Cəmiyyət

Komando döyüşçüsü: “Cəbrayılda ermənilərin hərbi hissəsini darmadağın etdik” – FOTO

Sharing is caring!

“Vətən müharibəsi zamanı Cəbrayıl rayonunda ermənilərin hərbi hissəsini darmadağın etdik”.

Bunu “Report”a açıqlamasında Müdafiə Nazirliyinin Quru Qoşunlarının (Komando) hərbi qulluqçusu (əsgər) Sahil İmanzadə deyib.

O bildirib ki, Vətən müharibəsində rabitəçi əsgər kimi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində döyüşlərə qatılıb:

“Həmin vaxt müddətli əsgər idim. Sentyabrın 27-də Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndi istiqamətində düşmənin üzərinə hücuma keçdik. Burada lazımi tədbirləri gördük, hazırlıqlar aparıldı. Sonra yuxarı komandanlıqdan gələn tapşırıqlar əsasında hərəkətə başladıq. İlk ağır döyüşlərimizdən biri Cəbrayıl rayonunun Daşkəsən kəndi istiqamətində oldu. Müharibədə mən bir rabitəçi əsgər kimi əlaqənin təmin olunmasına çalışmışam. İşim bölüklər, dəstələr, qruplar arasında əlaqələrin təmin olunmasına köməklik göstərmək idi. Vəzifəmi də qürurla yerinə yetirməyə çalışmışam.

Daşkəsən kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlərimiz və yaralılarımız oldu. Biz kəndi düşməndən təmizlədikdən sonra erməni diversiya qrupları yenidən əks-hücuma keçməyə çalışırdılar. Onların Daşkəsən kəndində hərbi hissələri vardı. Cəhd edirdilər ki, hərbi hissəni yenidən ələ keçirsinlər. Lakin biz buna imkan vermədik və onların qarşısı alındı, düşmən və hərbi hissəsi məhv edildi. Xüsusi təyinatlılarımız və digər bölmələrimizin cəsur, igid döyüşçüləri ermənilərə göz açmağa imkan vermədilər. Daha sonra digər ərazilərimizi azad etmək üçün irəliləməyə başladıq.


Mənə ən çox təsir edən an isə kapitan Arzu İsgəndərovu itirməyimiz oldu. O, çox gözəl insan, hərbçi, qorxmaz və cəsur bir döyüşçü idi. Təəssüflər olsun ki, Arzu İsgəndərov Xocavənd istiqamətində gedən döyüşlərdə ermənilərin basdırdığı minaya düşərək şəhidlik zirvəsinə ucaldı. Bu, insan üçün çox üzücü haldır. Birlikdə xidmət etdiyin, çiyin-çiyinə döyüşdüyün hərbçi yoldaşını itirmək çox ağırdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Döyüşçü deyib ki, hər an, hər dəqiqə Ali Baş Komandanın əmrinə tabedir:

“Şükür Allaha ki, 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızı azad etmişik. Yenə də ermənilər torpaqlarımıza göz diksə, təxribatlar törətməyə çalışsalar, döyüşməyə hazıram. Vətən müharibəsində iştirak etməyim, torpaqlarımızı düşməndən təmizləməyimiz mənim üçün fəxrdir, şərəfdir.


Hazırda Müdafiə Nazirliyinin Quru Qoşunlarının “N” saylı komando hərbi hissəsində xidmət etməyim mənim üçün çox gözəl qürurverici hissdir. Bununla şərəf duyuram. Uşaqlıqdan Azərbaycan Ordusunda xidmət etmək və kəşfiyyatçı olmaq arzunda idim. Şükür Allaha ki, arzuma da çatmışam. Bu, mənim üçün böyük nailiyyətdir. Hazırda hərbi hissəmizdə xidmət etmək üçün gözəl şərait yaradılıb. Bizə yüksək səviyyədə dərslər və təlimlər keçirilir. Biz burada günü-gündən yeni məlumatlar əldə edib savadımızı artırırıq. Azərbaycan Ordusu ilə fəxr edirəm. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı!”

S.İmanzadə söyləyib ki, Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev onu 5 medalla mükafatlandırıb:

“Döyüşlərdə fərqləndiyim üçün “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir