İqtisadiyyat

Enerji bazarını silkələyən qərar – “Kaspi”nin TƏHLİLİ + FOTO

Sharing is caring!


Rusiya ilə Ukrayna arasında davam edən müharibə qlobal böhranı dərinləşdirməkdədir. İşğal faktına görə sanksiyalarla üzləşən Rusiyanın əsas gəlir mənbəyi hesab edilən neft və qaz satışına qoyulan məhdudiyyətlər ciddi itkilərə səbəb olub. Sanksiyalar səbəbi ilə dünyanın enerji bazarındakı mövcud durum isə son günlərin ən aktual xəbəri olan OPEC-in və tərəfdaşlarının qəbul etdiyi qərarla yenidən canlanıb. 

Səudiyyə Ərəbistanı və bir neçə ölkənin neftin hasilatının may ayının əvvəlindən azaldılması ilə bağlı qərarı enerji bazarını əməllicə silkələyib. Toplam hasilatı sutkada 1,649 milyon barel azaltmaq barədə qərarın icrası gələn ayın əvvəlində başlayıb, ilin sonunadək davam edəcək. Dünyanın əsas neft ixracatçısı hesab edilən Səudiyyə Ərəbistanı bəyan edib ki, dünya neft bazarında sabitliyi qorumaq və qiymətlərin bundan sonra da ucuzlaşmasına imkan verməmək üçün belə addım atıb. Nəticədə neftin bütün markalarının qiyməti 6 faiz artıb. Qəbul edilən qərara görə, neft istehsalını Səudiyyə Ərəbistanı və Rusiya 500, İraq 211, Küveyt 128, Qazaxıstan 78, Oman 40, Əlcəzair 48, Qabon isə 8 min barel azaldacaq. Təşkilatın bir sıra üzvləri məhdudiyyət qərarına qatılmayıblar, çünki onlar zatən “qara qızıl”ı çoxdan bəri razılaşdırılmış kvotadan aşağı səviyyədə hasil edirlər. 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Qərb ölkələrində inflyasiya artacaq

Yüksək neft qiymətləri qlobal iqtisadiyyata ciddi təsir edir. Əksər ekspertlər hesab edirlər ki, proseslər mütləq şəkildə Qərb ölkələrində inflyasiyanı artıracaq və mərkəzi bankları uçot dərəcələrinə yenidən baxmağa vadar edəcək. Çünki qlobal bazarlarda qiymət artımı mütləq halda inflyasiyanı sürətləndirəcək. Ən əsası, bu, ABŞ Federal Ehtiyatları Sistemini ölkədə maliyyə-iqtisadi sabitliyin qorunması ilə dərəcənin artımı arasında balans aramağa vadar edəcək. Qərarın postsovet ölkələrinə təsirinə gəldikdə isə hesab olunur ki, Azərbaycan itkilər verməyəcək, əksinə, gəlirləri arta bilər. Proqnozlara gəldikdə, bu il ABŞ-də resessiya, Avropa İttifaqında isə inflyasiya artımı gözlənildiyindən ABŞ və Aİ-də xam neftə olan tələbat may ayından etibarən maksimum sutkada 1,1 milyon barel azala bilər. Ümumiyyətlə, tarixən neft qiymətlərinin sürətlə artması iqtisadi tənəzzüllərlə sıx bağlı olub. Məsələn, 1973-74-cü illərdə Yom Kippur müharibəsində (Ramazan müharibəsi, Oktyabr müharibəsi də adlanır) olduğu kimi. Vaşinqtonun İsraili dəstəkləməsi OPEC-i ABŞ və digər Qərb ölkələrinə qarşı neft embarqosu tətbiq etməyə sövq edib. Benzin qiymətləri kəskin şəkildə qalxıb. Vyetnam müharibəsi dövründə də ABŞ-də inflyasiya tənəzzülü daha da gücləndirib.

ABŞ qərardan narazıdır

OPEC+un qərarı Qərb ölkələrində, xüsusilə Birləşmiş Ştatlarda narazılıq doğurub. Neft hasil edən ölkələrin qərarını məntiqli hesab etməyən ABŞ dünya bazarlarındakı qeyri-müəyyənliyi nəzərə alaraq indiki şəraitdə hasilatın azaldılmasını məqsədəuyğun saymır. Bayden administrasiyası bundan əvvəlcədən xəbərdar olduğunu bildirib və narazılığını ifadə edib. Məsələ ondadır ki, ötən ilin dekabrından bəri ABŞ-nin xam neft anbarlarında ardıcıl artım qeydə alınır. Anbarlardakı neftin həcmi son iki ildə ən yüksək həddə çatıb. ABŞ-də sənaye fəallığı mart ayında son üç ilin ən aşağı həddinə enib. Bu isə öz növbəsində bankları daha yüksək faizlərlə kredit verməyə məcbur edəcək. City Index analitik mərkəzindən iranlı ekspert Fəvvad Rəzaqzadə Qərb mediasına müsahibəsində bildirib ki, neft qiymətləri ilə yanaşı bank faizləri də qalxacaq:

“Adamlar maşın sürməyi və ya təyyarə ilə səfərlər etməyi dayandırmayacaqlar. Bu səbəbdən də tələb neft qiymətlərinin artmasından yüngülcə təsirlənəcək”.

Avropada Rusiyanın yerini ABŞ doldurur

Bütün bunların fonunda ABŞ Avropa İttifaqının əsas neft təchizatçısına çevrilməkdədir. İndiyədək bu rolda müstəsna olaraq Rusiya çıxış edirdi. “Avrostat” (Aİ-nin Statistika Bürosu) yaydığı hesabatda bəyan edir ki, Avropanın neft təchizatında Rusiyanın payı ötən ilin yanvarında 31 faiz idisə, hazırda bu rəqəm 4 faizə enib. Ötən il ABŞ-nin Avropanın neft təchizatındakı payı 13 faiz olub. Hazırda bu rəqəm 20 faizə yaxınlaşmaqdadır. Norveç Avropa İttifaqı ölkələrinin neft təchizatında ikinci pillədə bərqərar olub. Avropa neft təchizatının 17 faizi onun payına düşür. Ötən ilin dekabrında Aİ Rusiyadan tankerlərlə daşınan neftin idxalına qadağan qoyub. Rusiyadan idxal olunan neftə ən yüksək qiymət həddi – qiymət tavanı da tətbiq edilib. Bu, hazırda 1 barel üçün 60 dollara bərabərdir. Sanksiyalar üzündən neftini dünya bazar qiymətindən 40 dollara yaxın ucuz satan Rusiya bu ilin əvvəlindən büdcəni doldurmaqda ciddi çətinliklərlə üzləşib.

Rusiya neft hasilatını azaltmalı olacaq

“Avrostat”ın məlumatında deyilir ki, Aİ neft bazarında dəyişən vəziyyətə uyğunlaşmaq və Rusiya neftinin asılılığından azad olmaq qabiliyyətini isbat edib. Rusiya ötən il Hindistan və Çinə neft ixracatını çoxaldıb, lakin satış çox güzəştli qiymətlərlə reallaşıb. Analitiklərin qənaətincə, neft hasilatının azaldılması qərarı ciddi nəticələrə gətirib çıxaracaq. Bu səbəbdən dünya iqtisadiyyatında da ciddi dəyişikliklər olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir