Cəmiyyət

Laçın sakini: “Şükürlər olsun, ocağımıza, güllü-çiçəkli yurdumuza geri dönürük”

Sharing is caring!


“Şükürlər olsun, ocağımıza, güllü-çiçəkli Laçınımıza geri dönürük”.

“Report” xəbər verir ki, bunu Laçın sakini Firuzə Həsənova deyib.

F.Həsənova söyləyib ki, ötən 30 ili Vətən həsrəti ilə yaşayıblar:

“Laçından çıxanda 46 yaşım və dörd övladım var idi. Hər biri Laçında dünyaya göz açıb, orada böyüyüblər. Laçından üç övladımla birgə çıxdıq, ona görə ki, o zaman oğlum müharibədə idi. Oğlum olmadan digər övladlarımla birgə ocağımızdan ayrı düşdük. Ötən bu illəri vətən həsrəti ilə yaşamışıq. Həmişə Laçına qayıdacağımız günü gözləmişik. Laçınla bağlı bütün təəssüratlarımız gözəldir, çünki orada çox gözəl günlər yaşamışıq. Laçınlılar həmişə çox qonaqpərvər, evlərimiz hər zaman qonaqlı-qaralı olub. Laçından gələndə dörd bacı idik, onların ikisi Vətən həsrəti ilə dünyasını dəyişdi, həyat yoldaşım isə artıq bir ildir vəfat edib. Laçından onunla birgə çıxmışdıq. Heyif ki, o bu günü görə bilmədi. Amma sevinirik, mən əminəm ki, onun da ruhu bu gün şaddır, çünki həsrətimiz sona çatır, doğma yurdumuza geri dönürük”.

F.Həsənova həmçinin dövlət başçısına təşəkkürünü bildirib, şəhidlərə rəhmət diləyib:

“Bu gün bu xoşbəxtliyi yaşamaq nəsibimiz olubsa biz bunu müzəffər ordumuza, Ali Baş Komandanımıza borcluyuq. Mən fürsətdən istifadə edib torpaqlarımız uğrunda canından-qanından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların analarının qarşısında baş əyirəm, Allah qazilərimizə şəfa versin. Allah ordumuzu qorusun, arzu edirəm ki, Azərbaycan xalqı həmişə sülh içərisində yaşasın”.

Qeyd edək ki, bu gün daha 93 nəfərdən ibarət 23 ailə doğma yurduna geri dönür.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 203 ailə, yəni 793 nəfərin daimi məskunlaşması təmin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir