Siyasət

Rusiya “kranı bağlasa”, Ermənistan üzünü Türkiyə və Azərbaycana tutmalı olacaq – ŞƏRH + FOTO

Sharing is caring!


Uzun müddətdir Ermənistan iqtisadiyyatında inkişaf əvəzinə geriləmə tendensiyası müşahidə olunur. Bunun isə məntiqli olaraq bir neçə səbəbi var. Bu illər ərzində Ermənistan diasporun göndərdiyi “sədəqə” və ianələr hesabına ayaqda durmağa çalışsa da, ölkənin xarici borcu hər il artmaqda davam edir. Artıq Ermənistanın xarici dövlət borcu illik dövlət büdcəsindən bir neçə dəfə artıq həddə gəlib çatıb. Əgər tendensiyalar bu səpkidə davam etsə, yaxın gələcəkdə Ermənistan dövləti xarici borc bataqlığında boğulmağa məhkum olacaq.

İşğalçı siyasəti Ermənistanı regiondakı beynəlxalq layihələrdən kənarda qoyub. Eyni zamanda, ölkə ərazisində elə də ciddi resurslar yoxdur, müttəfiqi olduğu dövlətlər isə Ermənistana ciddi investisiya yatırmayıblar. Dövlət borc girdabından o səviyyəyə çatıb ki, Ermənistanın dəmir yolları Rusiyanın nəzarətindədir və söz haqqı da ona məxsusdur. Erməni valyutası dram isə getdikcə daha da ucuzlaşır. Bütün bunlar Ermənistanın iqtisadi tənəzzülə sürətlə daxil olmasından xəbər verir. İnflyasiya həddi diasporun, xüsusən də Rusiyadakı erməni icmasının ölkəyə investisiya qoymaqdan imtina etməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Sirr deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyanın xaricdə fəaliyyət göstərən erməni diasporu ilə münasibətləri korlanıb və diaspor başbilənləri də bu səbəbdən artıq investisiya və sərmayə məsələsində xəsislik edirlər.

Bu yaxınlarda isə Ermənistanın maliyyə naziri Vahe Ovannisyan 2024-cü ildə müdafiə xərclərinin 7,3% artırılacağını qeyd edib. Qısası, 2024-cü ildə Ermənistan müdafiə üçün 555 milyard dram, yəni 1,5 milyard dollar ayıracaq. Bu isə 2023-cü ilin rəqəmləri ilə müqayisədə 97,4 milyon dollar çox vəsait deməkdir. Əgər Vahe Ovannisyanın dediyi rəqəmlər düzgün olsa, bu, Ermənistanın xarici borcunun artması deməkdir.

Bundan əlavə, Ermənistan iqtisadiyyatının cari ili sürünə-sürünə yola verməsi ümumi daxili məhsula da təsirsiz ötüşməyəcək. Əgər cari ilin birinci rübündə ÜDM-in artımı 11,2 faiz idisə, ilin sonuna qədər bu rəqəm 7,2% təşkil edəcək. Bununla yanaşı, büdcə kəsiri nə az, nə çox – 883 milyon dollar təşkil edəcək.

Hələ bunlar da azmış kimi, son dövrlər Rusiya ilə münasibətlərin getdikcə kəskinləşməsi Ermənistan iqtisadiyyatına ciddi şəkildə mənfi təsir göstərir. Hələ cari ilin mart ayından Rusiyaya erməni konyakının ixracında ciddi problemlər yaranmışdı. Səbəb kimi, Rusiya Gömrük Xidmətinin erməni məhsulunda pozuntular aşkar etməsi göstərilir. Mart-aprel aylarında başlayan bu ciddi nəzarət sentyabrın 25-dən daha da sürətlənib. Rusiyanın gömrük nəzarətçiləri konyak daşıyan yük maşınlarını gömrükdə saxlayır, hər birindən nümunə götürürlər. Ekspertizanın nəticələrinin isə 28-60 gün ərzində bəlli olacağı bildirilir.

Qeyd etmək yerinə düşər ki, Ermənistanda 40-dan çox konyak istehsalçısı var və məhsulun 95 faizi Rusiya bazarına ixrac edilir. Qısası, Rusiyaya “kəllə atmaq”la Ermənistan konyak bazarının ən böyük ixrac bazarını itirmiş sayıla bilər. Rusiyadan savayı, Ermənistanın iqtisadi tərəfdaşı olacaq və konyak ixrac edə biləcəyi ölkə, demək olar ki, yoxdur. Ermənistanın son illər iqtisadi əlaqələr qurduğu ölkələr arasında İran və BƏƏ var və bu iki dövlətə də erməni konyakının ixracı mümkünsüzdür. Digər tərəfdaş Fransa isə özü dünyaya konyak ixrac etdiyi üçün belə bir ticari müqavilə də mümkünsüz görünür. Deyəsən, Ermənistan erməniləri istehsal etdikləri konyakı özləri içmək məcburiyyətində qalacaqlar.

Bununla yanaşı, son günlər Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması barədə söhbətlər də rəsmi İrəvanın siyasi kulislərində dolaşır. Bu isə Ermənistan iqtisadiyyatının konkret çökməsi ilə nəticələnə biləcək bir addımdır. Onsuz da, son 10 il Ermənistan iqtisadiyyatı mövcudluğunu Aİİ-yə borcludur. Regionun əsas dövlətləri ilə münasibətlərini korlayan Ermənistan işğalçılıq siyasətinə görə regionda həyata keçirilən bütün beynəlxalq layihələrdən uzaq qalıb. Bununla yanaşı, qondarma soyqırımı siyasətinə görə Türkiyə ilə də normal iqtisadi münasibətlər qura bilmir. Bu səbəbdən də son 10 il ərzində Aİİ Ermənistan iqtisadiyyatına süni də olsa, nəfəs verə bilmişdi. Müxtəlif ekspert dairələri isə Ermənistanın Aİİ-dən çıxmasını intihar kimi dəyərləndirirlər. Bu, təkcə iqtisadi yox, siyasi sahədə də intihar deməkdir. Aİİ, əslində, Ermənistan iqtisadiyyatının son şansıdır. Şəxsi ambisiyaları və Qərbdəki ağalarının direktivlərini icra edən baş nazir Nikol Paşinyan bu gedişlə Ermənistan vətəndaşlarını ac qoyacaq. Təsadüfi deyil ki, Ermənistanın Aİİ-dən çıxması barədə söhbətlər məhz Paşinyanın Qranada səfərindən sonra ortaya atılıb. Heç bir ciddi resursu olmayan Ermənistanın Aİİ-dən çıxma planı, görünür, Qərbin rəsmi İrəvanla Rusiya arasında bütün körpüləri yandırmaq planının tərkib hissəsidir.

Rusiya-Ermənistan münasibətlərindəki neqativ tendensiya son günlər daha aktiv fazaya qədəm qoyub. Artıq Ermənistanın siyasi kulislərində hətta Rusiya qazından imtina etmək kimi fikir də səsləndirilib. KTMT və Aİİ-dən çıxmaqla yanaşı, Rusiya qazından imtina isə konkret olaraq Moskva boyunduruğundan çıxaraq Qərbin xaltasını boynuna taxmaq sayılır. Paşinyanın “Vətəndaş Sazişi” fraksiyasının üzvü Qagik Melkonyan jurnalistlərə bununla bağlı bildirib ki, Ermənistan yüz yerdən təbii qaz ala bilər.

Hadisələrin inkişafını isə zaman göstərəcək. Sirr deyil ki, Ermənistan uzun illərdir Rusiyadan ucuz qiymətə və nisyə qaz alır. Əgər Rusiya kranı bağlasa, yaxınlaşan qış aylarında Ermənistandakı vəziyyəti təsəvvür etmək çətin olmayacaq.

Son olaraq, Ermənistanın İran və Hindistanla birgə uzun müddətdir ortaya atdığı və hələ doğulmamış ölən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi də erməni siyasətçilər tərəfindən nəqliyyat blokadasından çıxmaq üçün yeganə şans sayılır. Amma bir neçə ildir üzərində danışılan bu “dəhliz”ə nə İran, nə Ermənistan, nə də Hindistan pul qoymaq niyyətindədir. Çünki Hindistan və İran da gözəl anlayırlar ki, bu layihə səmərəli deyil. Bunun əsas iki səbəbi var: Birincisi, yolun keçəcəyi ərazilər oktyabr ayından may ayına qədər maşınlar üçün əlverişsiz sayılır. Ərazinin dağlıq və müntəzəm olaraq qarlı olması kifayət qədər risklidir və bu tip ərazidə yol çəkmək daha baha başa gəlir. İkincisi, tərəflər anlayırlar ki, Rusiya istənilən anda yüklərin keçməsini ləngidə bilər və Gürcüstandan keçəcək bu yol Türkiyə ərazisinə gəlib çatmalıdır. Türkiyənin isə belə bir layihəyə isti münasibət göstərəcəyi istisna edilir.

Qısası, hazırda Ermənistan iqtisadiyyatı can vermək üzrədir. Yuxarıda sadalanan faktorlar problemin günü-gündən ciddiləşməsindən xəbər verir. Mövcud vəziyyətdə Ermənistanın yeganə çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırmaq, destruktiv və sərsəm bəyanatlar səsləndirməkdən vaz keçmək, Fransanın ətəyinə sığınmamaq və sülh müqaviləsi imzalayaraq regiondakı kommunikasiyanın blokdan çıxmasını təmin etməkdir.

Yolların blokdan çıxması isə heç bir yerə çıxışı olmayan Ermənistan iqtisadiyyatı üçün əlavə gəlir yerlərinin yaranmasına, yeni iş yerlərinin açılmasına səbəb ola bilər. İşsizlik səbəbindən ölkənin getdikcə boşalması və insanların iş tapmaq üçün başda Rusiya olmaqla müxtəlif ölkələrə axınının qarşısını almaq istəyən Ermənistan üçün bu, ideal sayıla bilər. Eyni zamanda, Türkiyə tərəfi də Marqara körpüsünün açılmasına razılıq verəcək. Körpünün açılması hər iki tərəf arasında iqtisadi əlaqələrin qurulması, türk sərmayədarlar üçün yeni bazarın açılması deməkdir. Bu da öz növbəsində Ermənistan üçün yeni gəlir mənbəyi və yeni iş yerləri deməkdir. Göründüyü kimi, Ermənistanın yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir