Siyasət

“Avropadakı islamofobiya, dini dözümsüzlük, bəzi dairələrin marağına xidmət hər kəsə bəllidir” – ŞƏRH + FOTO

Sharing is caring!


“Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə Azərbaycana qarşı təzyiq cəhdlərinin davamıdır. Bu qətnamə Azərbaycanın Qarabağ ərazisində beynəlxalq hüquqa əsaslanan və suveren hüquqları çərçivəsində həyata keçirdiyi tədbirlərə qarşı yönəlib. Görünən odur ki, erməni lobbisinin, anti-azərbaycançı mərkəzlərin yuvasına çevrilmiş Avropa Parlamenti dövlətimizin Qarabağ ərazisində öz suverenliyini təmin etməsini, separatizmin kökünü kəsməsini həzm edə bilmir”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, kimin nə deməsindən asılı olmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz milli maraqlarımızı əsas tutan müstəqil siyasət həyata keçirir:

“Dövlətimizin öz ərazisində separatizmin kökünü kəsməsi niyə Avropa Parlamentini narahat etməlidir? Biz görürük ki, Avropanın özündə də separatizmə qarşı mübarizə aparılanda Avropa Parlamenti fərqli mövqe nümayiş etdirir. Beynəlxalq hüquq normaları bütün dövlətlər üçün bərabərdir. Bu təşkilatın məsələyə fərqli yanaşmaq cəhdləri yolverilməzdir. Qarabağda keçirilən antiterror zamanı ordumuz yalnız qanunsuz hərbi birləşmələri hədəfə alıb. Mülki əhaliyə və infrastruktura toxunulmayıb. Avropa Parlamenti kimi qərəzli qurumlar Azərbaycanı “etnik təmizləmə”də ittiham etməyə çalışırlar. Amma dövlətimiz öz qanuni addımları ilə həmin iddiaları ifşa edir.

Digər tərəfdən, Azərbaycanın razılığı ilə BMT missiyası bölgədə monitorinq aparıb. Missiyanın yaydığı məlumatda etnik təmizləmənin olmadığı, hökumətimizin Qarabağda səhiyyə və digər sahələrdə fəaliyyətə başladığı, heç bir mülki infrastruktura zərər dəymədiyi və s. bildirilir. Missiyanın bu obyektiv mövqeyi Avropa Parlamentini məyus edib, çünki missiya obyektiv yanaşma ortaya qoyub. Dövlətimiz reinteqrasiya prosesinə start verib, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığını qəbul etməkdə sərbəstdirlər. Dövlətimiz Konstitusiya çərçivəsində onların bütün hüquqlarının təmin olunacağını bəyan edib”.

Millət vəkilinin sözlərinə görə, əslində, bu gün Avropanın özü ciddi problemlər məngənəsindədir. Avropa Parlamenti Azərbaycanı müzakirəyə çıxarmaq əvəzinə, Avropanın üzləşdiyi problemlərə diqqət yetirsə, yaxşı olar. Bu gün Avropadakı islamofobiya, dini dözümsüzlük, müəyyən dairələrin maraqlarının və ambisiyaların həyata keçirilməsi hər kəsə bəllidir. Avropa Parlamentinin üzvləri siyasi korrupsiyaya qurşanıb, ermənilərə lobbiçilik edərək ikili standartlardan çıxış edirlər. Belə olan halda, onlar kimdənsə nəyisə tələb edə bilməzlər.

“Əgər həqiqətən, Avropa Parlamentini insan hüquqları narahat edirsə, niyə 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına səssiz qaldılar, bir milyon qaçqın, köçkünümüzün vəziyyətindən narahat olmadılar? Bütün bunlar onu göstərir ki, onları beynəlxalq hüquq, insan haqları və ədalət maraqlandırmır. Bu kimi təşkilatlar yalnız və yalnız müəyyən dairələrin tapşırıqlarını yerinə yetirərək belə bir mövqedə dayanır, belə qətnamələr qəbul edilir. Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etmək çağırışı da əhəmiyyətsizdir. Çünki ölkəmiz Avropa İttifaqı ilə fəal əməkdaşlıq edir. Bu təşkilatın doqquz üzv ölkəsi ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Bütün bunların fonunda Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə kağız parçasından başqa bir şey deyil”, – deyə Sevinc Fətəliyeva vurğulayıb.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir