Cəmiyyət

Müzakirə açma, fikir bildirmə, qalsın içi göynəyə-göynəyə…

Sharing is caring!


Aqşin Kərimov yazır…

Deyirlər, zövqlər müxtəlifdir, amma pisi burasıdır ki, müxtəlif zövqlər kütləvi bir şüur formasında vahidləşərək qulaqbatıran xora çevrilir. Bu zaman zövqlərdəki “rəngarəngliyin” məzmun cəhətdən nə qədər faydasız olduğu, forma baxımından isə kütləvi psixoz vəziyyətində ifadəsi üzə çıxır.

Etiraf edirəm ki, elə fikirlər olur ki, onun yaxşı və ya pis vərdişləri təşviq etdiyi mübahisələndirilir, qeydlərim bu kimi mövqelərə aid deyil.

Təbii ki, söhbət neqativ tendensiyalardan, cəmiyyəti zərrə qədər irəli aparmayan, əksinə, geri salan mənasız müzakirələr toplusunun ictimai şüura güllə kimi çaxılmasından gedir. İctimai düşüncə bu zaman yaralı şəkildə fikir bildirir, kimisi yanaraq, kimisi qeyri-səmimi notlarla, kimisi də xala-xətrin qalmasın deyə müzakirə lentlərində görünür.

Sanki ən hərarətli, kifayət qədər ciddi, hətta taleyüklü məsələlərin gündəmdə qalmasını kimsə istəmir, bilərəkdən ortaya məzmunsuz, şit, bayağı, məntiq cəhətdən xətalı mövqelər atılır və əsas mövzular sıxışdırılır.

Özünün piarını bir qara qəpiyə dəyməyən, lakin cəmiyyətin sarı siminə toxunan şəkildə gündəmə gətirməklə aparanlar bu yarışda öndədirlər. Onlar üçün dəyər anlayışı yoxdur, bu arada, dəyər məfhumu təkcə müsəlman coğrafiyasına xas deyil, bu, ümumi, hətta qlobal anlayışdır.

Yəni sözüm odur ki, tez-tez “müasir bayatılar” oxuyanlar elə düşünməsinlər ki, kimsə onlara qarşı çıxırsa, deməli, cahil və kütbeyindirlər.

Cahillik və kütbeyinlik o cür ucuz fenomenlərin öz vücudlarında və şüurlarında təcəlla edir. Vücud sözünü kiminsə fiziki görkəminə lağ etmək mənasında işlətmirəm, yəqin, əziz oxucu nə demək istədiyimi çox yaxşı anlayar.

Pisi odur ki, cəmiyyəti inkişaf etdirəcək dəyər və ya ideya ortaya çıxara bilməyib, yaratdığı ikrah doğuran obrazlarla, özlərinə süni qiymətlər qoymaqla gündəmdə qalmaq istəyənlər isə məqsədlərinə çatırlar.

Konkret adbaad, bir hadisə və ya müzakirə üzərindən fikir yürütmürəm, bu tendensiya ümumi ictimai bəlaya çevrilib, yəqin ki, xeyli insan da bunun şahidi olub. Cəmiyyətin, ictimai münasibətlərin sistemli təhlilə, ictimai psixologiyamızın dərin analizə ehtiyacı var.

Gündə bir yerini söydürməkdən həzz alanlara qarşı mübarizə üçün onları təhqir etmək də mənasızdır, birincisi, ən azından ona görə ki, təhqirli müzakirələr ictimai fəsadlara səbəb olur.

İkincisi, buna görə ki, onsuz da, söydüyünüz adamın məqsədi necə olursa-olsun gündəmdə oturub qalmaqdır, daha çox söyüləndə isə bundan ləzzət alır.

Başa düşürəm, gündəmin boğazında kal armud kimi qalan mövzular üzrə müzakirələr də aparmaq olar, amma ağını çıxarmadan. Yəni “it motaldan əl çəkdi, motal itdən yox” misalındakı kimi olmasın.

Məna yükü olmayan mövzuları gündəmdə saxlayanlardan biri də mediadır, yaxşı, sosial şəbəkələri başa düşdük, cavabdehlik yoxdur, peşəkarlıq tələb edilmir. Amma televiziyalar, saytlar çox ucuzluq dalınca qaçırlar, problemin mahiyyətini, kütləni qızışdıran fikirlərin səbəblərini öyrənmək əvəzinə, həmin mövqelərin işıqlandırılmasına önəm verirlər.

Deyə bilərsiniz ki, söz azadlığıdır, fikir və ifadə azadlığıdır. Lakin bir medianın söz azadlığına malik olması hələ onun peşəkar olduğu anlamını vermir. Bu da məsələnin ayrıca dərdli və qəmli tərəfidir.

Dediyim odur ki, media sosial şəbəkədə müzakirə olunan hər mövzunun tələsinə düşməməlidir. Mövzunun mahiyyətinə varmalıdır ki, bəs görəsən, hansısa natamamlıq kompleksindən əziyyət çəkən biri filan fikri niyə söyləyir? Media beyin hüceyrələri yalnız söyülmək üçün inkişaf edənlərin ictimai diaqnozunu qoyan materialları gündəmə gətirməlidir, təbii ki, ağıllı ekspertlərin, mütəxəssislərin dili ilə.

Bunu da görmürük, onda sual edilir, bəs nə edək? Görürsən ki, hamı hansısa fikrin mənasızlığından gileylənir, amma özü həmin mövqe ilə bağlı ard-arda postlar paylaşır. Lap deyək ki, lağ məqsədilə bu edilir, amma fikrin sahibinin mövqeyi axı yekunda rəqqas bədənini əsdirən kimi gündəmdə əsir. Məqsədi də o deyilmi?!

Deməli, kütlə şüuru yaranır, hamı xoşlasa da, xoşlamasa da, həmin fikir ətrafında müzakirələr açır. Deməli, şəxs məqsədinə çatdı, vəssalam!

Gündə özünə bir qiymət qoyanlara və ya guya müasir dəyər yaradanlara qarşı ən effektiv mübarizə onların informasiya blokadasına alınmasıdır. Deyibsə, desin, müzakirə açma, fikir bildirmə, qalsın içi göynəyə-göynəyə…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir