Siyasət

Azərbaycan diasporunun təmsilçisi Almaniya XİN başçısını dürüst danışmağa çağırıb

Sharing is caring!


Almaniyada yaşayan diaspor fəalı Asəf Əsgər beynəlxalq platformalarda ölkəmizə qarşı ədalətsiz mövqe sərgiləyən və həqiqətdən kənar iddialar səsləndirən Almaniyanın xarici işlər naziri Annalena Berboka müraciət edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Müraciətdə qeyd olunub ki, beynəlxalq hüquq normalarına və demokratik dəyərlərə əməl etmək öhdəliyi daşıyan Almaniya kimi bir ölkənin xarici siyasətinə rəhbərlik edən nazirin BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın ünvanına saxta ittihamlar və yalanlar səsləndirməsi qəbuledilməzdir.

Diaspor fəalı almaniyalı naziri Azərbaycanın inzibati bölgəsi olan Qarabağın adını düzgün ifadə etməyə və Qarabağ həqiqətlərini BMT kimi mötəbər tribunadan dünya ictimaiyyətinə dürüst şəkildə çatdırmağa çağırıb:

“Siz BMT-nin tribunasından çoxsaylı insanın qətlə yetirildiyini qeyd etdiniz. Ermənistanın baş naziri isə vəziyyətin ümumilikdə sabit olduğunu, dinc əhali arasında kütləvi qurbanlar olmasına dair xəbərlərin həqiqəti əks etdirmədiyini bildirdi. İndi biz sizə inanaq, yoxsa Ermənistanın baş nazirinə?”

Müraciətdə Avropanın və Almaniyanın 30 ilə yaxın dövrdə Ermənistan tərəfindən Azərbaycan torpaqlarında törətdiyi qəsbkar siyasətə və bəşəri cinayətə səssiz qaldığı bir daha vurğulanıb:

“Nədənsə Avropa və Almaniya heç bir milyona yaxın Azərbaycan qaçqını və öz vətənində məcburi köçkünə çevrilmiş azərbaycanlılarla maraqlanmırdı. Sizcə, həmin azərbaycanlılar arasında hamilə qadın, körpə uşaq, yaşlı insan yox idi? Siz axı Almaniyanın xarici işlər nazirisiniz və beynəlxalq hüququ yaxşı bilməlisiniz. Sizin birtərəfli, ermənipərəst çıxışınız Azərbaycan xalqı və Almaniyada yaşayan Azərbaycan icması tərəfindən haqlı olaraq narazılıqla qarşılanıb”.

O bildirib ki, erməni separatçılarının 2023-cü il 19 sentyabr tarixli mina terrorunun azərbaycanlı qurbanlarının fotolarını nazirə göndərəcək:

“Açıb baxın və Azərbaycan xalqından üzr istəyin!”

Nazirin yadına salınıb ki, xalqların öz müqəddəratını təyin etməsi prinsipi “dövlətin içində ayrı dövlət qurmaq” anlamı daşımır:

“Əgər elədirsə, gərək rəsmi Berlin çoxdan türk millətinə Almaniyada dövlət quraydı. Çünki Almaniyada türklər Qarabağda olan ermənilərdən ən azı 30 dəfə çoxdur. Almaniyanın Federal Statistik İdarəsinin məlumatına görə, Almaniyada 3,5 milyon yarımdan artıq türk yaşayır”.

Həmyerlimiz bildirib ki, sülhsevər və multikultural dəyərlərə malik Azərbaycan dövləti Qarabağdakı erməni icmasının reinteqrasiyası məqsədilə bütün qanuni addımları atır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir