Siyasət

Paşinyan hökumətinin iç üzü – “Kaspi”nin TƏHLİLİ

Sharing is caring!


Ermənistan hökuməti dəfələrlə açıqlama verərək rüşvət və korrupsiyaya qarşı mübarizə tədbirlərinin sərtləşdiyini bəyan etsə də, real mənzərə başqadır. Müasir Ermənistan rüşvət və korrupsiya bataqlığında boğulur. Korrupsiya ilə bağlı cinayət işlərinin də sayında kifayət qədər artım var.

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:

Rəqəmlər nə deyir?

Ermənistanın Korrupsiya ilə mübarizə komitəsinin sədri Sasun Xaçatryan hələ 2023-cü ilin mart ayında korrupsiya ilə bağlı cinayət işlərinin artdığını etiraf etmişdi. Komitə nə az, nə çox,  1003 korrupsiya işini araşdırırdı. Son aylar ərzində isə 286 nəfərlə bağlı cinayət işi məhkəməyə göndərilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə korrupsiya ilə bağlı cinayət işlərində 97%-lik artım müşahidə edilir. Ermənistanda hər həftə yüksək rütbəli məmurların kifayət qədər böyük məbləğdə pullarla bağlı korrupsiya faktları aşkarlanır. Korrupsiyaya qarşı mübarizə komissiyası hakim “Mülki müqavilə” partiyasının deputatlarına qarşı addım atmağa cəsarət edə bilmir.

Orduda korrupsiya

Ermənistanda korrupsiya və rüşvətin ən geniş yayıldığı təsisatlardan biri də ordudur. İmkanlı şəxslər korrupsiya sxemləri ilə övladlarını hərbi xidmətdən yayındırırlar. Külli miqdarda rüşvət alan erməni generalları iri mülklər, böyük fermalar, İrəvanın mərkəzində bahalı mənzillər alır, övladları bahalı maşınlarda gəzir, xarici səfərləri su yoluna döndərir, gecə klublarında bir dəfəyə minlərlə dollar xərcləyirlər. Ermənistan məhkəmələrində ordu mənsublarına qarşı açılmış kifayət qədər cinayət işi davam edir. Sözügedən şəxslər büdcəni talamaqda, satınalmalarda rüşvət sxemi həyata keçirməkdə ittiham edilirlər. Orduda rüşvətin yayılmasının əsas səbəbi Ermənistanda peşəkar hərbçi olmaq istəyənlərin sayının çox az olması, hərbi-vətənpərvərlik ruhunun, vətənə xidmət ideyasının iflasa uğramasıdır.

Evsiz gəlib ev sahibi olanlar

Maraqlıdır ki, Paşinyan komandası qısa müddət ərzində kifayət qədər varlanıb. 2018-ci ildə baş tutan “məxməri inqilab”dan əvvəl evsiz olan və kirayələrdə sürünən komanda üzvləri parlamentdə oturduqdan çox qısa müddət sonra İrəvanın ən bahalı yerlərində mənzillərə sahib olublar. Belələrinin arasında Ovik Ağazaryan, Matevos Asatryan, Vilen Qabrielyan, Arpi Davoyan, Qayan Yeqiazaryan, Arman Yeqoyan, Arsen Torosyan, Hayk Konjoryan, Rüstəm Bakoyan kimi deputatlar da var. 

Kirayə pulu dilənçiliyi

Bununla yanaşı, bir çox deputat mənzili və villanı öz adına rəsmiləşdirməyərək dövlətdən kirayə pulu alır. Bu işdə daha çox qadın deputatlar fəallıq göstərirlər. Məsələn, Lilit Stepanyan 2020-ci ildə mənzil sahibi olsa da, bu yaxınlara qədər dövlət büdcəsindən kirayə pulu alıb. Digər qadın deputat Arpi Davoyan 2019-cu ildə İrəvanın mərkəzində bahalı mənzil alıb. Lakin hələ də bu günə qədər dövlət büdcəsindən kirayə üçün kompensasiya aldığı üzə çıxıb. Bütün bu faktlar Paşinyan komandasının miskin və rəzil durumda rüşvətə qurşandığını bir daha sübut edir. Tez-tez hökumət iclaslarında rüşvət və korrupsiya ilə mübarizə apardığını bəyan edən baş nazir isə, komandasının “hərəkətlər”inə göz yummaqla yetinir. 

Digər hökumət qurumlarında rüşvət

Ermənistanın Daxili İşlər Nazirliyində (DİN) də rüşvət və korrupsiya ilə bağlı xəbərlərin ardı-arası səngimir. Bu qurumda rüşvət halları daha çox polis bölmələrinin rəisləri ilə bağlıdır. Məsələn, bu yaxınlarda DİN-in daxili təhlükəsizlik şöbəsində aparılan araşdırma müəyyən edib ki, polis bölmələrindən birinin rəisi vəzifə səlahiyyətlərindən istifadə edərək digər bölmənin əməkdaşına 300 min dram rüşvət müqabilində ona qulluq etməyi təklif edib. Bölmə rəisi digər bölmənin əməkdaşına rüşvət verərək, onun rəisi barədə kompromat məlumatlar əldə etməyi qarşısına məqsəd qoyub.

Pul və nüfuz uğrunda mübarizə

Ermənistanda digər icra hakimiyyəti strukturlarında da rüşvət və korrupsiya halları geniş yayılıb. Paşinyan tez-tez hakimiyyətində qanad və qolların olmadığını bəyan etsə də, müxtəlif fərdlər və klanlar arasında nüfuz, vəzifə və pul uğrunda güclü mübarizə gedir. Regionların icra hakimiyyəti strukturlarını ələ keçirmək, büdcəni talamaq, iri ferma və əkin sahələrinə yiyələnmək bu mübarizənin özəyini təşkil edir. Artıq erməni ekspertlər etiraf edirlər ki, bölgələrdə gedən bu talançılıq nəticəsində Ermənistandan miqrasiya şiddətli dərəcədə artıb. Bölgələr boşalır, sakinlər məmurların rüşvət və korrupsiyaya bulaşması səbəbindən işsiz və torpaqsız qalırlar. Bu isə ölkədən köçü sürətləndirir. Ermənistanda elə bölgələr var ki, son bir neçə ildə əhali sayı 2 dəfəyə yaxın azalıb.

Nazir və deputatlara məxsus şirkətlər

Üzə çıxan korrupsiya və yeyinti sistemlərindən biri də deputatlara və nazirlərə məxsus şirkətlər vasitəsilə dövlət tenderlerində qalib gəlmək, büdcədən ayrılan pulları həzm-rabedən keçirməkdir. Bu şirkətlər dövlət tenderlərində qalib gəlir, böyük məbləğdə pulu əldə etdikdən sonra məhkəməyə müraciət edərək özlərini müflis elan edirlər. Ədliyyə sistemində hakim komandanın nüfuzunu nəzərə alsaq, bu sxemin kim tərəfindən idarə edilməsini də anlamaq o qədər çətin deyil.

Yuxarıda sadalananlardan məlum olur ki, özünü demokrat, Qərb dəyərlərinin qoruyucusu kimi xalqa sırıyan Nikol Paşinyan köhnə hökumətləri rüşvət və korrupsiyaya görə tənqid etsə də, əslində özü də bu sahədə kifayət qədər “ixtisaslaşıb”. Paşinyan komandası rüşvət və korrupsiya bataqlığında boğulur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir