Siyasət

Paşinyanın sülh üçün üç prinsipi: Bəs problemlər nədir? – TƏHLİL

Sharing is caring!


Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında Azərbaycanla sülh nizamlanması üzrə üç əsas prinsipin razılaşdırıldığını açıqlayıb.

Paşinyanın mövqeyinə əsasən, ərazi bütövlüklərinin qarşılıqlı tanınması, Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası, regional kommunikasiyaların qarşılıqlı şəkildə açılması sülh müqaviləsinin imzalanmasını reallığa çevirə bilər.

Paşinyanın dediyi sülh müqaviləsi üzrə konseptual razılıq üçün açar sayılsa da, ortada xeyli qeyri-müəyyənlik var.

Elə üç istiqamət üzrə qeyri-müəyyənlik dərəcəsinin sülhə maneə yaradacaq səviyyəsini göstərmək lazımdır.

I

Ərazi bütövlüyünün qarşılıqlı tanınması sülh kombinasiyasına əhəmiyyətli töhfədir. Bu, Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesindəki trend xətlərdə narahatedici istiqamətlərin aradan qaldırılması işini yüngülləşdirməyə yardımçı ola bilər.

Lakin Azərbaycanın strateji müdafiə siyasəti prosesi bir qədər geniş dairədə izah etmək zərurətini yaradır. Ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipində Paşinyan Qazaxın yeddi kəndini və Naxçıvanın Kərki kəndini də Azərbaycanın suverenliyi çərçivəsində görür.

Ermənistan Azərbaycanın sərhədlərdə tələb etdiyi təhlükəsizlik zonasının dərinliyi məsələsində razılığa gəlməklə həqiqi sülh prosesinin məntiqi davamını gətirməlidir. Bunun özü isə geosiyasi şərtlərin məzmunu baxımından mürəkkəbdir. Azərbaycan həmin mürəkkəblikləri aradan qaldırıb məqsədinə çatmaq üçün hələ İrəvanı bir neçə güzəşt paketinə vadar edə bilər.

II

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasının konkret hansı xəritə üzərində aparılacağı barədə razılıq yoxdur. Bunun özü delimitasiya üzrə baza problemi təşkil edir, hərçənd, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması faktı var. Lakin bu fakt delimitasiyanın tarixi konteksti üzrə problemli baza prinsipini həll etmir.

Bunlarla yanaşı, delimitasiyanın texniki tərəfləri də mübahisələr vəd edir ki, bu da geosiyasi rəqabətin şiddətləndiyi şəraitdə sülh müqaviləsi üzrə qaranlıq məqamları artırır.

III

Paşinyan regional kommunikasiyaların açılmasından bəhs edir, amma bunun forma və məzmununu qeyd etmir. Paşinyan, onsuz da, region dövlətlərindən Azərbaycan və Türkiyə ilə əlaqələrə can atır, ancaq bunun üçün Bakı-Ankara strateji müttəfiqliyinin bir tələbi var: Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur dəhlizinin açılmasının müşayiətində Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı üçün Ermənistan razılıq masasında Bakının şərtlərini qəbul etməlidir. Hələlik isə hər iki mövzu – Zəngəzur dəhlizi və Qərbi azərbaycanlıların qayıdışı – ilə əlaqədar İrəvan qeyri-müəyyən mövqedədir.

Paşinyan qeyd olunan məsələlər üzrə məchul mövqeyi aradan qaldırmadıqca proseslər fərqli istiqamətə yön ala bilər.

Azərbaycan, onsuz da, qarşıya qoyduğu məqsədlərə çatmaq təcrübəsini əyani olaraq bir neçə dəfə göstərib və əldə etdiyi nəticələrlə strateji mövqeyini xeyli dərəcədə əlverişli yüksəkliklərə çıxarıb. Azərbaycan İrəvanın mücərrəd görünən ideyaları fonunda mövqelərini bir qədər də irəliyə aparmaq mövqelərini nümayiş etdirə bilər.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir