Siyasət

Azərbaycan icmasının fəaliyyəti Hannoverdə müzakirə edilib – FOTO

Sharing is caring!

Almaniyanın Hannover şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun Azərbaycan icması ilə görüşü keçirilib.

Komitədən verilən məlumata görə, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə ölkəmizin AFR-dəki səfirliyinin nümayəndələri, Almaniyanın yeddi şəhərində yaşayan diaspor fəalları və türk icmasının üzvləri iştirak ediblər.

Görüşdə çıxış edən Komitə sədri DİDK-nın çoxşaxəli fəaliyyət istiqamətləri barədə ətraflı hesabat təqdim edib, DİDK-nın koordinasiyalı şəkildə gördüyü işləri, həyata keçirilən ardıcıl layihələri nəzərə çatdırıb.

Almaniyada yaşayan soydaşlarımızın elm, mədəniyyət, incəsənət və idman sahələrinə müvəffəqiyyətlə inteqrasiya olunması yüksək qiymətləndirilib. Ötən il Almaniyadakı azərbaycanlı həkimlərin I Forumunun keçirildiyi, diaspor fəaliyyətinə daha fəal şəkildə qoşulmaları məqsədilə azərbaycanlı alimlərin ümumdünya şəbəkəsinin formalaşdırılmasının nəzərdə tutulduğu vurğulanıb.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında xaricdəki soydaşlarımızın sənədləşmə problemlərinin həlli məqsədilə səyyar ASAN xidmətin xarici ölkələrdə də tətbiqinə start verilib. Bu prosesin Türkiyənin Samsun şəhərində 30 avqust-4 sentyabr 2022-ci il tarixlərində baş tutacağı, gələcəkdə digər ölkələrdə, o cümlədən Almaniyada da tətbiq ediləcəyi bildirilib.

Diaspor təşkilatlarının Almaniyada ictimai rəyə təsirinin gücləndirilməsi yollarından danışan Komitə sədri parlaq Zəfərimizdən sonra Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqların alman ictimaiyyətinə israrlı və dolğun şəkildə çatdırılmasının, soydaşlarımızın bir-birinə mənəvi dəstək göstərməsinin mühüm olduğunu vurğulayıb.

Tədbirdə Alman-Azərbaycan Dostluq Cəmiyyətinin, “Bakı” Alman–Azərbaycan Dostluq Cəmiyyətinin, Almaniya Azərbaycanlıları Alyansının, Alman–Azərbaycan Ziyalılar Birliyinin, Hamburq–Azərbaycan Dostluq Cəmiyyətinin təmsilçiləri və başqaları çıxış ediblər. Onlar Qarabağda qazanılan böyük qələbəyə görə müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirib, dövlətimizin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi diqqəti, Komitənin çevik fəaliyyətini müsbət qiymətləndirib və diaspor işinin keyfiyyət göstəricilərinin artırılması üçün təkliflərini səsləndiriblər.

Diaspor fəallarının əksəriyyəti Hannover şəhərində Azərbaycan Evinin və həftəsonu Azərbaycan məktəbinin açılmasını arzu etdiklərini dilə gətiribər.

Görüşdə maraqlı və faydalı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Hannover şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyəti bu yaxınlarda Azərbaycan Evinin və həftəsonu Azərbaycan məktəbinin açılması ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir