Siyasət

Qərb Cənubi Qafqazdan nə istəyir? – ŞƏRH + FOTO

Sharing is caring!


Qərb Cənubi Qafqaz regionunda maraqlarını təmin etmək üçün müxtəlif yollara baş vurur. İstər ABŞ, istər Fransa, istərsə də Almaniya kimi digər Qərb dövlətləri əsas məqsədinə çatmaq üçün vasitə kimi Ermənistandan istifadə edirlər. Bu dövlətlərin əl oyuncağına çevrilən İrəvanın siyasi rəhbərliyi Qərbdən gələn bütün təlimatlara “ləbbeyk” deyərək təmsil etdikləri ölkəni uçuruma sürükləməkdə davam edir. Uzun illər təcrid vəziyyətində qalan qonşu dövlət Qərbin şirin vədlərinə qapılaraq region qonşusu, strateji müttəfiqi və erməni iqtisadiyyatının şah damarlarının sahibi olan Rusiyaya arxa çevirməkdən belə çəkinmir. İllüziyaya qapılan Paşinyan hökuməti regionda gedən qlobal layihələrdən uzaqlaşmaq, müttəfiqlərini itirməklə üz-üzə qalıb.

Artıq baş nazir Nikol Paşinyan hökumətində təmsil olunanlar Kreml nümayəndələri arasında söz dueli gedir. Rusiyanın təşkil etdiyi bir sıra platformalarda iştirak etməkdən imtina edən dövlət sonuncu dəfə MDB Təhlükəsizlik Şurası rəhbərlərinin iclasına da qatılmadı. Bu görüşdə onu TŞ sədri yox, səfir təmsil edib.

İş o həddə çatıb ki, paytaxt küçələrində keçirilən sorğularda belə sadə erməni vətəndaşlar hökumətin yarıtmaz xarici siyasətindən şikayət edirlər. Ermənistana şirin vədlər verən Qərbin regionda maraqları nələrdir? Qərb Paşinyan hökumətini “əl kuklası”na çevirməklə hansı hədəflərinə çatmaq niyyətini güdür?

ABŞ-nin məqsədləri

ABŞ SSRİ dağıldıqdan sonra Cənubi Qafqaza ciddi maraq göstərir. Bunun əsas səbəblərindən biri əzəli rəqibi Rusiyanı buradan sıxışdırmaqla yanaşı, Birləşmiş Ştatların bir sıra iqtisadi maraqları da var və rəsmi Vaşinqton bu maraqlarını təmin etmək üçün “narıncı inqilablar”dan tutmuş, USAİD agentlərinə qədər müxtəlif üsullardan istifadə edir. Şübhəsiz ki, 2018-ci ildə Soros fondunun dəstəyi ilə hakimiyyətə gələn Nikol Paşinyan ağalarının maraqlarını təmin etməyi özünə borc bilir. ABŞ Qafqaz regionunda anti-Rusiya cəbhəsi açmaq üçün Gürcüstanda uğursuzluğa düçar olduqdan sonra növbəti hədəf kimi Ermənistanı seçib. Əslində bu layihə qeyri-mümkün görünsə də, ABŞ regionu xaosa sürükləmə planlarından əl çəkmir. Çünki əgər Moskvaya qarşı yeni bir cəbhə aça bilməsə də, Rusiyanın cənubunda yeni bir münaqişənin olması ABŞ-nin işinə yarayar. Hər nə qədər Dövlət Departamenti rəsmi açıqlamalarında Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəklədiyini bəyan etsə də, Nikol Paşinyanın əli ilə bu sülhə mane olur. Elə ABŞ-nin direktivləri ilə hərəkət edən erməni baş nazir Rusiyanın təklif etdiyi Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli sülh danışıqlarından imtina edərək vəziyyəti qəlizləşdirib. ABŞ-nin məqsədi isə sülhü rəsmi Vaşinqtonun diktəsi ilə reallaşdırmaqdır. Bu səbəbdən Fransa kartı işə salındı və rəsmi Parisin məntiqsiz davranış və bəyanatları Qərb platformasında da danışıqların baş tutmaması ilə nəticələndi.

Azərbaycan həm Qranada, həm də Brüssel görüşlərindən imtina etdi. ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın qeyri-etik davranışları və erməni təəssübkeşliyi rəsmi Bakının Qərb platformasını təxirə salmasına səbəb oldu. ABŞ-nin Ermənistan vasitəsilə Rusiyaya qarşı həmləsi bununla da bitmədi. İrəvan Rusiyanı təhlükəsizlik sahəsində müttəfiq kimi görməyin strateji səhv olduğunu bəyan etdi. Elə MKİ kəşfiyyatçılarının diktəsi ilə NATO-nun genişlənməsi üzrə QHT sədri Günter Felinqerin Ermənistanı NATO-ya qoşmaqla bağlı çağırışı da boş yerə səslənməmişdi. Çünki bu bəyanatın ardınca Ermənistanda amerikalı hərbçilərlə birlikdə 10 günlük təlimlər keçirildi. Bütün bu baş verənlər okeanın o tayından Rusiyaya mesaj idi və onu regionda erməni əli ilə qovmağa hədəflənən planın müxtəlif bəndləri sayılırdı. Bundan əlavə, unutmaq lazım deyil ki, ABŞ-nin regiona marağının digər əsas səbəblərindən biri də İrandır. ABŞ əzəli düşməni olan İranla sərhəd ölkəsi olan Ermənistanda 10 gün təlim keçirməklə amerikalı hərbçiləri rəsmi Tehranın burnunun dibinə qədər gətirir. Bu isə ABŞ-nin nəbz yoxlaması kimi qiymətləndirilə bilər. ABŞ bu yolla İran-Ermənistan münasibətlərinə kölgə salmaq niyyətini də güdür. Eyni zamanda Tehrana qarşı mümkün hərbi əməliyyatlar zamanı Ermənistan ərazisindən də istifadə ediləcəyi istisna edilmir. Artıq ABŞ hərbçiləri İrəvanda 10 gün təlim keçiblər və lazımi kəşfiyyat materiallarını toplayaraq Vaşinqtona ötürüblər. Unutmaq lazım deyil ki, ABŞ-nin dünya üzrə ən böyük səfirliklərindən biri də İrəvanda fəaliyyət göstərir və kiçik bir ölkə üçün bu qədər səfirlik əməkdaşının hansı məqsəd üçün göndərildiyi də məlum məsələdir.

Avropanın məqsədləri

Ermənistanın son illər müttəfiqləri ilə, daha dəqiq desək, Rusiya ilə münasibətləri pisləşməyə doğru gedir. Bu pisləşmənin əsas aktyorları isə Avropa ölkələridir. Fransa rəsmilərinin az qala hər həftə İrəvana səfəri də təsadüfi deyil. Hələlik Paşinyan hökuməti bu səfərlərdən illüziyaya qapılsa da, səfərlərin tam başqa məqsədə xidmət etməsi də gün kimi aydındır. İstər Fransanın silah satışı, istər yardımları, istərsə də Frankafoniya kimi fransız milliyyətçiliyinə xidmət edən qurumun İrəvana ayaq açmasının əsas hədəflərindən biri yuxarıda da qeyd etdiyimiz kimi, Rusiyanı Qafqazdan çıxarmaqdır. Artıq Ermənistan Avropa dövlətlərinin Qafqaz regionunda maraqlarını təmin etmək üçün başına noxta keçirilmiş “bələdçi”yə çevrilib. Avropa ciddi cəhdlə bu ölkə vasitəsilə regionda təsirini artırmağa cəhd edir.

Avropanın iki əsas oyunçusu Almaniya və Fransanın Bakıya təsir alətləri çox zəif və məhduddur. İstənilən təxribat və sərsəm bəyanata rəsmi Bakı sərt dillə cavab verir və Qərb platformasında danışıqlara fasilə verdiyini elan edir. Azərbaycanın Avropanın enerji tərəfdaşı olduğunu unudan bəzi avropalı siyasilər hərdən hədlərini aşaraq təhdid dilində danışmağa cəhd etsələr də, layiqli cavablarını alırlar. İrəvanı isə şirin dilə tutan Avropa bu yolla nüfuz genişləndirilməsinə nail olmaq istəyir. Qonşu dövlətin xarici siyasət vektorunu Qərbə tərəf tam dəyişməsi Aİ üçün göydəndüşmə sayıla bilərdi. Siyasi gedişləri səhv hesablayan Avropa bu yolla regionda nüfuzunun artdığını düşündüyü halda, Azərbaycanın bir həmləsi bütün gedişləri mat etdi. Uzun müddətdir sözügedən Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakı İranla razılaşaraq sözügedən dəhlizin Ermənistandan keçəcək hissəsini Araz çayı boyu ilə İrandan keçirmək üçün müqavilə imzaladı və yolun tikintisinə başladı. Regionda iqtisadi maraqları sırasına regional dəhlizləri də prioritet tutan Qərb bu həmlədən sonra hərəkətə keçdi. Təsadüfi deyil ki, Almaniyanın XİN başçısı Annalena Berbok Bakıya, Fransa Prezidenti isə Mərkəzi Asiyaya səfər etdi. Hər iki səfərin özəyində dəhliz məsələsi dururdu. Düzdür, Afrikadan qovulan Fransanın nüvə sənayesi üçün əsas tədarükçüsü Qazaxıstandır.

Elektrik enerjisini əsasən nüvə stansiyalarından alan Fransa Nigerdən qovulduğu üçün əl-ayağa düşərək təcili Mərkəzi Asiya ilə əlaqələri möhkəmləndirmək niyyətindədir. Bundan əlavə, bu yaxınlarda Mərkəzi Asiyada türkdilli ölkələrin rəhbərlərinin keçirdiyi görüş və dəhlizlərlə bağlı əldə edilən razılaşma da rəsmi Parisin maraq dairəsindədir.

Qərbin Qafqaza marağının son illərdə kəskin artmasının səbəblərindən biri də Rusiya və Türkiyədir. Təbii ki, bu iki dövlət Avropanın, xüsusən də Almaniya və Fransanın rəqibi sayılır. Son illərdə Ankara-Moskva yaxınlaşması da Aİ-nin nəzərindən yayınmayıb. Qafqazda nüfuzunu artırmaqla Rusiya və Türkiyəyə qarşı əlavə təzyiq vasitəsi əldə etmək istəyən Avropanın strateji rəqibləri üzərində üstünlük əldə etmək niyyətini də gözardı etmək olmaz.

Qərbi regiondan qovmaq üçün nə etməli

ABŞ və Avropa ölkələrini regiondan sıxışdırmaq və məkrli planlarının həyata keçməsinin qarşısını almaq üçün ən effektiv üsullardan biri “3+3” platformasıdır. 2020-ci il müharibəsindən sonra Azərbaycan və Türkiyə tərəfindən təklif edilən platforma regiondankənar ölkələrin regionun iqtisadiyyatına nüfuz və təsirini sıfıra endirmək üçün nəzərdə tutulub. Bu platforma Türkiyə, Rusiya, İran, Azərbaycan, Ermənistan və Gürcüstanı daha da yaxınlaşdırmaq və iqtisadi maraqlarını birgə təmin etmək üçün əla yoldur. Türkiyə-Rusiya əməkdaşlığı regionun inkişafını sürətləndirə bilər və Avropanın regiona nüfuzunu tam zəiflədə bilər. Eyni zamanda Qərbin bir sıra layihələrinin üstündən xətt çəkə bilər. Eyni zamanda Azərbaycanla Ermənistanın iqtisadi sahədə əməkdaşlığı həm Avropanın, həm də ABŞ-nin əlini kifayət qədər zəiflədə bilər. Kənar aktor olmadan region ölkələri iqtisadi maraqlarını təmin edərək meqalayihələri reallaşdıra bilər və bir-birinin inkişafına töhfə verə bilər.

Sərhədlərin açılması, kommunikasiyaların bərpası, yeni nəqliyyat dəhlizlərinin işə düşməsi bir çox problemi asanlıqla həll edə bilər…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir