Siyasət

Çirkin yalan və iftiralar ustası: Makron özünü Paşinyanın sözçüsü kimi aparır – ŞƏRH + FOTO

Sharing is caring!


Fransa Prezidenti Emmanuel Makron növbəti dəfə yalan və iftira dolu açıqlamalar verib. O, “TF-1” telekanalına müsahibəsində qatı ermənipərəst mövqe ortaya qoyub, birtərəfli formada Azərbaycanın ünvanına çirkin yalan və iftiralar səsləndirib. Ermənistan da daxil olmaqla, beynəlxalq aləmin Azərbaycanın ərazi bütövlüyünü təsdiqlədiyi halda, yenə də Qarabağda erməni sakinlərin “fiziki təzyiqlərə məruz qaldığı”nı iddia edib.

Makronun Azərbaycana qarşı çirkin iftiralarla dolu müsahibəsində səsləndirdiyi bəzi məqamlara diqqət yetirək. Məsələn, “Dağlıq Qarabağ” ifadəsi artıq mövcud olmadığı halda, yenə də bu ifadəni işlədib və iddia edib ki, “Qarabağda qəbulolunmaz cinayətlər və müharibənin şahidi olduq”. “Ermənidən artıq erməni olmaq” missiyasını öz üzərinə götürən Fransa lideri ortaya bir fakt da qoymadan Azərbaycanın əleyhinə hədyanlar səsləndirib. O, antiterror tədbirləri zamanı Azərbaycanın dinc sakinləri deyil, yalnız hərbi infrastrukturları hədəfə aldığına toxunmur. Halbuki, bu faktı bölgədə olan Rusiya sülhməramlıları belə etiraf ediblər.

Rusiya tərəfi ən yüksək səviyyədə təsdiq edib ki, Azərbaycan beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarında müharibə deyil, antiterror tədbirləri həyata keçirib. Makron rəsmi Bakını bu tədbirləri başlamağa vadar edən səbəbləri, o ərəfədə 10-a yaxın azərbaycanlının ermənilərin basdırdığı mina qurbanı olduğunu da yada salmır. Ermənistanın Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqlədiyi halda, Makron 44 günlük müharibə nəticəsində bu torpaqlarda yaşayan xristianların, erməni mənşəli əhalinin hüquqlarının pozulduğunu iddia edib. 30 il əvvəl erməni işğalı nəticəsində Azərbaycan torpaqlarının ələ keçirilməsi, işğalı təsdiq edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin olması da onun yadına düşmür. Təbii ki, o bunların hamısını çox yaxşı bilir. Sadəcə, erməni lobbisindən aldığı ianələr, yardımlar, dəstək onu bu etirafı etməyə qoymur.

Qeyd edək ki, Makron bundan əvvəl Qarabağı “mübahisəli ərazi” adlandırmaqla gülüş obyektinə çevrilmişdi. Bildirmişdi ki, bu bölgə Ermənistanın “mərkəzindədir”. Ermənistanla Azərbaycanın xəritəsini “səhv” salan Fransa lideri, təbii ki, diqqətlə baxsaydı, Qarabağın Azərbaycanın içərisində olduğunu aydın görərdi.

Makronun növbəti iftira və yalanı Qarabağın erməniəsilli sakinləri üçün humanitar yardımlarla bağlıdır. Halbuki, rəsmi Bakı bir müddətdir ki, həmin sakinlərə humanitar yardımlar göndərir. Yardımların çatdırılması Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiəti ilə həyata keçirilir. Makron müsahibəsində bunları da görməzdən gəlir.

Fransa lideri daha sonra Ermənistanın ərazi bütövlüyünə “çox diqqətli” olacaqlarından danışır. Bununla da dövlət başçısına yaraşmayan şəkildə riyakarlığa, ikiüzlülüyə yol verir. Məgər Azərbaycan Ermənistanın ərazi bütövlüyünə təhlükə yaradır? Yenə də Ermənistanın baş naziri Nikol Paşinyanın bu barədə fikirlərini onun yadına salmaq zərurəti yaranır. Ermənistanın baş naziri də bildirib ki, Qarabağda baş verənlərin Ermənistana aidiyyəti yoxdur. Ermənistan liderinin belə, Qarabağda insan hüquq və azadlıqlarının pozulduğunu bildirmədiyi halda, Fransa lideri faktları saxtalaşdırmağa çalışıb. Təbii ki, istər Ermənistandakı, istərsə də Qarabağdakı ermənilərin gələcək taleyi onu heç maraqlandırmır. Sadəcə, bölgədə Rusiya ilə nüfuz savaşı onu belə qərəzli və riyakar mövqe sərgiləməyə sövq edir. Elə müsahibəsində Rusiyanı ittiham etməsi də bundan xəbər verir. Makron bildirib ki, Rusiya Azərbaycana dəstək verir.

Əslində, Fransa liderinin erməni təəssübkeşliyinin səbəbi bəllidir. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasında iki dəfə Azərbaycanla bağlı iclasın keçirilməsinə nail olan Makronun hər iki təşəbbüsü iflas olub.

Şübhəsiz ki, bütün bunlar da onun erməni icması arasında nüfuzuna təsirsiz ötüşməyəcək. Erməni lobbisi də Makrondan Qarabağ və Ermənistan üçün nə etdiyini sorğu-sual edəcək. Ortada isə heç bir nailiyyət yoxdur. Əksinə, Azərbaycan artıq Qarabağda separatçı qurumun qalıqlarını məhv edib, ağ bayraq qaldırmalarına nail olub. Makronun da təşəbbüsləri puç olub. Onun yeganə uğuru, bəlkə də, Ermənistanda anti-Rusiya əhvali-ruhiyyənin güclənməsidir. Beləliklə, özünü sivil bir Avropa dövlətinin rəhbəri kimi yox, işğalçı ölkənin sözçüsü kimi aparmağa üstünlük verən Makron açıq şəkildə münaqişənin əsas səbəbkarının yanında yer alır, rəhbərlik etdiyi ölkənin maraqlarını da işğalçı Ermənistanın faşizm siyasətinə qurban verir.

Son olaraq qeyd edək ki, Makron BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə konkret bir nəticə əldə edə bilməyəcəyini artıq anlayır və buna görə də növbəti şouya hazırlaşır. Bu dəfə isə o, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) ölkəmizə qarşı qətnamə qəbuluna çalışacaq. Nəzərə alaq ki, AŞPA-da Azərbaycana qarşı qərəzli və ermənipərəst mövqedə olan deputatlar kifayət qədərdir. Ona görə Makron burada hansısa bəyanatın və ya sənədin qəbul olunacağına ümidlidir. Lakin məsələ burasındadır ki, məhz AŞPA vaxtilə Qarabağın Ermənistan tərəfindən işğalı faktını tanıyıb. Ümid etmək olar ki, AŞPA əvvəlki mövqeyini bir daha təkrarlayacaq, obyektiv və qərəzli mövqedən çıxış edəcək. Bununla da, Fransa Prezidentinin növbəti təşəbbüsü də iflasa uğrayacaq.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir