Cəmiyyət

Bərdə terrorunun şahidi dəhşət saçan hadisədən danışdı – FOTO

Sharing is caring!

“Biz hadisə yerinə çatanda iki nəfər öz avtomobilində sükan arxasında yanırdı”.

Bu sözləri “Report”un Qarabağ bürosuna açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin baş xilasedicisi Afiq Budaqov deyib.

O, Vətən müharibəsi zamanı – oktyabrın 28-də Ermənistanın Bərdəni növbəti dəfə raket atəşinə tutması anlarını belə xatırlayır:

“Həmin ərəfədə artıq ermənilər dinc sakinlərin məskunlaşdığı şəhər və kəndləri, demək olar ki, hər gün bombardman edirdilər. Biz Nazirliyin Mülki Müdafiə Qoşunları olaraq, hər an dinc sakinlərin erməni terroru ilə üzləşə biləcəyini gözlədiyimiz üçün hazır vəziyyətdə idik. Çünki hadisə yerinə gec çatmağımız tələfatın səviyyəsini artıra bilərdi. Həmin gün günorta saatlarında Ermənistanın Bərdəyə raket atması ilə bağlı məlumat daxil oldu. Raketlər üç əraziyə düşmüşdü. Biz ən çox insan ölümü olan ərazidəki şəhidlərin təxliyəsi ilə məşğul olduq”.

Müsahibim danışdıqca həmin dəhşətli anların gözünün önündən indi baş vermiş hadisə kimi keçdiyini söyləyir. O, hətta anidən çıxışına ara verib bir neçə saniyə sükutla ətrafda ucaldılan şəhidlərin portretinə baxır və sonra söhbətinə davam edir:

“Biz hadisə yerinə çatanda artıq ətrafdakı binalar zədələnmişdi, avtomobillər isə yanırdı. Yerdə kişi, qadın və uşaqların qəlpə yaralarından həlak olduğunu gördük, həmin vaxt 7 meyiti müəyyən edə bildik. Ətraf qan içərisində idi. Biz onların nəşini xüsusi kisələrə yığaraq aidiyyəti üzrə təhvil verdik. Çox dəhşətli bir mənzərə ilə üzləşmişdik. Ətrafda gördüyümüz mənzərə, insanların ah-nalə edərək ora-bura qaçması hələ də gözlərimin qarşısından getmir. Həmin yerə təkrar zərbə olacağı ehtimalı olsa da, insanlar yaralılara kömək etmək ümidi ilə özlərini irəli atırdılar”.

Qeyd edək ki, 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri Bərdədə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini “Smerç” raketləri ilə atəşə tutub. Nəticədə 4-ü qadın, 17-si kişi olmaqla 21 nəfər qəsdən öldürülüb, 8-i uşaq, 17-si qadın, 58-i kişi olmaqla 83 nəfər xəsarət alıb.

Ümumilikdə, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə beş dəfə (5, 8, 27, 28 oktyabrda və 7 noyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər şəxs qəsdən öldürülüb, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Bundan başqa, 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir