Siyasət

Gözlənilən Bayden-Cinpin danışıqları: Müdrikliklə hegemoniyanın “nüvəli davası” – TƏHLİL

Sharing is caring!


ABŞ ilə Çin arasında liderlər səviyyəsində danışıqlar gözlənilir, bu, Pekinin nüvə silahı arsenalını artırmaq təkanlarının Vaşinqtonda yaratdığı narahatlıqların bölüşülməsi üçün müzakirələrdir.

ABŞ-nin Çinlə nüvə silahlarına nəzarət üzrə nadir danışıqlar üzrə proqramı bir neçə mərhələni əhatə edir.

Birinci mərhələdə aşağısəviyyəli müzakirələr gedəcək, daha sonra isə ABŞ Prezidenti Co Bayden ilə Çin Sədri Si Cinpin arasında danışıqların baş tutacağı gözlənilir. Liderlər Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının noyabrın sonunda San-Fransisko şəhərində keçiriləcək zirvə toplantısı çərçivəsində bir araya gəlməyə razılıq veriblər.

Çin və ABŞ-nin nüvə silahlarına nəzarəti müzakirəyə çıxarması Barak Obama administrasiyasından sonra ilk belə danışıqlardır.

ABŞ, onsuz da, bilir ki, Çin nüvə silahları üzrə arsenalını azaltmaqdan yayınacaq. Buna görə də indi Vaşinqton üçün ən vacibi Pekinin məqsədlərini öyrənmək, Çinin planlarını daha yaxşı başa düşməkdir.

Xatırladaq ki, bu ilin oktyabrında Pentaqon Çinin nüvə silahları ilə bağlı hesabat yayımlamışdı.

Pentaqonun hesabatı Çinin nüvə silahı potensialını nə qədər sürətlə artırdığına dair əvvəlki proqnozları üstələyir və əlavə təhdidləri qeyd edir.

Hesabatda göstərilirdi ki, Çin 2023-cü ildə nüvə başlıqlarının sayını 500-ə çatdırıb və 2030-cu ilə qədər həmin rəqəmi 1 000-dən yuxarı etməyi planlaşdırır. Halbuki, ABŞ-nin nüvə başlıqlarının sayı Çininkindən qat-qat çoxdur – 3 700-ə yaxın.

Əlavə təhdidlərə gəlincə, hesabatda xəbərdarlıq edilir ki, Çin adi silahlardan istifadə edərək yeni qitələrarası raket sistemini inkişaf etdirir. Hesab olunur ki, bu, Pekinə ABŞ, Havay və Alyaskadakı hədəflərə “adi zərbələr endirməyə” imkan verəcək.

Hərbi məsələlərlə bərabər, Ağ Evdəki narahatlıqlar ABŞ-Çin qlobal rəqabətində yaranmış gərgin dinamika fonunda bir sıra mətləbləri açır.

ABŞ hesab edə bilər ki, rəsmi Pekinin hədsiz böyüyən maraqları və ambisiyalarının müşayiətində Çinin nüvə təhlükəsinə hazır deyil.

Buna görə də ABŞ Çinlə hərbi-siyasi kanalların bərpası zərurətlərini diqqətdə saxlayır, bu, Pekinin Tayvana mümkün müdaxilə imkanları barədə həyəcanverici narrativləri də özündə ehtiva edir.

Çünki Rusiya-Ukrayna müharibəsi Tayvan üzərində münaqişənin necə görünə biləcəyi ilə bağlı streslər yaradır.

Çinin təkcə Tayvana deyil, həm də bütün regional qonşularına qarşı hərbi, diplomatik və iqtisadi təzyiqləri gücləndirdiyi, ABŞ-nin yüksəlişini cilovlamaq üçün göstərdiyi səylər Vaşinqtonun hərtərəfli həyəcanlarını aydın göstərir. 

Vaşinqtonda Çinin qlobal xüsusiyyətlərdəki bərkiyən iplərini ABŞ-nin hökmran olmaq istədiyi regionlara atmaq qorxusu mövcuddur.

Təsadüfi deyil ki, ABŞ Dövlət katibi Antoni Blinkenlə Çinin xarici işlər naziri Van İ arasındakı müzakirələrdə tərəflər Yaxın Şərqdə alovlanan münaqişə ilə bağlı açıq fikir mübadiləsi aparıblar.

Bildirək ki, HƏMAS hərəkatının İsrailə qarşı başlatdığı hərbi münaqişə fövqəldövlətlər arasında gərgin münasibətlərə yeni dinamika əlavə edib. Vaşinqton ümid edir ki, Pekin Yaxın Şərqdə münaqişənin daha geniş müharibəyə çevrilməsinin qarşısını almaq üçün Çinin artan rolunu məhdudlaşdıran təsirlərdən istifadə edə bilər.

Təbii ki, hər şey göründüyü kimi olmaya bilər, ABŞ ilə Çinin bir-birinə qarşı kartları tükənməyib, əksinə, vaxt getdikcə, hər ikisi daha radikal oynaya bilər.

Lakin risk faktorları böyükdür, çünki rəqiblərdə həmişə alternativlər mövcuddur.

Bu baxımdan, hər iki güc əlaqələri sabitləşdirmək və yaxşılaşdırmaq ümidinə əhəmiyyət verir.

Bu indi ən çox ABŞ üçün vacibdir, Bayden administrasiyasının Çinlə münasibətlərin münaqişəyə çevrilməsinin qarşısını almağa çalışdığı görünməkdədir.

Ancaq Çinlə ABŞ-nin rəqabəti azaldacağı real səslənmir, ona görə də Baydenlə Cinpinin danışıqlarından əhəmiyyətli bir nəticə gözləmək əbəsdir. Beləcə, Çin müdrikliyi ABŞ hegemoniyasına qarşı – məncə, danışıqların axarı bu cür olacaq.

Çin əlinə düşən fürsətləri düzgün qiymətləndirmək imkanlarını ABŞ-nin diqqətinə çatdıracaq. Bunun mənası odur ki, Çinlə ABŞ arasında ali səviyyəli danışıqlarda Pekin qlobal ekspansiya siyasəti üçün yaranmış münbit şəraitin perspektivindən əl çəkməyəcəyini bildirəcək.

Hətta mümkündür ki, Çin artan nüvə gücündən və qlobal genişlənməsindən qürrələnərək Tayvana müdaxilə ilə bağlı əsaslarını təqdim etsin, lakin bu mövzuda ABŞ-nin güzəştə gedəcəyini proqnozlaşdırmaq çətindir.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir