Siyasət

Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi və İlham Əliyevin dünya lideri kimi müdrik siyasəti

Sharing is caring!

Dünya arxitekturasının dəyişdiyinin müşahidə olunduğu bir zamanda, xüsusilə də dördüncü sənaye inqilabının gətirdiyi yeni çağırışlar fonunda qlobal arena da həmin dəyişiklik və yenilikləri özündə ehtiva edir. 

Azərbaycan Respublikası əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlar, habelə beynəlxalq institutlar və dövlətlərlə səmərəli, işgüzar, qarşılıqlı münasibətlər yaradaraq, onlara müəyyən olunmuş çərçivədən də artıq hörmətlə yanaşmışdır. Ölkəmiz demək olar ki, əksər beynəlxalq təşkilatların layihələrində donor qismində çıxış edib, istər institusional, istər təşkilati, istərsə də digər resurslarla hər zaman kömək göstərib. Son on ildə Azərbaycan həyata keçirilən qlobal təşəbbüslərə ev sahibliyi etməklə beynəlxalq təşkilatların məqsədlərinə çatmaları üçün hərtərəfli diqqət nümayiş etdirib. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın nümunəvi üzv dövlət olduğuna dair müxtəlif vaxtlarda bəyanatlarla çıxış ediblər.

Bu günlərdə isə dünyamız Azərbaycanın vasitəçiliyi ilə növbəti tarixi bir həmrəylik təşəbbüsünə şahidlik edir. Belə ki, 120 ölkəni özündə birləşdirərək BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edən dövlətimizin təşəbbüsü ilə Hərəkata üzv dövlətlərin Parlament Şəbəkəsinin Bakı konfransı keçirildi. Mükəmməl səviyyədə təşkil edilmiş konfransda Prezident İlham Əliyev bir daha bütün beynəlxalq ictimaiyyətə Azərbaycanın sədrliyi öz üzərinə götürərkən verdiyi vədlərə nə qədər məsuliyyətlə yanaşdığını və Hərəkata üzv ölkələrin həmrəyliyinin gücləndirilməsi və maraqlarının müdafiə edilməsi üçün praktiki addımlar atdığını nümayiş etdirdi.

120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması Prezidentə və ölkəmizə olan böyük bir hörmət, o cümlədən keçən müddət ərzində Azərbaycan tərəfindən görülən işlərin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

“Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransına 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılıblar. Qoşulmama Hərəkatı tarixində ən önəmli hadisələrdən biri olmaqla yanaşı, QH Parlament Şəbəkəsinin Bakı Konfransı həmçinin Azərbaycanın parlament diplomatiyasının inkişafı üçün əlverişli zəmin yaratdı. Xüsusilə təmasların çətin olduğu Latın Amerikası, Afrika və Asiya ölkələrinin parlamentlərinin yüksək səviyyədə iştirak etdiyi bu tədbir eyni zamanda ikitərəfli parlament təmasları və dostluq qruplarının yaradılması üçün əlverişli platforma rolunu oynadı.

Prezident İlham Əliyevin konfransın açılışı zamanı dolğun və məzmunlu çıxışı bir daha Azərbaycanın beynəlxalq əməkdaşlığın təşviqi və gücləndirilməsi, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, eyni zamanda təsisatın institusional inkişafına və onun müəyyən dərəcədə təşkilata çevrilməsinə verdiyi töhfələrin əyani sübutudur. Prezidentin vurğuladığı kimi, “Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər”.

Bu baxımdan konfrans çərçivəsində QH-nin institutlaşmasına yönəlik irəli sürülmüş yeganə təşəbbüs Parlament Şəbəkəsinin öz işinə başlaması deyil, həmçinin QH-nin Gənclər Şəbəkəsinin yaradılması və növbəti ay Bakı şəhərində Gənclər Sammitinin keçirilməsidir. QH-nin institutlaşması istiqamətində atılan ilk addımlar hələ 2020-ci ildə atılıb. Belə ki, Azərbaycanın sədrliyi ilə keçirilən Onlayn Zirvə görüşünün yekununda Hərəkata üzv dövlətlər tərəfindən qəbul edilən Bəyannamə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi günümüzün ən əhəmiyyətli inkişaf sənədi olan “2030-cu ilədək Davamlı İnkişaf sahəsində Gündəliyin” 17-ci Məqsədinin əsas çağırışı olan qlobal tərəfdaşlığın gücləndirilməsi çağırışına cavab verirdi.

Prezident İlham Əliyevin şəxsi göstəriciləri və dünya lideri olaraq dünyamızın ədalətli idarə olunması, o cümlədən bütün xalqların təhlükəsizliyinin təmin edilməsi istiqamətində apardığı müdrük siyasət məhz Qoşulmama Hərəkatının vahid yanaşması ilə üst-üstə düşür. 

Bu baxımdan əminliklə deyə bilərik ki, Azərbaycan bundan sonra da Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən yanaşmalara qarşı mübarizə aparmağa, habelə dünyada və regionda sülhün, əmin-amanlığın carçısı olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirməyə uğurla davam edəcək.

Məzahir Əfəndiyev, Milli Məclisin deputatı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir