daxili İşlər Nazirliyinə İctimai Şura ilə əməkdaşlığına görə öz minnətdarlığını bildirib.

Daha sonra İctimai Şurada təşkilati məsələlərə baxılıb. 

İctimai Şuranın sədrliyinə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin namizədliyi irəli sürülüb. 

Əliməmməd Nuriyev yekdilliklə Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti dönəm üçün sədri seçilib.

“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri Xalid Kazımov isə sədr müavini seçilib.

“Sosial-İqtisadi İnkişaf Uğrunda” İctimai Birliyinin sədri Sevda Məmmədova isə İctimai Şuranın katibi seçilib.

Daha sonra İctimai Şura üzvləri gələcək fəaliyyətləri ilə bağlı müzakirələr aparıb, növbəti iclaslarda müzakirəyə çıxarılacaq məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir