Siyasət

Kəlbəcər və Laçında seçkiyə hazırlıq davam edir – FOTO

Sharing is caring!


Növbədənkənar prezident seçkisi ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə 26 yeni seçki məntəqəsi yaradılıb. Bu məntəqələrdən ikisi Kəlbəcər şəhərində, beşi isə Laçın rayonundadır. Həmin məntəqələrə baxış keçirilib, bütün təchizatlar yoxlanılıb.

Bununla əlaqədar Oxu.Az-a Kəlbəcər və Laçın seçki dairələrinin sədrləri məlumat veriblər.

123 saylı Kəlbəcər dairə seçki komissiyasının (DSK) sədri Adil Murtuzayev bildirib ki, Kəlbəcər şəhərindəki hər iki məntəqə Bakı Abadlıq Xidmətinin oradakı inzibati binasında yaradılıb:

“Məntəqələrdə Kəlbəcərdə işləyən əməkdaşlar səs verəcəklər. 63 və 64 saylı seçki məntəqələri formalaşdırılıb. Ümumilikdə, 1600-dən çox insanın orada səs verəcəyi müəyyənləşib. Qış fəsli ilə əlaqədar kənd təsərrüfatı ilə məşğul olan təsərrüfatçılar qışlaqlara qayıdıblar. Ona görə, ancaq işçilərin səsverməsi orada təmin ediləcək. Hələlik seçki qutularının verilməsinə başlanılmayıb. Seçki gününə yaxın bu kimi məsələləri də tam təmin edəcəyik. Kəlbəcərdəki seçki məntəqələrində veb-kameralar quraşdırılmayacaq”.

DSK sədri onu da bildirib ki, seçki günü məntəqələrə gəlmək imkanı məhdud olan seçicilər müraciət etdikləri halda, fəaliyyət göstərdikləri şirkətlər tərəfindən onlar üçün nəqliyyat ayrılacaq:

“Əgər seçici səs vermək istəyir, hava şəraiti, səhhəti və s. ilə əlaqədar məntəqəyə gedə bilmirsə, çalışdığı qurum rəhbərliyinə müraciət edib, imkan yaradılmasını istəyə bilər”.

A.Murtuzayev onu da əlavə edib ki, Kəlbəcərdəki məntəqələr də seçki günü hər iki saatdan bir dairə seçki komissiyasına hesabat verəcək, nəticələri məruzə edəcək:

“Bilirsiniz ki, Kəlbəcər əhalisi müxtəlif bölgələrimizdə məcburi köçkündürlər, ona görə, dairə seçki komissiyasının binası Gəncədə yerləşir. Seçki günü telefon vasitəsilə hər iki saatdan bir məntəqələrdən məlumat alacağıq. Bununla bərabər, bülletenlər sayılıb, nəticələr dəqiqləşəndən sonra bütün qaydalara uyğun olaraq, polisin müşayiəti ilə protokol, seçki qutuları və bülletenlər dairə seçki komissiyasına təqdim ediləcək. İstər seçki günü, istərsə də bundan sonrakı mərhələlərdə bütün təhlükəsizlik tədbirləri tam təmin ediləcək”.

121 saylı Laçın dairə seçki komissiyasının sədri Hüseyn Səfərov isə Laçında beş yeni seçki məntəqəsinin yaradıldığını vurğulayıb:

“Hazırda Laçın şəhərində səs verəcək seçicilərin siyahısı dəqiqləşdirilir. Çünki orada müxtəlif qurumların işçiləri də var, yaşayırlar. Laçında 105, 106, 107, 108, 109 saylı seçki məntəqələri yeni yaradılıb. Bu məntəqələr Zabux tam orta məktəbində, Laçın şəhər 2 saylı məktəbdə və orada fəaliyyət göstərən şirkətlərin bəzilərinin binasında formalaşdırılıb. Hər məntəqənin altı nəfər işçisi olacaq.

Seçkilər qış fəslinə təsadüf etdiyindən və Laçın nisbətən soyuq ərazi olduğundan hava şəraiti ilə əlaqədar çətinliklər nəzərə alına bilər. Amma seçki məntəqələrinə gələ bilməyənlərin evdə səs verməsi haqqında hələlik müzakirə aparılmır. Həmçinin mən inanmıram ki, kimsə prezident seçkisində iştirak etməkdən yayınsın. Üstəlik, onlar Ali Baş Komandan İlham Əliyevin və Ordumuzun sayəsində öz dədə-baba torpaqlarına qayıtmış insanlardır. 30 il sonra öz doğma yurdunda seçkiyə qatılmağa tənbəllik etməyəcəklər”.

H.Səfərov onu da xatırladıb ki, DSK-nın binası Ağcabədidə yerləşdiyinə görə, seçkilərin nəticələri və protokol Ağcabədiyə gətiriləcək:

“Bununla bağlı bütün təhlükəsizlik tədbirləri nəzərdə tutulub. Həm seçki günü, həm də seçkidən sonrakı mərhələlərdə hər şey polisin nəzarətində olacaq. Hər hansı qanun pozuntusundan söhbət belə gedə bilməz. Bütün lazımi tədbirlər görülür”.

Qeyd edək ki, Azərbaycanda 2024-cü il fevralın 7-nə növbədənkənar prezident seçkisi təyin edilib.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir