İdman

Riçard Almeyda: “Meydanda hamımız qladiator kimi döyüşürük”

Sharing is caring!

“Öz adıma çox sevincliyəm. Beynimə qoymuşdum ki, həddindən artıq çox çalışmalı və az danışmalıyam. Sevindirici haldır ki, nəticəsini görürəm. Qurban Qurbanov məni illərdir tanıyır və poitensialıma bələddir. Yenidən bu komandada oynamaq imkanı əldə etdiyim üçün məmnunam”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Riçard Almeyda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə 2:2 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Braziliyalı yarımmüdafiəçi görüşün çətin keçdiyini bildirib: “Qələbə qazanmasaq da, heç-heçə bizi növbəti mərhələyə çıxardı. Artıq Konfrans Liqasının qrup mərhələsinə vəsiqəni təmin etmişik. Amma burada dayanmaq istəyirik. Məqsədimiz Çempionlar Liqasının qrupuna düşməkdir”.

33 yaşlı oyunçu “Sürix”lə matçda cəzalı duruma düşməsinə səbəb olan sarı vərəqə epizoduna da toxunub: “Əslində həmin epizodda, səhv etmirəmsə, rəqibin ayağını tapdaladım. Ona görə də nəsə demək çətindir. Biz ailəyik. Meydana çıxan hər futbolçu qladiator kimi döyüşür. Məni əvəzləyən oyunçu da komandanın uğuru üçün əlindən gələni edəcək. Heç bir klub 1 futbolçu ilə qələbə qazanmır”.

Almeyda III təsnifat mərhələsində Macarıstan “Ferentsvaroş”una qarşı keçirəcəkləri matçlardan da danışıb: “Rəqib güclü komandadır. Yaxşı baş məşqçisi və futbolçuları var. Amma biz də yaxşı komandayıq. Ümid edirəm ki, uğurlu nəticə əldə edəcəyim”.

Qeyd edək ki, “Qarabağ” “Ferentsvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir