Siyasət

Vassal, forpost, bastion – “Kaspi”nin TƏHLİLİ

Sharing is caring!


Ermənistanın yeni himayədarı Fransanın dünyanın dörd bir yanındakı müstəmləkələri ilə necə davrandığını bilməyən yoxdur. Belə görünür ki, Afrikanın gedib qayıtdığı yola Ermənistan indi çıxır. 

“Kaspi” qəzetinin mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edirik.

Ermənistanın iki əsrlik sahibinə xəyanət edib Qərbdə yeni himayədar axtarması erməni xalqının müstəqil yaşamaq qabiliyyəti, bacarığı və belə görünür ki, həm də istəyində olmadığının göstəricisidir. Ötən həftə bu axtarış özünün məntiqi hədəfinə yetişib: Fransanın İrəvana bir neçə ədəd “Bastion” zirehli texnikasını göndərməsinə dair informasiya yayılıb və təsdiqini tapıb. Bunun ardınca ictimailəşən daha bir məlumata görə, ABŞ də Ermənistana bir sıra istiqamətlərdə yardım və təminat verməyə hazırlaşır. Okeanın o tayından gələn vədlər əsas etibarilə siyasi və maliyyə xarakterlidir. Bu hipotetik yardım Ermənistana Rusiya tərəfindən sıxışdırıldığı halda ediləcək. Söhbət İrəvanın enerji asılılığı və maliyyə sıxıntılarının qarşılanmasından getsə də, hər halda ABŞ-nin dünyadakı ikinci ən iri səfirliyinin Ermənistanda sadəcə bu ehtiyacların ödənilməsi üçün fəaliyyət göstərdiyinə inanmaq sadəlövhlük olardı.

Xəyanət alınlarına yazılıb

Ermənilər nicatı iki yüz illik hamiləri və sponsorları olmuş Rusiyaya arxa çevirib Qərbdə axtarırlar. Əslinə qalsa, bu xəyanət ermənilərin Qafqazda məskunlaşdıqları müddət ərzində ilk təcrübə deyil. Ötən əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarında məskən salmış ermənilərin ilk müstəqil dövlətlərinə rəhbərlik edən daşnaklar da üzü Avropaya dönməyə cəhd göstərmiş və fiaskoya uğramışdılar. Vəziyyət o həddə çatmışdı ki, türkü özünə bir nömrəli düşmən seçmiş “Daşnaksütyun” liderləri Atatürk Türkiyəsinə müraciət edərək bolşevik Rusiyasına qarşı silahlı dəstək istəmişdilər. 

Əvvəl Rusiya imperiyası, sonra sovetlərin arxasında daldalanan ermənilər Serj Sarqsyanın hakimiyyətinin ortalarınadək Moskvanın sadiq forpostu rolunun mahir ifaçısı qismində çıxış ediblər. O həddə ki, hətta Rusiyanın rəsmi şəxsləri İrəvanın Moskvanın Qafqazdakı “etibarlı forpostu” olduğunu bəyan etməkdə bir qəbahət görmürdülər. Bu vaxtdan etibarən ermənilər Rusiyanın borc müqabilində Ermənistanın olan-qalan infrastrukturunu əlindən aldığını və əvəzində heç nə vermədiyini dərk edib altdan-altdan Qərblə gizli sövdələşməyə start veriblər. ABŞ-nin ən böyük səfirliklərindən biri İrəvanda məhz bu dövrdə tikilib. Ermənistanda hazırkı hakimiyyətə müxalifətdə olan qüvvələrin bir qismi Sarqsyanın Paşinyanın qarşısından “çəkilməsi”ni İrəvanın Qərbə doğru gələcək dreyfi üçün münbit platforma yaratmaq cəhdi hesab edirlər. Başqa sözlə, Sarqsyan hakimiyyəti Paşinyana əvvəldən hazırlanmış ssenari ötürüb ki, bu gün şahidi olduğumuz proseslər yaşansın. 

Afrikadan Ermənistana

“Bastion”ların Ermənistana ötürülməsindən əvvəl erməni müdafiə naziri Parisə səfəri zamanı Fransa istehsalı iki ədəd radar sisteminin alınmasına dair müqavilə də imzalamışdı. Düzdür, bu komplekslərin hansı pulla alındığı və məbləğin nə zaman ödəniləcəyinə dair detallı məlumat yoxdur. Fransa kiməsə pulsuz nə isə verən ölkəyə oxşamır. Paris və Strasburqun yarıerməni merlərinin Azərbaycanla sərhədə doğru 3-4 yük maşını ərzaq gətirib, bir qədər sonra geri dönmələri aldadıcı təsəvvür yaratmamalıdır. Qarabağı tərk edən ermənilərin “Fransa tərəfindən qəbul ediləcəklərinə” dair məlumat çıxan kimi bu ölkənin İrəvandakı səfirinin tələsik və təlaşlı təkziblə çıxış etməsini də unutmamalıyıq. Belə baxanda, Ermənistana ötürülən silahın ciddi hərbi mahiyyəti yoxdur. Radarlar nəzəri baxımdan Ermənistanın hava məkanını qorumalıdır, ancaq onların Rusiya istehsalına əsaslanan KTMT sistemi ilə necə əlaqələndiriləcəkləri müəmma mövzusudur. Deyilənə görə, “Bastion”lar Ukrayna üçün nəzərdə tutulubmuş, ancaq Kiyevdə hesab ediblər ki, bu zirehli maşınlar artilleriya və raketlər qarşısında çox ürkək və etibarsızdırlar. 

Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, Fransanın hərbi yardımı gerçək dəstəkdən daha çox hərbi məzmunlu təbliğat aksiyasının tərkib hissəsidir. Bir tərəfdən yerlilərin xoşuna gəlmək və Rusiyaya nifrəti artırmaq, digər tərəfdən isə bu yolla Moskvanı ölkədən çıxarıb onun yerini doldurmaq. Afrikadan biabırcasına qovulan Fransa üçün bu, həyati əhəmiyyət daşıyan həmlədir. 

Rusiya qalasında fransız bastionu 

İtalyan mənşəli söz olan bastionun mənası müdafiə və hərbi məqsədlərə xidmət edən möhkəmləndirilmiş istehkam, tikili deməkdir. Bu ifadə tarixdə daha çox qala döyüşləri zamanı populyar olub. Fransanın Ermənistana göndərdiyi ilk hərbi texnikanın “Bastion” adlanması görünür ki, təsadüfi deyil. Paris Ermənistanı yeni bastionu etməkdə israrlıdır. Avropa və bütövlükdə Qərb Rusiyanın Ukrayna cəbhəsində əldən düşməsindən istifadə edib Ermənistanda və ümumiyyətlə, Cənubi Qafqazda möhkəmlənmək istəyir. Paşinyan hökuməti bunun üçün lazımi şəraiti yaratmağa və iztirablara dözməyə hazır kimi görünür. İrəvanın da öz hesabları var – plan baş tutarsa, iki yüz illik qul yaşayışına son qoyub Qərbin qabaqcıl nailiyyətlərinə doğru yol açmaq. Ancaq qul necə deyərlər, ona görə qul deyil ki, bu vəziyyətdə yaşayır. Qul bu vəziyyətdən çıxmaq üçün cəhd etmədiyinə görə quldur. Ermənistan ilk baxışdan zəncirlərini sındırmaq istəyən qul təəssüratını yaratsa da, Qərbdə də Şərqdə olduğu kimi, “halva, halva deməklə ağız şirin olmur”. Fransanın dünyanın dörd bir yanındakı müstəmləkələri ilə necə davrandığını bilməyən yoxdur. Belə görünür ki, Afrikanın gedib qayıtdığı yola Ermənistan indi çıxır. 

Fransa Ermənistanda bastion qurmaqda olsun. Rusiya hərbiyyəsi artıq iki əsrdir elə bu qədər də tarixi olan Gümrü qalasında möhkəmlənib və onu tərk etməyə hazırlaşmır. Tapdaq altında qalacaq Ermənistanın onsuz da zəif dövlətçiliyini hansı aqibət gözləyir?

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir