Siyasət

“Ermənistanın sülhə razılaşmaqdan başqa çıxış yolu yoxdur” – Türkiyəli generalın Oxu.Az-a MÜSAHİBƏSİ

Sharing is caring!

“Ermənistan-Türkiyə məsələsini bir tərəfdə Türkiyə-Azərbaycan, qarşı tərəfdə isə Ermənistan kimi qiymətləndirmək lazımdır. Türkiyənin Ermənistan kimi bir problemi yoxdur. Çünki Ermənistan Türkiyənin həmsöhbəti belə ola bilməyəcək mövqedə batmaq üzrə olan bir ölkədir. Türkiyənin hazırda məsələyə yanaşma tərzi iki ölkə arasındakı münasibətlərdən əlavə Qafqaz regionunun perspektivi ilə əlaqədardır. Yaranmış yeni reallıqlar fonunda iki qardaş ölkənin gücü də günü-gündən artmaqdadır”. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib. 

Generalla Ankara-İrəvan münasibətlərinin normallaşması fonunda regionda yarana biləcək yeni reallıqlar barədə söhbət apardıq. Həmin müsahibəni təqdim edirik:

– Qalmaqallı Sürix protokollarından sonra Türkiyə ilə Ermənistan liderləri ilk dəfə rəsmi təmaslarda olub. Bu görüş 13 il öncəki təmasdan nəyi ilə fərqlənir?

– Sürix görüşləri ilə indiki görüşlər arasındakı fərq ondan ibarətdir ki, Sürix iclası ABŞ-ın məcbur etməsi ilə gerçəkləşən, Türkiyənin də istəmədiyi, Azərbaycanla koordinasiyanın kifayət qədər olmadığı bir format idi. Hazırkı format isə tamamilə Azərbaycanın məlumatı daxilində Türkiyənin təşəbbüsü ilə həyata keçirilən bir görüşdür. 

– Münasibətlərin normallaşdırılmasında hər iki tərəfin maraqları barədə nə demək mümkündür?

– Ermənistan-Türkiyə məsələsini bir tərəfdə Türkiyə-Azərbaycan, qarşı tərəfdə isə Ermənistan kimi qiymətləndirmək lazımdır. Türkiyənin Ermənistan kimi bir problemi yoxdur. Çünki Ermənistan Türkiyənin həmsöhbəti belə ola bilməyəcək mövqedə batmaq üzrə olan bir ölkədir. Türkiyənin hazırda məsələyə yanaşma tərzi  iki ölkə arasındakı münasibətlərdən əlavə Qafqaz regionunun perspektivi ilə əlaqədardır. Yaranmış yeni reallıqlar fonunda iki qardaş ölkənin gücü də günü-gündən artmaqdadır. Bütün bunların fonunda biz Ermənistanla normallaşma fəaliyyətlərini Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün atılan addımlardan biri kimi dəyərləndiririk. Yəni Türkiyənin bu məsələdən hər hansı bir gözləntisi yoxdur. Ermənistanla sərhədlərinin bağlı olmasından da Türkiyənin itirdiyi bir şey yoxdur. Biz istəyirik ki, tökülən qan, axan göz yaşları dayansın və regiona barış gəlsin. 

– Rusiya bu proseslərdə necə iştirak edir?

– Təbii ki, proses barəsində Rusiya Türkiyə XİN vasitəsilə məlumatlandırılır. Çünki Rusiyanın Ermənistanda hərbi bazası, eyni zamanda 200 illik Cənubi Qafqaz və Ermənistan siyasəti var. Rusiya öz qazancları nöqteyi-nəzərindən bu gedişatdan narahatdır. Lakin dünya düzəni yenidən qurulur. Planet Birinci və İkinci Dünya müharibələri periodundan keçib. Üçüncü dünya müharibəsi olmasa da belə, dünyanın yenidən formalaşdırılması prosesi gedir. Rusiya da bunu qəbul etməlidir. İyulun 19-da Tehranda keçiriləcək Rusiya və Türkiyə prezidentlərinin görüşündə də bu mövzuların gündəmə gələcəyini, Cənubi Qafqazda sülh, eyni zamanda “3+3” formatının da müzakirə ediləcəyini düşünürəm. 

– Rusiya “3+3” formatının qurulmasından yanadır, həm Türkiyənin, həm də Azərbaycanın marağında olan bu formatın həyata keçməsi bizim qarşımızda hansı imkanları aça bilər?

– “3+3” formatı həyata keçərsə, bölgənin həqiqi sahibi olan bu ölkələr problemlərinə sahib çıxaraq onları özləri həll edəcəklər. Xarici imperialist qüvvələrin bölgədəki oyunlarına dur deyiləcək. Bu isə çox önəmli məqamdır. Yaxın Şərq, Orta Asiya, Avropa, Cənubi Qafqaz kimi bölgələri nəzərdən keçirdikdə görürük ki, Cənubi Qafqaz bunlar arasında ən strateji mövqeyə sahib bölgədir. Bura sülh və sabitliyin gəlməsi iqtisadiyyatı, hərbi sahəni, təhlükəsizliyi təmin edəcək ki, formata daxil olan hər bir ölkə bundan qazanclı çıxacaq. 

– “3+3” formatının yaranması perspektivi xüsusilə Ermənistanın Türkiyə və Azərbaycana qarşı ərazi iddialarına son qoymasından asılı olacaq amillərdən biridir. Sizcə, bu şərtin qəbul edilməsi necə təmin edilə bilər?

– Ermənistan ya Türkiyə və Azərbaycanla barışacaq, ya da barışacaq. Ermənistanın bizlə sülhə razılaşmaqdan, sərhədlərin delimitasiya və demarkasiyasından, kommunikasiya xətlərinin açılmasından, münasibətlərin normallaşdırılmasından başqa çıxış yolu yoxdur. Ermənistan kimi bir dövlət yoxdur, Ermənistan adlı kukla bir dövlət var. Kuklanın da bir ucu Rusiyada, bir ucu ABŞ-da, bir ucu diasporda, bir ucu da Avropa Birliyindədir. 4 hissəyə bölünmüş oyuncaq bir dövlətdir və bu vəziyyətdən qurtulmaq, müstəqil siyasət həyata keçirmək istəyirsə, ancaq Azərbaycan və Türkiyə ilə barışmalıdır. Əgər Ermənistan bizlə halallaşmazsa, 10-15 il müddətində bu ölkədə bir nəfər də erməni qalmayacaq.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir