Təhsil

Abşeronda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Sharing is caring!

Abşeron rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova şəhid ailələri və rayonun təhsil ocaqlarının əməkdaşları iştirak edib.

Xırdalan şəhər 3 nömrəli məktəb-liseydə baş tutan tədbirdə Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək ölkəmizdə, o cümlədən Abşeron rayonunda təhsil sahəsində görülən işlərdən ətraflı danışıb. RİH başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyev daima təhsil işçilərinə böyük diqqət və qayğı ilə yanaşıb. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Təhsil ocaqlarının maddi-texniki bazasının günü-gündən gücləndirilməsi, müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan islahatlar şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Bildirilib ki, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Qeyd edilib ki, ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da müasir standartlara uyğun məktəb binaları tikilərək sakinlərin istifadəsainə verilib və bu gün də bu istiqamətdə görülən işlər davam etdirilir. Bu ilin sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xırdalan şəhərində yeni inşa edilən 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.  Eyni zamanda ötən il Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş 2000 şagird yerlik 2 nömrəli, Masazır kəndində isə 960 şagird yerlik 6 nömrəli tam orta məktəb istifadəyə verilib.

Sonra çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru Təyyubə Hüseynova və digərləri rayonda təhsilin inkişafı sahəsində qazanılmış uğurlardan, təlimin keyfiyyətini yüksəltmək istiqamətində,  eləcə də gənclərin vətənpərvərlik ruhunda yetişmələri üçün görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıblar. Bildirilib ki, ölkə gəncliyinə aşılanan vətənpərvərlik özünü 44 günlük Vətən müharibəsində bir daha göstərdi.

Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən fəaliyyətində fərqlənən bir qrup təhsil işçisinə Fəxri Fərman və qiymətli həiyyələr təqdim olunub.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir