Siyasət

Respondetlərin yarıdan çoxu yaxın gələcəkdə Ermənistanla sülh sazişinin bağlanacağına inanır – SORĞU + FOTO

Sharing is caring!


Sosial Tədqiqatlar Mərkəzi (STM) yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına ictimai inam səviyyəsini öyrənmək məqsədilə vətəndaşlar arasında rəy sorğusu keçirib.

STM-dən verilən xəbərə görə, “Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inanırsınızmı?” sualına münasibətdə sorğu iştirakçılarının yarıdan çoxu, yəni 53,1%-i bu və ya digər dərəcədə inandığını bildirib (tam inanıram 22,1%, əsasən inanıram 31,0%).

Sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına əsasən inanmayanlar 11,0%, heç inanmadığını bildirənlər 33,1% olub. Respondentlərin 2,8%-i bu suala rəyini ifadə etməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin 2022-ci ilin müxtəlif dövrləri ilə müqayisəli təhlili vətəndaşların sülh müqaviləsinə inam səviyyəsində əhəmiyyətli fərqin olmadığını göstərib.

Ötən ilin sentyabr ayında rəy keçirilən sorğusunda respondentlərin 53,5%-i (tam inanıram 28,3 %, əsasən inanıram 25,2 %) yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inamını ifadə edib, 6,2%-i əsasən inanmadığını, 36,9%-i isə heç inanmadığını bildirib.

2022-ci ilin dekabrında ayında keçirilən sorğu nəticələrində də analoji tendensiya davam edib. Respondentlərin 55,7%-i yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inandığını qeyd edib. Sorğu iştirakçılarının 11,0%-i sülh müqaviləsinin imzalanacağına əsasən inanmadığını, 29,5%-i heç inanmadığını bildirib.

Sülhə inam səviyyəsində ayrı-ayrı dövrlər üzrə müşahidə edilən dəyişməz tendensiya Azərbaycanın sülh razılaşması ilə bağlı təqdim etdiyi prinsiplərə baxmayaraq, Ermənistanın ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsi çağırışlarından boyun qaçırmasından irəli gələ bilər. İki ölkə arasında müxtəlif vasitəçilik formatlarında aparılan görüşlərə baxmayaraq, sülh müqaviləsi hələ də imzalanmayıb.

Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 08-11 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 390 respondent iştirak edib.

Sorğuda Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonları əhatə edilib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir